Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun 2012-ci ildə görülən işlərin yekunu və 2013-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabatı

24 fevral 2013 | 16:00

2013-cü ilin fevral ayının 23-də rayon ictimaiyyəti nümayəndələrinin təmsil olunduğu geniş şura yığıncağında Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun 2012-ci ildə görülən işlərin yekunu və 2013-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabatı dinlənilmişdir. Hesabat məruzəsində rayonda görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 15 yanvar 2013-cü il tarixli iclasında ölkə başçısının nitqində irəli sürülən müddəalar və tələblər baxımından təhlil edilmişdir.
Cənab İsaqov 2012-ci ildə respublikada sosial-iqtisadi inkişaf sahəsində əldə edilən uğurları konkret misallar və rəqəmlərin dili ilə ifadə edərək, ölkəmizdə daxili və xarici siyasət, ölkənin müdafiə potensialının artırılması və perspektiv imkanlarını nəzərdə tutan irimiqyaslı layihələrin icrası istiqamətində ardıcıl və məqsədyönlü iş aparıldığını diqqətə çatdırmışdır.
Malik İsaqov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlət başçısının siyasi və diplomatik səylərinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyindən, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Prezidentin prinsipial mövqeyinin rayon əhalisi tərəfindən birmənalı şəkildə müdafiə edildiyindən bəhs etmiş, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən həyata keçirilən irimiqyaslı tədbirlərdən razılıqla danışmışdır.  Başçı qeyd etmişdir ki, dünyanın böhran içərisində çalxandığı bir dövrdə ölkənin iqtisadi və sosial inkişafı sahəsində əldə edilən davamlı uğurlar Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən qətiyyət və ardıcıllıqla həyata keçirilməsinin nəticəsidir.
Başçı sonra 2012-ci ildə Qubadlı rayonunda həyata keçirilən tədbirlərdən ətraflı bəhs etmişdir.  Məlumat verilmişdir ki, rayon əhalisinin sayı hesabat dövründə 447 nəfər artaraq 34 min 968 nəfərə çatmışdır. Əhali respublikanın 42 yaşayış məntəqəsində, böyük əksəriyyəti isə Abşeron yarımadası ərazisində məskunlaşmışdır. Hesabat ilində demoqrafik vəziyyətdə müsbət dinamika olmuşdur. 
Məcburi köçkünlərin kommunal problemlərinin həllindən danışan başçı qeyd etmişdir ki, ötən il Neft Şirkətinin balansında olan və köçkünlərin məskunlaşdığı ”Şəfa” sanatoriyanın əsas korpusunun 2 mərtəbəsi bütünlüklə təmir edilərək burada məskunlaşan köçkünlərin istifadəsinə verilmiş, bununla 55 ailənin yaşayış şəraitinin yaxşılaşmışdır. 2 mərtəbəli müalicə korpusunda başlanmış yenidənqurma və əsaslı təmir işləri yekunlaşandan sonra  daha 10 ailənin də mənzil şəraiti yaxşılaşacaqdır.  Buradakı yardımçı korpusda inşa edilən və yenidən qurulan mərasim eviinin 500 və 250 nəfərlik iki zalı hər cür ləvazimatlar ilə təchiz ediləklə əhalinin xidmətinə verilmişdir. Kompleksdə aparılan yenidənqurma və inşaat işləri Rayon Mədəniyyət və Turizm şöbəsinin 2 kitabxanasının, Mərkəzi Rayon Xəstəxanasının 1 tibb məntəqəsinin yerləşdirilməsinə imkan vermişdir. İdman zalının tikintisinin başa çatmasına da az qalmışdır.
Sumqayıt şəhəri 12-ci mikrorayon 7a və 8a binalarının həyətindəki mərasim evində də daxili imkanlar hesabına əsaslı təmir işləri aparılmış və ətrafına 780 kv. metrlik asfalt örtüyü döşənmişdir. Mərasim evi zəruri məişət avadanlıqları və 100 nəfərlik mətbəxt dəstləri ilə təmin olunmuşdur.
Yola salınan ildə köçkünlərin məskunlaşdığı digər ərazilərdə də kommunal problemlərinin həlli istiqamətində  xeyli işlər görülmüşdür. Belə ki, yüzlərlə metr su və kanalizasiya xətləri yenisi ilə əvəzlənmiş,   11 obyektdə 9352 kvadratmetr dam örtüyü əsaslı təmir edilmişdir. Yanğın nəticəsində sıradan çıxmış 2 həyət evinin bərpası başa çatdırılmışdır. 10 ailəyə mənzillərinin təmiri üçün müxtəlif tikinti materialları ilə köməklik göstərilmişdir. Dövlət Proqramları çərçivəsində ötən il Qubadlı rayonundan olan 20 ailə yeni mənzillərə köçürülmüşdür.
Başçı keçən il rayonun idarə, müəssisə və təşkilatların maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edərək bildirmişdir ki, 3 məktəbdə istilik sistemi quraşdırılmış, 1 məktəbdə əsaslı təmir aparılmış, 3 məktəbdə belə təmirə başlanmış, 6 məktəbdə cari təmir işləri yerinə yetirilmişdir. 2 məktəbin həyətinə 1570 kvadratmetr  asfalt örtük döşənmişdir.  Görülən işlər tədrisin keyfiyyətinə müsbət təsir etmişdir. Ali məktəblərə qəbul olma göstəricisində müsbət dinamika var. Keçən dərs ilində bu göstərici 46 faiz olmuşdur.
Bildirilmişdir ki, Sumqayıt şəhərindəki “İnşaatçılar” qəsəbəsində 1 nömrəli trestə məxsus iki mərtəbəli bina Rayon İcra Hakimiyyəti üçün alınmışdır. İndi həmin binada kompleks əsaslı təmir və yenidənqurma işləri aparılır.
Hesabat ilində Rayonun idarə müəssisə və təşkilatları tərəfindən  əhaliyə göstərilən xidmətlər yaxşılaşmışdır.
Rayon gənclərinin uğurları barədə danışaraq Malik İsaqov bildirmişdir ki, keçən il rayon idmançılarının müxtəlif yarışlarda iştirakı təmin edilmişdir. 48 idmançısı müxtəlif idman növləri üzrə Respublika birinciklərinin və turnirlərin qalibi olmuşdur. 9 idmançı beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmişdir ki, onlardan  5-i dünya çempionatlarının mükafatçısı, 4-ü isə Avropa çempionatının qalibi olmuşlar.
M. İsaqov görülən digər işlərdən də bəhs edərək məlumat vernişdir ki, rayonda ayrı-ayrı sahələr üzrə büdcə proqnoz göstəriciləri demək olar ki, tam icra olunmuş, büdcəyə daxilolmaların proqnoz gösrəticisinə 134,4 faiz əməl edilmişdir. Rayonda pensiya və müavinətlər vaxtlı-vaxtında ödənilmiş, Ödəniş plastik kartlar vasitəsi ilə həyata keçirilmişdir.
Məruzədə ötən il sahibkarlıq fəaliyyəti ilə məşğul olan 802 vergi ödəyicisinin 74-ü hüquqi, 728-i fiziki şəxslər olduğu bildirilmişdir. Büdcə vəsaitinin təyinatı üzrə xərclənməsindən, ayrı-ayrı sahələr üzrə proqnoz göstəricilərinə tam əməl olunmasından danışan məruzəçi, vurğulanmışdır ki, maliyyə intizamı əvvəlki illərə nisbətən xeyli güclənsə də, bu məsələ daim diqqət mərkəzində saxlanılmalıdır.
Sosial məsələlərdən danışan məruzəçi bildirmişdir ki, hesabat ilində rayon əhalisinin sosial müdafiəsi mərkəzi tərəfindən 300-dən artıq ailəyə 472 min 75 manat ünvanlı sosial yardım ödənilmişdir. 1941-1945-ci illər və Qarabağ müharibələrinin 3 əlilinə pulsuz avtomobil verilmiş, 40 əlil istirahət ocaqlarına göndərilmiş, 71 nəfər güzəştli vəsiqə ilə təmin olunmuşdur. Özlərindən asılı olmadan iş yerlərini itirmiş 1164 rayon sakini orta aylıq əməkhaqqı alır və həmin vəsait 2013-cü ildə dövlət tərəfindən veriləcəkdir.
Aztəminatlı və köməyə ehtiyacı olan ailələr daim rayon İcra Hakimiyyətinin diqqətində olmuşdur. 2012-ci ildə Rayonun aztəminatlı ailələrinə 45 min manat dəyərində müxtəlif sənaye malları, şəhid ailələrinə il ərzində dörd dəfə olmaqla 30 min manat dəyərində müxtəlif ərzaq yardımı verilmişdir. Köməyə ehtiyacı olan imkansız ailələrə yas mərasimlərinin təşkili, müalicə və dərman preparatlarının alınması üçün yerli imkanlar hesabına il ərzində 61 min 365 manat məbləğində kömək göstərilmişdir. Bundan əlavə, il ərzində müəyyən tədbirlərə 46 min 820 manat vəsait xərclənmişdir.
Vətəndaşların ərizə, şikayət və müraciətlərinə baxılması, səyyar qəbulların təşkili Rayon İcra Hakimiyyətinin fəaliyyətində başlıca yer tutmuşdur.  Müraciətlərin sayında əsaslı azalmanın olduğunu qeyd edən başçı bu sahədə səyyari qəbul və görüşlərin müsbət rolu olduğunu bildirmişdir.
M. İsaqov sonda qarşıda duran vəzifələrdən bəhs edərək demişdir ki, dövlət başçısı tərəfindən 2013-cü ilin “İnformasiya Kommunikasiya Texnologiyaları ili” elan edilməsi yeni inkişaf istiqamətinin başlanğıcının qoyulması deməkdir. Bu həm də “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında qarşıya qoyulan məqsədlərə Azərbaycanın elmi-texniki tərəqqi yolu ilə müasir inkişafın ən yeni texnologiyalarına yiyələnmək yolu ilə getmək əzmini və qətiyyətini ifadə edir. Cari ilidə Ümummilli Lider Heydər Əlievin anadan olmasının 90-cı ildönümünü layiqincə qarşılamaq üçün də müəyyən tədbirlər görüləcəkdir.
Ölkəmiz inkişaf etdikcə işin həcmi və qarşıya qoyulan tələblər də artır. Cari ildə qüvvələrimizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrasına yönəltməli, həll ounmamış problemlərin aradan qaldırılmasına səfərbər etməliyik. Əminəm ki, sizinlə birlikdə biz bu vəzifələrin öhdəsindən uğurla gələcəyik.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Rayon Təhsil şöbəsinin müdiri              A. Allahverdiyeva, Mərkəzi xəstəxananın baş həkimi N. Əhmədov, YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin sədri A. Quliyev, rayon İcra Hakimiyyəti başçısının Tatar kənd ərazi dairəsi üzrə nümayəndəsi T. Nəcəfova, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru F. Nərimanov, rayon İcra Hakimiyyəti başçısının Mahmudlu kənd ərazi dairəsi üzrə nümayəndəsi A. Eminov çıxış edərək təmsil etdikləri ayrı-ayrı sahələr üzrə aparılan işlər barədə məlumat vermişlər. 
İşgüzar şəraitdə keçən yığıncaqda iştirakçılar tərəfindən çoxsaylı təkliflər də verilmişdir. Çıxışlarda keçən il ərzində istər ölkə miqyasında, istərsə də rayonda görülən işlərdən razılıq ifadə edilmişdir. Qazanılan uğurların təməlində ümummilli lider Heydərə Əliyev tərəfindən əsası qoyulan siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurlu davamının dayandığı vurğulanmışdır.
Yığıncaqda  Milli Məclisin deputatı İmamverdi İsmayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rəvşən Ağayev iştirak və çıxış etmişlər.
Müzakirə olunan məsələ barədə qərar layihəsi təsdiq edilmişdir.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul olunmuşdur.

Keçidlər