Fevralın 8-də Qubadlı Rayon Ağsaqqallar Şurasının konfransı keçirilmişdir.
Şuranın, eləcə də Təftiş komissiyasının hesabatları dinlənildikdən sonra məruzələr ətrafında çıxışlar oldu.
İştirakçılardan Azad Hacıyev, Müslüm Piriyev, Çimnaz Kərimova, Süleyman Rüstəmov, Ərşad Mirzəyev, Əyyub Bədəlov, İsgəndər Məmmədov və başqaları çıxış etdilər. Məruzə və çıxışlarda bildirildi ki, son illər ərzində ölkəmizdə Ulu öndər Heydər Əliyevin ideyaları öz müsbət təcəssümünü tapmış, onun hazırladığı müdrik strategiyanın Möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurlu və yaradıcı surətdə həyata keçirilməsi sayəsində dünyanın böhran içində çalxalandığı bir dövrdə Respublikamız iqtisadi, sosial və mədəni sahələrdə nailiyyətlərə imza atmışdır. İqtisadiyyatda dinamik inkişaf təmin olunmuş, əhalinin güzəranı və sosial təminatı yaxşılaşmışdır. Bu uğurlar yalnız ölkə daxilində qapanıb qalmamış, Azərbaycan nüfuzlu bir dövlətə, beynəlxalq aləmdə sivil bir cəmiyyət kimi tanınan ölkəyə çevrilmişdir.
Razılıqla qeyd edilmişdir ki, Milli mənəvi dəyərlərimizin bütün dünyaya tanıtdırılmasında, Heydər Əliyev Fondun Prezidenti UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində milli mədəniyyətimizin və incəsənətimizin təbliği sahəsində mühüm nailiyyətlər qazanılmışdır.
Bildirilmişdir ki, iyirmi ilə yaxın məcburi köçkünlük həyatı yaşayan Qubadlı rayonunun əhalisi məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində İlham Əliyev cənablarının həyata keçirdiyi siyasəti razılıq və minnətdarlıq hissi ilə qarşılayır. Məhz bu siyasətin sayəsində Qarabağ problemi ədalətli həllini tapacaq, torpaqlarımız işğaldan azad ediləcəkdir. Möhtərəm İlham Əliyev cənablarının diqqət və qayğısı, həyata keçirdiyi nəhəng tədbirlər və Dövlət Proqramları sayəsində çadır şəhərciklərinin ləğv edilməsi, ağır şəraitdə yaşayan minlərlə ailənin yeni salınmış qəsəbə və şəhərciklərdə abad və müasir tələblərə cavab verən mənzillərdə yerləşdirilməsi göstərilən qayğının parlaq təzahürüdür.
Konfransda çıxış edən ağsaqqallar Azərbaycan dövlətçiliyinə zərbə vurmaq istəyən müxalifət meylli bir qrup insanların qeyri-qanuni hərəkətlərini qətiyyətlə pisləmişlər. Ağsaqqallar bir daha şəhid vermək, çörək növbəsinə dayanmaq istəmədiklərini, sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiklərini bildirmişlər. Həmçinin, erməni dəyirmanına su tökən Əkrəm Əylislinin Azərbaycana ləkə olduğunu, onun və digər onun kimilərin gündən-günə çiçəklənən doğma vətənimizdə yaşamağa mənəvi haqları olmadıqlarını vurğulamışlar.
Ağsaqqallar 2013-cü ildə Heydər Əliyevin 90 illik yubiley tədbirlərində və bu il ölkəmizdə keçiriləcək növbəti Prezident seçkilərində fəal iştirak edəcəklərini bəyan etmişlər.
Ağsaqqallar Çurasının konfransda Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov geniş nitq söyləmişdir. Başçı respublikada və rayonda görülən işlərdən bəhs edərək qeyd etmişdir ki, Azərbaycan dövlətinin düşünülmüş iqtisadi siyasəti artıq öz gözəl nəticələrini verməkdədir. Artıq neçə illərdir ki, ölkəmiz dinamik inkişaf yolu ilə inamla irəliləyir. Təkcə keçən 2012-ci ilin nəticələrinə nəzər salmaqla uğurlarımızın miqyası haqqında aydın təsəvvür əldə etmək olar. Bütün iqtisadi göstəricilər yüksək səviyyədədir. Ümumi daxili məhsul 2,2 faiz artmışdır ki, bu da əslində inkişaf etmiş ölkələr, xüsusilə böhranlı illər üçün çox yüksək göstəricidir. Sevindirici hal odur ki, bu artım qeyri-neft sektorunun hesabına qazanilmışdır. Keçən il qeyri-neft sektoru 9,7 faiz, kənd təsərrüfatı təxminən 6 faiz, əhalinin pul gəlirləri 13,8 faiz artmışdır. Makroiqtisadi vəziyyət müsbət olmuşdur. İnflyasiya cəmi 1,1 faiz səviyyəsindədir ki, bu da son illərdə ən aşağı səviyyədir. İqtisadiyyatımızın inkişafı digər mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankının hesabatlarında biznesin aparılması üçün Azərbaycan yüksək yerlərdədir. Ümumdünya Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 46-cı, MDB məkanında isə 1-ci yerdədir.
Hazırda ölkəmizin ümumi valyuta ehtiyatları 46 milyard dollar səviyyəsindədir.
Başçı sosial məsələlərin həlli, sosial infrastrukturun yaradılması istiqamətində də miqyaslı işlərin görüldüyünü qeyd edərək demişdir ki, keçən il yüzlərlə məktəblər, xəstəxanalar, digər sosial obyektlər tikilmiş və təmir edilmişdir. İşsizliyin səviyyəsi 5,2 faizə, yoxsulluq isə 6 faizə enmişdir.
2012-ci ildə 20 min məcburi köçkün mənzillə təmin olunmuşdur.
Ölkəmiz ərzaq və enerji təhlükəsizliyi məsələlərini uğurla həll etmiş, xarici siyasətdə əhəmiyyətli addımlar atılmışdır. Keçən il Azərbaycan tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox vacib qərarlar qəbul edilmişdir.
Ordumuzun gücləndirilməsi üçün böyük tədbirlər görülmüşdür, böyük sayda texnika, silah-sursat alınmışdır, infrastruktur yaradılmışdır.
Malik İsaqov daha sonra qeyd etmişdir ki, bu inkişaf Qubadlı rayonunun nümunəsində də real əks olunur. Yola saldığımız ildə rayonda əhalinin mənzil-məişət problemlərinin həlli, idarə, müəssisə və təşkilatların maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər davam etdirilmişdir. 2012-ci il ərzində əhalinin məskunlaşdığı 40-a qədər obyekdə müvafiq təmir işləri aparılmışdır. Minlərlə kvadratmetr sahəyə asfalt çəkilmişdir. 3 məktəbdə müasir istilik sistemi quraşdırılmışdır. Sumqayıt şəhəri 26-cı məhəllədə yerləşən “Şəfa” sanatoriayasının I və II mərtəbələrinın bütün ümumi istifadə sahələri əsaslı təmir edilərək istifadəyə verilmişdir ki, nəticədə 54 məcburi köçkün ailəsin yaşayış şəraiti yaxşılaşdırılmışdır. İcra Hakimiyyətinin Dövlət Neft şirkətinə müraciətindən sonra “Şəfa” sanatoriyasının yeməkxana hissəsi tamamilə yenidən qurularaq, bütün avadanlıqlarla təmin edilərək mərasim evi kimi məcburi köçkünlərin istifadəsinə verilmişdir. Bu siyahını kifayət qədər uzatmaq olar.
Rayon icra hakimiyyətinin başçısı dəyərli fikir və təkliflərə görə ağsaqqallara minnətdarlıq etmiş, onların arzu və təkliflərinin nəzərə alınacağını bildirmişdir.
Konfransda rayon Ağsaqqallar Şurasının, Təftiş Komissiyasının yeni tərkibi, Azərbaycan Ağsaqqallar Şurasının qurultayına nümayəndə seçilmişdir.