Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayon İcra Hakimiyyəti Başçısının Hal kənd ərazi dairəsi üzrə nümayəndəliyin 2012-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı olmuşdur.

29 yanvar 2013 | 16:00

Hesabat məruzəsi ilə çıxış edən nümayəndə Əliheydər Məmmədov qeyd etmişdir ki, yola saldığımız 2012-ci il bütün sahələr üzrə ölkəmiz üçün uğurlu il kimi yadda qalmışdır. Azərbaycanın iqtisadi və sosial inkişaf sahəsində dinamik inkişafı ötən il də davam etdirilmişdir. İri həcmli layihələr həyata keçirilmişdir. Azərbaycan indi nəhəng quruculuq və abadlıq meydanını xatırladır. Ölkəmizin iqtisadi qüdrəti artdıqca müdafiə qüdrətinin və hərbi potensialının artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
Beynəlxalq aləmdə ölkəmizin nüfuzu durmadan yüksəlməkdədir. Ölkə başçısının apardığı sosial yönümlü siyasət nəticəsində əhalinin həyat səviyyəsi yüksəlmiş, maddi rifah halı yaxşılaşmış, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür.
Məruzəçi bildirmişdir ki, qaçqın və məcburi köçkünlərin problemlərini özünün bir nömrəli problemi elan edən Ulu öndər Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev də qaçqın və məcburi köçkünlərə daim diqqət və qayğı göstərir, onların problemlərinin həllinə çalışır. Son bir neçə ildə qaçqın və məcburi köçkünlər üçün müasir tipli, hər cür şəraiti olan yeni qəsəbələr salınaraq, məcburi köçkünlərin istifadəsinə verilmişdir.
Ə. Məmmədov bu istiqamətdə ötən il ərzində Qubadlı rayonunda da xeyli işlərin görüldüyünü bildirərək demişdir ki, 2012-ci il ərzində rayonda məcburi köçkünlərin kommunal-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Xüsusi qeyd edilmişdir ki, Sumqayıt şəhəri 26-cı məhəllədə yerləşən “Şəfa” sanatoriayasının I və II mərtəbələrinın bütün ümumistifadə sahələri əsaslı təmir edilərək məcburi köçkünlərin istifadəsinə verilmiş və 54 ailənin mənzillə təmin olunmaqla yaşayış şəraiti yaxşılaşdırılmışdır. Sanatoriyanın yeməkxana hissəsində yenidənqurma və əsaslı təmir işləri aparılmış, lazımi mətbəx avadanlıqları quraşdırılmış, yas mərasimləri, digər tədbirlərin keçirilməsi üçün stol, stullar, mətbəx qab-qacaq dəstləri alınmışdır. Mərasim zalına bitişik 200 kvadratmetrlik 2-ci zalda da əsaslı təmir işləri başa çatdırılmışdır. Bu işlər bütövlükdə rayon əhaisi tərəfindən minnətdarlıqla qarşılanmışdır.
Məruzədə daha sonra məcburi köçkünlərin məskunlaşdığı ayrı-ayrı obyektlərdə aparılan təmir və abadlıq işlərindən bəhs olunmuşdur. Bildirilmişdir ki, ötən il məcburi köçkünlərin məskunlaşdığı yerlərdə 10 min kvadratmetrə qədər dam örtüyü əsaslı təmir olunmuşdur ki, bu işlərdən Hal kənd ərazi dairəsinin sakinləri də bəhrələnmişlər.
Nümayəndəliyə daxil olan M. Əliyev adına Hal kənd tam orta məktəbində dam örtüyünün əsaslı təmir olunması, yeni sanitar qovşağın istifadəyə verilməsi, Ə. Əliyev adına Qəzyan kənd tam orta məktəbin həyətinə isə 650 m² asfalt örtüyün döşənməsi sakinlər tərəfindən razılıqla qarşılanmışdır. Hazırda həmin məktəblərdə 468 şagirdin təlim tərbiyəsi ilə 57 müəllim məşğul olur.
Rayon İcra Hakimiyyəti başçısının yerlərdə səyyar qəbullarının keçirilməsi artıq ənənə halını almışdır. Bu qəbullar zamanı əhali tərəfindən qaldırılan məsələlər yerindəcə operativ həll edilir.
Məlumat verilmişdir ki, Hal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Hal, Qəzyan, Məmər, Mollalı və Ballıqaya kəndlərini əhatə edir. Nümayəndəlik üzrə ümumi təsərrüfatın sayı 393, əhalinin sayı isə 1676 nəfərdir. Bu da rayon əhalisinin 4,8 faizini təşkil edir. İl ərzində 28 doğum olmuş, 7 nəfər vəfat etmişdir. Boşanma faktı olmamış, 15 yeni ailə qurulmuşdur.
Əhalinin 1016 nəfəri Sumqayıt şəhərində, 618 nəfəri Bakı şəhərində, 42 nəfəri isə müxtəlif rayonlarında məskunlaşmışdır.
Hal kənd inzibati ərazi dairəsi üzrə 6 şəhid ailəsi, 1 nəfər BVM-i iştirakçısı, 21 nəfər Qarabağ əlili və 16 nəfər tənha-ahıllardır. Hesabat ilində aztəminatlı ailələr, şəhid ailələri diqqətdə saxlanılmış, onlara il ərzində rayon İcra Hakimiyyəti tərəfindən müntəzəm olaraq ərzaq yardımı, aztəminatlı ailələrə “Qurban bayramı” münasibətilə qurban payı verilmişdir. Bundan əlavə İcra hakimiyyəti tərəfindən 3 aztəminatlı ailəyə yas mərasiminin keçirilməsi üçün 300 manat, müalicə üçün isə 3 nəfərə 200 manat məbləğində pul köməklik göstərilmişdir.
Yaxşı haldır ki, hesabat ilində nümayəndəlik üzrə cinayət məsuliyyətinə cəlb olunan, 1 yaşa qədər uşaq ölümü, əlil doğulan uşaq, qanunsuz nigah, qanunsuz nigahdan doğulan üşaqlar olmamışdır. Gənclər arasında ordudan yayınma halı yoxdur.
Məruzəçi daha sonra bildirdi ki, bütün qazanılan nailiyyətlər xalqımız və əhalimiz tətəfindən birmənalı olaraq Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsi kimi dəyərləndirilir. Bu siyasətin alternativinin olmaması həyat həqiqətinə çevrilmişdir. Əhalimiz Möhtərəm Prezidentimizin siyasətini dəstəkləyir. Əminik ki, bütün problemlərimizin həlli yolu bu siyasətdən keçir.
Yığıncaqda çıxış edən nümayəndəliyin sakinləri ölkədə və rayonda aparılan işlərdən qürur duyduqlarını bildirdilər.
Yığıncaqda Qubadlı rayon İcra Hakimiyyətinin Başçısı Malik İsaqov geniş nitq söyləmişdir. Qeyd etmişdir ki, belə tədbirlər – xalqla birbaşa ünsiyyət, ictimai rəyin öyrənilməsi, fəaliyyətin aşkarlığı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərlik üslubundan irəli gəlir.
Başçı bildirdi ki, keçən ildə respublikamızın regional və qlobal əhəmiyyəti daha da artmış, xalqımızın sosial rifah halı daha da yüksəlmişdir. Dünya iqtisadiyyatında böhranın davam etməsinə rəğmən Azərbaycanın Dünya İqtisadi Forumunun rəqabətlilik reytinqinə görə 9 pillə irəliləyərək dünyanın 50 ən rəqabət qabiliyyətli iqtisadiyyatı sırasına daxil olması və MDB məkanında liderliyini möhkəmləndirməsi Prezident İlham Əliyevin apardığı iqtisadi siyasət kursunun uğurudur.
Yola saldığımız ildə Azərbaycan Respublikası ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasında təmsil olunmaqla dünyanın siyasi olimpinə yüksəldi və qlobal güclərlə birlikdə planetimizdəki əsas çağırışlara cavab verdi.
Azərbaycan dövləti dünyada və Avropada çox böyük əhəmiyyəti olan beynəlxalq tədbirlərdə iştirak etmiş, eyni zamanda bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmişdir.
İdman ili olan 2012-ci ildə Azərbaycanın beynəlxalq əhəmiyyəti bu sahədə də artmışdır. Olimpiya Yığmamız XXX London Yay Olimpiya Oyunlarını uğurla başa vurmaqla ölkəmizin idman dövləti statusunu daha da gücləndirdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyinə olan beynəlxalq dəstək artmaqdadır.
2012-ci il minlərlə məcburi köçkün ailəsinin yaşayış şəraitinin yaxşılaşdırılması ilə də yadda qalmışdır. Ölkəmizdə məcburi köçkünlər üçün 8 yeni qəsəbə salınmış, 20 min məcburi köşkün mənzillə təmin olunmuşdur.
Başçı daha sonra bildirdi ki, bu inkişaf rayonumuzun nümunəsində də real əks olunur. 2012-ci ildə rayonumuzda əhalinin mənzil-məişət problemlərinin həlli, idarə, müəssisə və təşkilatların maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər davam etdirilmişdir. 2012-ci il ərzində əhalinin məskunlaşdığı 40-a qədər obyekdə müvafiq təmir işləri aparılmışdır. 20-yə qədər ailənin məskunlaşdığı fərdi mənzillərdə zəruri təmir işlərinin aparılmasına köməklik edilmişdir. 4000 kvadratmetrə qədər sahəyə asfalt çəkilmişdir. 3 məktəbdə müasir istilik sistemi quraşdırılmışdır. Bunlar görülən işlərin bir qismidir.
Yola saldığımız il rayon gənclərinin təhsil, idman, mədəniyyət sahəsində uğurları ilə əlamətdar olmuşdur. Məktəblərimizi bitirərək ali məktəblərə qəbul imtahanlarında iştirak edənlərin 46 faizi tələbə adını qazanmışdır. İdmançılarımız müxtəlif beynəlxalq idman yarışlarında iştirak edərək 40-dan çox medal qazanmışlar.
Xalqımız, eləcə də rayonumuzun əhalisi bütün bu uğurları ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik srategiyasından qaynaqlanan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bacarıq və qətiyyətlə, yeni tarixi şəraitə uyğun yaradıcılıqla həyata keçirilən daxili və xarici siyasətin nəticəsi kimi minnətdarlıqla dəyərlndirir. Bu siyasətin alternativi olmadığını əminliklə bildirirlər.
 

Keçidlər