Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Əlillər Günü qeyd olunmuşdur

04 dekabr 2012 | 16:00

3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə Qubadlı rayonunda tədbir keçirilmişdir. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin binasında təşkil olunan tədbirdə əlillərin, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Qubadlı rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP rayon təşkilatının sədri A. Haxverdiyev tədbiri açaraq bildirdi ki, 3 dekabrın Beynəlxalq Əlillər Günü kimi qeyd edilməsi barədə qərar 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilib. Hər il 3 dekabr tarixində BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər təşkil olunur. Azərbaycan dövləti tərəfindən əlillərə göstərilən qayğı və diqqətdən bəhs edən çıxışçı qeyd etdi ki, ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının təkmilləşdirilməsi və etibarlı müdafiəsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi ilə bağlı tədbirlər ilbəil güclənir.
Əlilliyin qarşısının alınması, onların reabilitasiyası, sosial müdafiələrinin gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması, pulsuz müalicə olunmaları, özlərini cəmiyyətin tam hüquqlu üzvü kimi hiss etmələri, müvafiq işlə təmin olunmaları istiqamətində çoxlu sayda dövlət proqramlarının hazırlanaraq həyata keçirildiyini deyən A. Haxverdiyev Qubadlı rayonunda da bu kateqoriyadan olan insanlara xüsusi diqqət göstərildiyini bildirdi.
Qubadlı rayon ƏSMM-in direktoru F. Nərimanov çıxışında məlumat verdi ki, bu gün rayonumuzda 4 mindən yuxarı əlil var. Onlardan 300-ə qədəri 18 yaşadək olanlardır. Rayonda əlillərə göstərilən qayğı və diqqətin razılıqla qarşılandığını bildirən F. Nərimanov dedi ki, icra hakimiyyətinin, onun yerli strukturlarının, idarə, müəssilərin nümayəndələri vaxtaşırı olaraq onların ailələrinə baş çəkir, problemlərini öyrənirlər, bir qayda olaraq bütün əlamətdar bayramlarda əlillərə bayram sovqatları verilir.
Tədbirdə çıxış edən əlillərin nümayəndələri onlara göstərilən diqqətə görə dövlət başçısı İlham Əliyev cənablarına, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqova minnətdarlıqlarını bildirdilər.
Əlillər Günü münasibətilə bir qrup əlilə pul yardımı edildi.
 

Keçidlər