Şriftin ölçüsü :

Saytın rəngi :

ƏLİ İLDIRIMOĞLU -85

09 noyabr 2012 | 16:00

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Respublikanın Əməkdar Jurnalisti, “Şöhrət” ordenli, “Qızıl Qələm” mükafatı və bir çox digər mükfatların laureatı, bütün ömrünü ümasir Azərbaycan Jurnalistikasının inkişafına həsr etmiş yazıçı-publisist Əli İldırımoğlunun anadan olmasının 85-ci ili tamam olur. Bu münasibətlə 8 noyabr 2012-ci ildə Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən təntənəli yubiley tədbiri keçirildi.
Sumqayıt şəhərindəki “28 May” mədəniyyət evinin bayramsayağı bəzədilmiş tamaşa salonunda keçirilən tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların, Azərbaycan Yazıçılar Birliyinin, ziyalıların, rayon ictimaiyyətinin nümayəndələri, tanınmış qələm sahibləri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə mədəniyyət evinin foyesində yubilyarın kitablarından ibarət olan sərgi ilə tanış oldular.
Tədbirin əsas hissəsi Əli İldırımoğlunun ömür yolunun ayrı-ayrı məqamlarını özündə əks etdirən videoçarxın nümayişi ilə başladı.
İştirakçıların alqışları altında yubilyar səhnəyə dəvət edildi.
Qubadlı rayon İcra Hakimiyyətinin Başçısı cənab Malik İsaqov tədbirdə təbrik nitqi söylədi. Yazıçı-publisist Əli İldırımoğlunun həyat və yaradıcılığından bəhs edən başçı qeyd etdi ki, Sovet Azərbaycanının bir nömrəli qəzeti olan “Kommunist” qəzetinin xüsusi müxbiri olan Əli İldırımoğlunun yazıları özünün xüsusi kəsərliliyi, mövzu aktuallığı ilə seçilirdi. Heç şübhəsiz ki, bu yazıların ərsəyə gəlməsində o zaman Azərbaycana rəhbərlik edən Ümummilli Lider Heydər Əliyevin böyük təsiri vardı. Hər yerdə haqqın, ədalətin qələbəsinə çalışan Ulu Öndərin keçirdiyi tədbirlərdə iştirak edən jurnalist bu görüşlərdən çox şey əxz edirdi. Bu gün də Əli İldırımoğlunun əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilir. “Şöhrət” ordenli “Əməkdar jurnalist” yüksək yaradıcılıq coşqusu ilə gəncliyə nümunədir.
Sonra başçı yubilyara Qubadlı rayonunun xəritəsinin, Qubadlı mənzərələrinin əks olunduğu foto-albom təqdim edərək bildirdi ki, Əli İldırımoğlunu tanıyanlar, onun yaradıcılığı ilə tanış olanlar təsdiq edər ki, bu böyük insan üçün Qubadlı qədər əziz, doğma olan diyar yoxdur və biz də düşündük ki, ona ən qiymətli hədiyyə də Qubadlı torpağının təsvirləri ola bilər.
Yubiley tədbirində Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bəstixanım Əlibəyli, filologiya elmləri doktoru Qurban Bayramov, Milli Məclisin üzvü İmamverdi İsmayılov, Qubadlı rayonu Mahmudlu kənd tam orta məktəbin müəllimi Səadət Xanlarova, yubilyarın həmkəndlisi Maşallah İbrahimov, yazıçı- publisist Mahirə Abdulla çıxış edərək Əli İldırımoğlunun həyat və yaradıcılıq məziyyətləri, şəxsi keyfiyyətləri haqqında danışdılar. Ölkəmizdə yaradıcı insanların, ziyalıların əməyinə verilən qiymətdən, onlara göstərilən diqqət və qayğıdan minnətdarlıqla bəhs edərək belə tədbirin təşkili üçün Qubadlı rayon İcra Hakimiyyətinə razılıqlarını bildirdilər.
Respublikanın tanınmış xanəndə və müğənnilərinin ifasında rəngarəng musiqi proqramı ilə müşayiət olunan tədbirin sonunda yubilyar özü çıxış edərək yaradıcılığına verilən yüksək qiymət, bugünkü tədbirin təşkili üçün dövlətə və təşkilatçılara minnətdarlığını bildirdi. Belə əlamətdar bir gündə öz həmyerlilərinin arasında olmağından məmnun olduğunu qeyd etdi.
 

Keçidlər