Sakinlərlə görüş
6 fevral 2013-cü il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov rayonun Yuxarı Mollu kənd ərazi dairəsinin bir qrup sakinləri ilə görüş keçirdi.
Əvvəlcə Qubadlı rayon icra başçısı Malik İsaqov çıxış edərək, nümayəndəliyin sakinləri ilə keçirilən bu növbəti görüşdə də əsas məqsədin sakinlərin problemi ilə maraqlanıb, həll etməyə çalışmaqdan ibarət olduğunu diqqətə çatdırdı.
Sakinlər son illərdə rayon əhalisinin müvəqqəti məskunlaşma yerlərində aparılan genişmiqyaslı işlərdən razılıqla bəhs etdilər. Görülən işlərə görə icra başçısına minnətdarlıq edərək bütün bunların Azərbaycan Prezidentinin bu kateqiriyadan olan insanlara xüsusi diqqət və qarğısının bariz nümunəsi olduğunu bildirdilər.
Qeyd olundu ki, hazırda nümayəndəliyin əhalisi respublikanın 18 rayonunda müvəqqəti məskunlaşmışdır. Sumqayıt və Bakı şəhərində, Abşeron rayonu ərazisində məskunlaşanlar mütləq əksəriyyət təşkil edir. Görülən işlərdən nümayəndəliyin əhalisi də bəhrələnmişdir. Bildirildi ki, məcburi köçkünlüyün yaratdığı çətinliklər təbii ki, çoxdur. Amma biz görürük ki, hökümətimiz bu problemlərin həlli ilə ciddi şəkildə məşğuldur. Bu gün Azərbaycanda aparılan siyasəti birmənalı şəkildə müdafiə etdiklərini bildirən sakinlər, Qubadlı rayon əhalisinin hər zaman dövlətçiliyə sadiq olduğunu dilə gətirdilər.
Çıxış edənlər problemləri və təklifləri barədə icra başçısına məlumat verdilər. Rayonun Xocahan məktəbinə gedən yolun asfaltlanmasını razılıqla bildirən sakinlər həmin ərazidə yolda gölməçə yarandığını diqqətə çatdırdılar. Həmçinin, Sumqayıt şəhəri ərazisində yeni yaşayış massivi olan Yaşıldərə ərazisində fərdi evlərdə məskunlaşan sakinlər burada yolun təmirinə ehtiyac olduğunu dedilər. Rayon əhalisinin məskunlaşması üçün tikiləcək evlərin, salınacaq qəsəbənin Sumqayıt şəhəri ərazisində olmasını israrla xahiş etdilər.
Sakinlərin problemlərini dinləyən icra başçısı yekun nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinin əsasının vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılmasına kökləndiyini diqqətə çatdırdı. Qeyd etdi ki, belə tədbirlər – xalqla birbaşa ünsiyyət, ictimai rəyin öyrənilməsi, fəaliyyətin aşkarlığı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərlik üslubundan irəli gəlir. Azərbaycanda bütün sahələrdə əldə edilən inkişafdan, bu inkişafın rayon miqyasında təzahürlərindən bəhs edən başçı ölkəmizdə bərqərar olunmuş bu dinamikanı, sabutliyi gözü götürməyən dairələrin də olduğunu bildirdi. Əhalimizin belə qruplara qarşı sayıq olmalarının zəruriliyini qeyd etdi.
Görüş zamanı qaldırılan təkliflərə xüsusi diqqətlə yanaşılacağını və problemlərin yaxın zamanlarda öz həllini tapacağını bildirən başçı yerindəcə aidiyyəti üzrə tapşırıqlar verdi.
Sonra başçı bir sıra tövsiyyələrini də diqqətə çatdırdı.