Şriftin ölçüsü :

Saytın rəngi :

29 yanvar 2013-cü il tarixdə AMEA Rəyasət Heyətində görkəmli geoloq alim, geologiya-mineralogiya elmləri doktoru, professor, SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü Əli Ağamalı oğlu Əmiraslanovun xatirəsinə həsr olunmuş tədbir keçirildi.

30 yanvar 2013 | 16:00

Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Mahmud Kərimov alimin şərəfli həyat yolundan və elmi fəaliyyətindən söz açdı. O bildirdi ki, Azərbaycanın elm tarixində silinməz izlər qoymuş Əli Əmiraslanov həyatının çox hissəsini geologiya elminin inkişafına, o cümlədən əlvan, nadir və nəcib metalların xammal bazasının yaradılması işinə həsr etmiş, tədqiqatları ilə dünya elm xəzinəsinə töhfələr vermişdir.
Sonra alimin həyat və yaradıcılığından bəhs edən “Kremlin müşaviri” sənədli filmi nümayiş etdirildi.
Tədbirdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi akademik Arif İsmayılzadə görkəmli alimin həyatı, elmi və təşkilatçılıq fəaliyətindən bəhs edən məruzə ilə çıxış etdi.
Bildirildi ki, Əli Əmiraslanov 1900-cu il dekabrın 22-də Zəngəzur qəzasının indiki Qubadlı rayonunun Balahəsənli kəndində anadan olmuş, ilk təhsilini əvvəlcə kənd, sonra Şamaxı realnı məktəbində almışdır. 1925-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı vəzifəsində çalışmış, həmin ilin sonunda Respublika Xalq Təsərrüfatının Ali Şurasına şöbə müdiri təyin olunmuşdur. Ə.Əmiraslanov işləyə-işləyə hazırlıq kursunda oxumuş və Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olmuşdur. 1926-cı ilin payızında köçürmə yolu ilə Moskva Dağ-Mədən Akademiyasının geoloji-kəşfiyyat fakültəsinə qəbul edilmişdir. 1930-cu ildə təhsilini uğurla başa vurub mühəndis-geoloq ixtisasına yiyələnmişdir.
Qeyd edildi ki, 1930-cu ildə Moskva Geoloji Kəşfiyyat İnstitutunun təşkilində fəal iştirak etmiş və orada böyük elmi işçi kimi fəaliyyətə başlamış, 1936-cı ilədək Şərqi Qazaxıstan, Ural, Zabaykalye, Orta Asiya, Şimali və Cənubi Qafqazda dəyərli metalların axtarışını aparmışdır. Ə.Əmiraslanov, eləcə də Gədəbəyin, Qərbi Azərbaycan torpaqları olan Qafan və Qacaranın mis yataqlarının tədqiqini daim diqqət mərkəzində saxlamış və Cənubi Azərbaycan torpaqlarında da axtarışlar aparmışdır. 1937-ci ildə alim Beynəlxalq geoloji konqresin çağırılması və Moskvada keçirilməsi ilə bağlı təşkilat komitəsinə dəvət edilmişdir. O, XVII Beynəlxalq geoloji konqresin elmi katibi və rəyasət heyətinin üzvü təyin olunmuşdur. 1938-ci ildə Elmi-Tədqiqat Qızılın Geoloji Kəşfiyyatı İnstitutuna elmi işlər üzrə direktor müavini göndərilmiş, 1939-cu ilin avqust ayında əlvan metallurgiya xalq komissarının əmri ilə həmin komissarlığın Baş Geologiya İdarəsi rəisinin birinci müavini - baş mühəndisi təyin edilmiş, 1947-ci ilədək bu məsul vəzifədə uğurla çalışmışdır. Bilavasitə onun iştirakı ilə yeddi sənaye əhəmiyyətli əlvan metal yatağı kəşf edilmiş və istismara verilmişdir.
Ə. Əmiraslanov tutduğu yüksək vəzifələrdən asılı olmayaraq daim elmi-tədqiqat işləri aparmışdır. 1937-ci ildə Uralın mis-kolçedan yataqlarının geologiyası sahəsindəki orijinal elmi əsərə, yəni yataqların mineraloji xarakteristikasının ətraflı tədqiqinə görə geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsini almışdır. Mis yataqlarının geologiyası və mineralogiyasına, mis filizinin genetik tiplərinə və SSRİ ərazisində perspektivin dəyərləndirilməsinə həsr etdiyi monoqrafiyasında Ə. Əmiraslanov ittifaq miqyasında əldə edilmiş faktiki materialları araşdırmış, hətta xarici ölkələrin mis yataqları ilə müqayisələr aparmışdı. Həmin monoqrafiyada mis filizi yataqlarının geoloji-iqtisadi təsnifatı əhatəli şəkildə, geniş miqyasda verilmiş, mis axtarışı və kəşfiyyatı üzrə başlıca istiqamətlər düzgün seçilmişdir. Məhz bu sanballı monoqrafiyanın əsasında o, doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Ə.Əmiraslanov həmin ixtisas üzrə professor elmi adına da layiq görülmüşdür. Geologiya-mineralogiya elminin inkişafında, eləcə də gənc geoloqlar nəslinin yetişməsində xüsusi xidmətləri nəzərə alınaraq, 1953-cü ildə professor Ə.Əmiraslanov SSRİ Elmlər Akademiyasına (EA) müxbir üzv seçilmişdir. O, SSRİ EA-ya müxbir üzv seçilmiş ilk azərbaycanlı olmuşdur. Alim ömrünün sonunadək elmi axtarışlarını davam etdirmiş, irihəcmli əsərlər qələmə almışdır. İstedadlı alim, vətənpərvər, xeyirxah insan Əli Əmiraslanov ömrünün 62-ci baharında dünyasını dəyişmişdir.
Tədbirdə çıxış edən akademik Akif Əlizadə, AMEA-nın müxbir üzvü Vasif Babazadə, Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetov, professor Şirindil Alışanlı alim haqqında xatirələrini və eşitdiklərini danışaraq, Əli Əmiraslanovu təkcə böyük alim deyil, həm də böyük insan kimi xarakterizə etdilər.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov tədbirdə çıxış edərək görkəmli elm xadimi, SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü Əli Əmiraslanovun xatirəsini əziz tutanların hamısına Qubadlı rayon ictimaiyyəti adından minnətdarlığını bildirdi. Qeyd qeyd etdi ki, XX əsrin başlanğıcında - 1900-cü ildə Qubadlının əzəmətli dağlar, sərt qayalar qoynunda yerləşən Balahəsənli kəndində anadan olmuş Əli Əmiraslanov erkən yaşlarında valideynlərini itirmiş, nənəsinin himayəsində yaşamışdır. İbtidai təhsilini Qubadlıda, bünövrəsi 130 il əvvəl qoyulmuş rus-tatar məktəbində almışdır, o məktəbdə ki, Respublikada ilk dünyəvi məktəblərdəndir və Möhtərəm Prezident İlham Əliyevin Sərəncamı və xeyr-duası ilə 125 illiyi təntənə ilə qeyd edilmişdir.
Əli Əmiraslanovun sonrakı təhsili və tərbiyəsi Şamaxıda yaşayan hörmət, izzət sahibi, Zəngəzurun, Qubadlının ən nüfuzlu, əsilli-köklü bəy nəslinin-Sultanovların nümayəndəsi olan əmisi Yusif ağanın himayəsi altında olmuşdur. Şamaxı şəhər idarəsində yüksək vəzifə tutan Yusif ağanın Əli Əmiraslanovun və həmin nəslin digər tanınmış nümayəndəsi Möhbalı Əmiraslanovun həyatında, təhsil almasında və bir şəxsiyyət kimi formalaşmasında böyük rolu vardır.
Başçı təəssüflə bildirdi ki, xalqımıza Əli Əmiraslanov, Möhbalı Əmiraslanov, Baxış Sultanov, Məmmədəmin Əfəndiyev, İsmayıl Veyisov kimi şəxsiyyətlər, elm adamları bəxş edən kiçik dağ kəndi və onun əhalisi yenidən 1988-1993-cü illərdə mənfur erməni qəsbkarlarının hücumlarına məruz qalmışdır və 20 ilə yaxındır işğal altındadır. Bu kəndin 18 ailəlik 68 sakini də məcburi köçkün həyatı yaşamaqdadır.
Çıxışına davam edən başçı bu şərəfli ömrün ayrı-ayrı məqamlarını, Əli Əmiraslanov şəxsiyyətinin böyüklüyünü müasir gəncliyə çatdıran “İnsan və onun zamanı”(atam haqqında xatirələr) kitabını böyük alim, bacarıqlı təşkilatçı öz zəngin bilik və bacarığı sayəsində İttifaq dövlətinin rəhbəri İ.V.Stalinin müşaviri pilləsinədək yüksələn həmyerlimizin unudulmaz xatirəsinə bir ərmağan, gəncliyimiz üçün həyat dərsliyi adlandırdı. Bu dəyərli kitaba görə Elvira xanım Araslıya qubadlılar adından təşəkkür və minnətdarlığını çatdırıdı.
M. İsaqov Azərbaycanda elm, mədəniyyət xadimlərinə, həyatını bütünlüklə xalq işinə həsr edən ziyalılara, dövlət və ictimai xadimlərə sayğı göstərilməsindən söz açaraq qeyd etdi ki, bu ənənə Ulu Öndər Heydər Əliyevdən gəlir. Bu bir həqiqətdir ki, hər hansı xalq, hər hansı cəmiyyət o vaxt xoşbəxtdir ki, onun milli dəyərlərinin, milli dəyərləri yaradan insanların qədir-qiyməti bilinsin. Ölkənin beynəlxalq nüfuzunu, hərtərəfli inkişafını təmin edən lideri, dövlət başçısı olsun. Fəxr edirik ki, Azərbaycanı gələcəyə inamla aparan, milli dəyərlərimizi həmişə uca tutan ölkə başçımız, Prezidentimiz var. Bu cür tədbirlərin keçirilməsi də milli dəyərlərimizə, elmə, elm adamlarına, vaxtilə xalqa sədaqətlə xidmət etmiş şəxsiyyətlərə verilən qiymətin bariz nümunəsidir. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev Əliyev cənablarına rayonumuzun bütün ictimaiyyətinin, Əli Əmiraslanovun bütün həmyerlilərinin sonsuz minnətdarlığını bildirirəm.
M. İsaqov çıxışına davam edərək bildirdi ki, Azərbaycan xalqının tarixi-mədəni irsinin öyrənilməsində, onun dünyaya tanıdılmasında xalqımızın dərin köklərə malik mədəniyyətinin təbliğində Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu, onun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı Səfiri, Millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva əvəzsiz xidmətlər göstərir. Onun Həcər cəsarəti, Sara Xatun diplomatiyası, Xurşudbanu Natəvan xeyriyyəçiliyindən gələn ənənələri müasir dövrümüzdə bacarıq və səriştə ilə davam etdirməsi həm də beynəlxalq aləmdə Azərbaycan qadınının, Azərbaycan xanımının obrazını canlandırır.
Sonda mərhum alimin ailəsi adından çıxış edən diplomat Elman Araslı Ə.Əmiraslanovun xatirəsinə göstərilən hörmət və ehtirama görə ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
 

Keçidlər