Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayon İcra Hakimiyyətində gənclərlə görüş

03 fevral 2013 | 16:00

2 fevral 2013-cü il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun rayon gəncləri ilə görüşü olmuşdur. Görüşdə gənclərin müxtəlif təbəqələrinin - tələbələrin, idmançıların, dövlət və özəl sektorda işləyən, əlil, şəhid ailəsinin üzvü olan gənclərin, işsiz gənclərin nümayəndələri iştirak edirdilər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçıcı Malik İsaqov geniş nitq söylədi. Bildirdi ki, Azərbaycan bu gün dünya ölkələri içərisində iqtisadi- sosial inkişafına, siyasi sabitliyə və dünya ölkələri arasındakı nüfuzuna görə önəmli yer tutur. Bu gün Azərbaycanın səsi dünyanın beynəlxalq təşkilatlarında eşidilir, beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bunlar isə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin nəticəsidir. Ulu Öndərin siyasi fəaliyyətində əsas önəmli yerlərdən birini də gəncliyə diqqət və qayğı tuturdu. Həm Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə, həm də müstəqil Azərbaycana rəhbərliyi illərində Ulu öndər gəncliyin milli dəyərlərə hörmət və ehtiram ruhunda tərbiyə olunması, onların savadlı və bilikli olması, gənclərdə sağlam və fəal həyat tərzinin formalaşdırılması üçün genişmiqyaslı işlər, tədbirlər həyata keçirmişdir. Azərbaycanda Gənclər günün təsis edilməsi, Azərbaycan Respublikası gənclərinin forumunun keçirilməsi və s. məhz Heydər Əliyevin adı ilə bağlıdır.
M. İsaqov vurğuladı ki, hal-hazırda bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Bu gün Azərbaycan gənci özünü xoşbəxt hesab edir ona görə ki, ona özünü göstərməsi üçün bütün imkanlar yaradılmışdır. Bu diqqət və qayğının nəticəsidir ki, indi Azərbaycan gəncinin səsi dünyanın ən qabaqcıl elm və təhsil ocaqlarından gəlir, gənclərimiz dünyanın beynəlxalq idman, mədəniyyət tədbirlərində xalqımızı, dövlətimizi layiqincə təmsil edirlər. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir. Gənclərin maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının təzahürü olaraq, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi xüsusi diqqətə layiqdir. "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında" Prezident fərmanları bu istiqmətdə görülən mühüm tədbirlərdəndir.
Rayon İcra Hakimiyyətinin başçısı gənclərə qayğının rayon rəhbərliyinin fəaliyyətində də önəmli yer tutduğunu bildirdi. Gənclərə dövlətə, dövlətçiliyə sadiq olmalarına, Azərbaycanın layiqli vətəndaşı kimi fərqlənmələrinə, həmçinin peşə seçimində dövrün tələblərinə cavab verən ixtisasları seçmələrinə dair tövsiyyələrini çatdırdı. Onları işgüzar olmağa səslədi. Burada irəli sürülən təkliflərin nəzərə alınacağını bildirdi.
Tədbirdə çıxış edən rayon Gənclər və idman idarəsinin rəisi Natiq Abbasov Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısının gənclərimiz tərəfindən minnətdarlıqla qarşılandığını qeyd etdi. Qubadlı rayon gənclərinin də bu qayğıdan bəhrələndiyini, rayon rəhbərliyinin gənclərə xüsusi diqqət göstərməsinin razılıq doğurduğunu bildirərək gənclərin bu qayğı və diqqətə çalışdıqları sahədə qazandıqları nailiyyətləri ilə cavab verdiyini vurğuladı. Məlumat verildi ki, təkcə keçən 2012-ci ildə rayonumuzu təmsil edən idmançılar respublika birincilikləri və turnirlərində 48, Avropa çempionatlarında 5, dünya çempionatlarında 5 medal qazanmışlar. Rayon məktəblərinin məzunları sırasından 150-dən artıq gənc keçən il ali məktəb tələbəsi adını qazanmışdır. Hazırda respublikanın ali təhsil müəssisələrində 600-dən artıq qubadlılı gənc təhsil alır. 20-dən artıq gəncimiz xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində elmin sirlərinə yiyələnirlər.
Görüşdə Azərbaycan Milli Aviasiya Akademiyasının tələbəsi, Azərbaycanın Milli Qəhrəmanı Kərəm Mirzəyevin övladı Cahandar Ərşadlı, rayonun R. Əlirzayev adına Xocahan kənd tam orta məktəbin direktoru Fuad Bədəlov, “Qubadlı” idman klubunun baş məşqçisi Rəhim Abasəliyev, Qubadlı rayon B. Əsgərov adına Xələc kənd tam orta məktəbin müəllimi Lamiyə Səfərova, rayon icra hakimiyyəti başçısının Sarıyataq kənd ərazi dairəsi üzrə nümayəndəsinin müavini Xəyyam İsrafilov, YAP Qubadlı rayon təşkilatı Gənclər birliyinin sədri Aqil Quliyev və başqaları çıxış etdilər. Təkliflər irəli sürdülər. Çıxışlarda yekdil fikir ifadə olundu ki, Azərbaycanda aparılan siyasətin alternativi yoxdur. Məcburi köçkünlüyün yaratdığı bir çox çətinliklərə baxmayaraq Qubadlı rayon gəncləri hər zaman olduğu kimi, bu gün də, gələcəkdə də bu siyasəti birmənalı olaraq müdafiə edirlər və edəcəklər.
Çıxışlarda razılıqla vurğulandı ki, dövlətimizin gənclər siyasəti Qubadlı rayonunda da yüksək səviyyədə həyata keçirilir. Gənclərə bütün sahələrdə etimad göstərilərək irəli çəkilməsi, gənc nəslin biliklərə yiyələnməsi üçün təhsil müəssisələrinin maddi –texniki bazasının yaxşılaşdırılması yönündə tədbirlər buna dəlalət edir. Gənclərin çıxışında xüsusi olaraq qeyd edildi ki, bu gün Azərbaycanda yaranmış sabitliyi pozmağa, əldə olunmuş inkişafı əngəlləməyə cəhd edən müəyyən dairələr var. Belə cəhdləri qətiyyətlə pisləyən rayon gəncləri bəyan etdilər ki, bu cür bədniyyətli insanlar öz qarşılarında Azərbaycanın sağlam gəncliyini, o sırada ilk yerlərdə dayanan Qubadlı gənclərini görəcəklər.
Böyük diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova öz minnətdarlıqlarını bildirən gənclər əmin etdilər ki, hər biri Prezident İlham Əliyev cənablarının siyasətini dəstəkləyirlər və onlar göstərilən etimadı doğrultmaq üçün səylə çalışacaqlar.
İşgüzar və səmimi şəraitdə keçən görüşdə iştirak edən gənclərin çoxsaylı təklifləri dinlənildi, sualları cavablandırıldı.
 

Keçidlər