Qubadlı rayonunda 31 Mart Azərbaycanlıların soyqırımı günü anıldı
Azərbaycanlıların soyqırımı günü Qubadlı rayonunun idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında müxtəlif səpkili tədbirlərlə qeyd edilmişdir.
29 mart 2013-ci il tarixdə bu silsilədən olan daha bir tədbir rayon icra hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilmişdir. Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının qərargahında keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri A. Haqverdiyev açdı. 1918-ci il 31 Martda baş verən hadisələr haqqında geniş məlumat verən natiq bildirdi ki, həmin hadisələr əslində bolşeviklərin daşnaklarla birlikdə azərbaycanlılara qarşı həyata keçirdikləri milli qırğın siyasəti idi. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə həyata keçirilən bu qırğın siyasəti nəticəsində erməni faşistləri on minlərlə azərbaycanlını qətlə yetirmiş, öz torpaqlarından qovmuşlar.
Sonra tədbirdə çıxış edən Qubadlı rayon Xocahan kənd tam orta məktəbin müəllimi Xürrəm Həsənov, rayon Təhsil şöbəsinin müdir müavini Kamil Əhmədov, rayon Mərkəzi xəstəxanasının baş həkimi Nüsrət Əhmədov, rayon Ağsaqqallar Şurasının sədri Əvəz Həsənov və digərləri 1918-ci ilin mart ayında erməni daşnaklarının törətdikləri soyqırımına, erməni vəhşiliyinə dair məqamlara bir daha diqqəti yönəldərək bildirdilər ki, bəlkə də bizim belə faciələrə dövrü olaraq məruz qalmağımızın başlıca səbələrindən biri unutqanlığımız, bu istiqamətdə məlumatların vədəsində öyrənilərək ictimaiyyətə çatdırılması sahəsində işlərimizdəki sistemsizlikdir. Amma Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanmış “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarında kütləvi sürətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli və “Azərbaycanlıların Soyqırımı haqqında” 26 mart 1998-ci il tarixlı fərmanları bu sahədə çox dərin və dəyərli elmi mənbə olmaqla həm də hər birimiz üçün aktuallığını heç zaman itirməyən fəaliyyət proqramıdır.
Qeyd olundu ki, bu gün erməni böhtanlarının ifşası, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyev cənabları tərəfindən ardıcıl və prinsipial siyasət həyata keçirilir.
Bu sahədə Heydər Əliyev Fondunun misilsiz xidmətləri vardır.
Çıxışlarda vurğulandı ki, biz mənfur qonşularımızın böhtan və şayiələrinə, hər cür həmlələrinə hazır olmaq üçün məhz tariximizin qaranlıq səhifələrini öyrənməli və öyrətməliyik.