Qubadlı rayon Icra Hakimiyyətində 2013-cü ilin birinci rübünün yekunu müzakırə olunmuşdur
Aprelin 25-də Qubadlı Rayon İcra Hakimiyyətində cari ilin birinci rübünün sosial–iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş şura iclası keçirilmişdir.
Rayon ictimaiyyətinin bütün təbəqələrinin nümayəndələrinin təmsil olunduğu tədbiri giriş sözü ilə acan rayon icra hakimiyyətinin başçısı Malik İsaqov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısının proqram xarakterli nitqinin əsas müddəalarını bir daha diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, ilin birinci rübünün nəticələri bütövlükdə 2013-cü ilin də ölkəmiz üçün uğurlu göstəricilərlə reallaşacağından xəbər verir. Əldə olunan bütün nailiyyətlər ulu öndər Heydər Əliyevin müdrikliklə gələcəyə hesablanmış inkişaf strategiyasının dövlətimizin başçısı İlham Əliyev tərəfindən qətiyyət və yaradıcılıqla həyata keçirilməsinin bəhrəsidir.
Malik İsaqov onu da vurğulamışdır ki, məcburi köçkünlərin mənzil-məişət məsələlərinin yaxşılaşdırılması respublika rəhbərinin daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, 2013-cü ildə yalnız tikinti işlərinə 300 milyon manat vəsait ayrılmışdır. Bu vəsait hesabına cari ildə 20 min məcburi köçkünün mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Abşeron rayonunun Müşfiqabad və Masazır qəsəbələrində, Mingəçevir şəhərində bir-birinin ardınca istifadəyə verilən gözəl və abad yaşayış massivləri dövlətimizin məcburi köçkünlərə göstərdiyi qayğının təzahürüdür.
Şura iclasında rayon icra hakimiyyəti başçısının müavini Sahib Əliyev hesabat dövrünü əhatə edən məruzəni yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd olunmuşdur ki, respublikanın 42 şəhər və rayonunda məskunlaşmış Qubadlı rayonunun 35 min 152 nəfər əhalisinin həyat şəraitinin yaxşılaşması, onların kommunal problemlərinin aradan qaldırılması istiqamətində əvvəllər aparılmış işlər cari ilin birinci rübündə davam etdirilmişdir.
Məcburi köçkünlərin məskunlaşdığı obyektlərdə 2680 kvadratmetr dam örtüyü təmir edilmişdir. Bundan əlavə məcburi köçkünün məskunlaşdığı Sumqayıt şəhər 2 saylı xəstəxananın köməkçi binasında yanğın nəticəsində yararsız hala düşmüş 2 otaqlı mənzildə əsaslı təmir işləri aparılaraq köçkünün istifadəsinə verilmişdir. Qubadlı rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yenidənqurma və əsaslı təmir işləri, həmin binanın həyətində abadlıq işləri, eyni zamanda “Şəfa” sanatoriyasında köhnə kulub binasının idman zalına çevrilməsi üçün ötən il başlanmış işlər davam etdirilir. Rayon İcra Hakimiyyətinin aidiyyatı dövlət qurumları qarşısında qaldırdığı məsələlər nəticəsində Abşeron rayonunda yerləşən Xanlıq 3 saylı tam orta məktəbi, Ceyranbatan qəsəbəsində yerləşən Aşağı Mollu kənd tam orta məktəbi və Sumqayıt şəhər 42-ci məhəllədə yerləşən Dəmirçilər kənd tam orta məktəbi əsaslı təmir edilmiş, Sarıqaya yaşayış massivində yerləşən Bakı Kondisioner zavodunun 18 ailənin məskunlaşdığı köhnə istirahət mərkəzinə 950 p/metr qaz xəttinin çəkilişinə başlanmışdır.
Son 10 ildə rayonda 2648 yeni iş yeri yaradılmışdır. Bu ilin birinci rübündə isə bu göstərici 78-dir.
Aprelin birinə olan vəziyyətə görə, rayonda fəaliyyət göstərən idarəetmə, səhiyyə, təhsil, mədəniyyət, rabitə, kənd təsərrüfatı və digər təşkilatlarda işləyənlərin sayı 3874 nəfərdir. İqtisadi fəal əhalinin sayı 11 min 376 nəfər, məşğul əhalinin sayı isə 10 min 632 nəfərdir. Bu, rayonun iqtisadi fəal əhalisinin 93,5 faizini təşkil edir.
Əhalimizin əsasən şəhərdə məskunlaşması aqrar bölmənin inkişaf imkanlarını məhdudlaşdırır, deyən natiq söyləmişdir ki, bununla belə fərdi təsərrüfatlarda saxlanılan mal-qaranın, qoyun- keçilərin və quşların sayı da artmışdır. İndi bu təsərrüfatlarda keçən ilin müvafiq dövründəkindən 188 baş çox mal-qara, 588 baş çox qoyun-keçi, 2463 baş çox quş saxlandığı qeydə alınmışdır. Az müddətdə sahibkarlar arı ailələrinin sayını 2425-dən, 3640-a çatdırmışlar.
Məruzəçi daha sonra təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində əldə olan nəticələr, həmçinin gənclərlə aparılan işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, məcburi köçkün həyatını yaşayan əhalinin sosial və məişət müstəvisində yaranan problemləri xüsusi həssaslıqla həll olunur.
Bununla yanaşı, birinci rübdə ictimai-siyasi məzmunlu tədbirlərin həyata keçirilməsi ilə bağlı rayonda ardıcıl iş aparılmışdır. İctimaiyyətlə aparılan işdə kütləvi tədbirlərə geniş yer verilmişdir.
Bildirilmişdir ki, 2013-cü ilin ilk üç ayında rayon əhalisinin aztəminatlı hissəsi daima diqqətdə saxlanılmış, onlara mütəmadi olaraq köməklik göstərilmişdir. Novruz bayramı münasibəti ilə bu kateqoriyadan olan 1100 ailəyə 16500 manatlıq müxtəlif ərzaq yardımı paylanmışdır. Bundan əlavə İcra Hakimiyyəti tərəfindən yas mərasimlərinin keçirilməsi, xəstə insanların müalicəsi üçün 12420 manat məbləğində pul köməklik olunmuşdur. Əlavə olaraq ötən rüb ərzində şəhid ailələrinə 7300 manatlıq ərzaq yardımı, aztəminatlı ailələrə 4800 manatlıq müxtəlif sənaye malları yardım edilmişdir.
Məruzə ətrafında müzakirələrdə çıxış edənlər təmsil etdikləri ayrı-ayrı sahələr üzrə aparılan işlər haqqında məlumat vermişlər. Onlar Azərbaycanın əldə etdiyi nailiyyətlərdən qürur duyduqlarını bildirərək, məcburi köçkünlərə göstərdiyi qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda şura iclası müvafiq qərar qəbul etmişdir.