Şriftin ölçüsü :

Saytın rəngi :

Qan yaddaşımız Xocalı

26 fevral 2013 | 16:00

Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Qubadlı rayonunda silsilə tədbirlər keçirilmişdir. Bu sıradan daha bir tədbir 25 fevral 2013-cü il tarixdə şəhid Bəhmən Mehdiyev adına Qubadlı şəhər 2 saylı tam orta məktəbində keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin,  idarə, müəssisə, təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak edirdi.
Tədbir açıq elan edildikdən sonra çıxış edən rayon icra hakimiyyəti başçısının müavini R. Xalıqverdiyev bildirdi ki, tarixən Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri 1992-ci ilin fevralında öz vəhşi simalarını bir daha bütün nümayiş etdirərək dinc əhaliyə divan tutmuşlar. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə ermənilərin qeyri-qanuni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayın şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücuma keçərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmişdir. Bu təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş müdhiş cinayətdir. Həmin vəhşi hücum nəticəsində azərbaycanlılardan 613 nəfər şəhid oldu, onlardan 106 nəfəri qadın, 56 nəfəri azyaşlı uşaq idi. 59 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi. 487 nəfər şikəst oldu. 8 ailə bütövlüklə məhv edildi. 25 azyaşlı uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. 1000 nəfərdən çox şəhər sakini əlil oldu. 1275 nəfər əsir və girov götürüldü, əsir düşənlərdən 150 nəfərin (o cümlədən, 68 qadının və 26 uşağın) taleyi bu günədək məlum deyil. Şəxsi və dövlət əmlakına külli miqdarda maddi ziyan dəymişdir.
Məktəbin direktoru Y. Məmmədov çıxışında qeyd etdi ki, Milli Məclisin müvafiq qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir. Hər il fevral ayının 26-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Çıxışlarda qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarının apardığı siyasət sayəsində torpaqlarımız işğaldan azad ediləcək, şəhidlərimizin ruhu rahatlıq tapacaqdır. Vurğulandı ki, bu gün Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində məqsədyönlü addımlar atılır. Dövlətimizin siyasəti, Heydər Əliyev Fondunun bu sahədə fəaliyyəti nəticəsində bu işdə müsbət nəticələr əldə edilmişdir.
Tədbirdə Xocalı soyqırımına həsr edilmiş videoçarx nümayiş etdirildi. Məktəb şagirdlərinin ifasında səhnəciklər göstərildi, qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şerlər səsləndi. Birinci sinif şagirdlərinin faciəyə həsr edilmiş rəsmlərindən ibarət “Körpələrin harayı” adlı sərgi iştirakçılar tərəfindən maraqla qarşılandı.

Keçidlər