Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə tədbir

08 may 2013 | 15:00

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Qubadlı rayonunda silsilə tədbirlər keçirilmiş, rayon məktəbliləri arasında inşa yazı, musiqi məktəblərinin şagirdləri arasında mahnı müsabiqələri, bilik və idman yarışları, şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi-müsabiqələr təşkil edilmişdir.
7 may 2013-cü il tarixində Qubadlı rayon  İcra Hakimiyyəti tərəfindən Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə ümumrayon tədbiri  keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Malik İsaqov, RİHB aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.Əvvəlcə iştirakçılar Ulu Öndərin rayon İcra Hakimiyyəti binasının foyesində qoyulmuş büstünün önünə gül dəstələri qoydular.
Sonra tədbir Sumqayıt şəhərindəki “28 May” mədəniyyət evində davam etdirildi. Tədbir öncəsi iştirakçılar  “28 May” mədəniyyət evinin foyesində Ulu Öndərin doğum günü münasibətilə təşkil olunan sərgi ilə tanış oldular. Sərgidə Heydər Əliyevin kitabları, Ümummilli Lider haqqında yazılan çap materialları, həmçinin,  Qubadlı rayon məktəblilərinin rəsm əsərləri və əl işləri nümayiş etdirilirdi. Bir məqam qeyd edilməlidir ki, sərgidə rayon sakinləri Leyla Cəbrayılova rəsm əsərləri ilə, xalçaçı Fatma Cavadova isə əl işləri ilə iştirak edirdilər. 
Daha sonra “28 May” mədəniyyət evinin tamaşa zalında davam edən tədbirdə ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.
Sonra Qubadlı rayon  İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov  məruzə ilə çıxış edərək Ümummilli Liderin cahanşümul fəaliyyətindən bəhs etdi. Ulu Öndərin fəaliyyətinin hər bir sahəsinin fundamental tədqiqat mövzusu olduğunu qeyd edən başçı bildirdi ki, hələ sovet dövründə Azərbaycana məharətlə rəhbərlik edən Heydər Əliyev ölkəni sürətli inkişaf yoluna çıxarmaqla güclü elmi, iqtisadi və mənəvi potensial yarada bilmişdi, başlıcası isə xalqın qəlbində, arzu və istəklərində, yüz illərlə yaşayan azadlıq və müstəqillik ideyalarının həyati tələbat kimi formalaşmasına zəmin yaratmışdı.
Xalqın tələbi ilə müstəqil Azərbaycan respublikasına rəhbərliyi qəbul edən Ulu Öndərin o ağır günlərdəki, illərdəki fəaliyyətinin xronikasını nəzərdən keçirən hər kəs onun sarsılmaz siyasi iradəsinə, idarəçilik məharətinə, müdrik qərarlar qəbul etmək səriştəsinə heyran qalmaya bilmir. Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyinə qənim kəsilən xarici və daxili qüvvələri məharətlə zərərsizləşdirdi. Müstəqil dövlətin əsl mənada qurulması, iqtisadi, hərbi, mədəni potensiallarının hərəkətə gətirilməsi üçün vacib şərt olan əmin-əmanlıq şəraiti yaratdı. Dövrün burulğanlı, təlatümlü çağında böyük siyasi müdrikliyi, siyasi məharəti, gözlənilməz siyasi gedişləri ilə tarixin yaddaşında əbədi yaşayacaq liderin fəaliyyəti zaman keçdikcə öz dəyərini göstərməkdədir və bunlar zaman-zaman elmi araşdırmaların mövzusu, predmeti olacaqdır.
Ölkənin iqtisadi inkişafı ilə yanaşı xalqın mədəni səviyyəsinin yüksəldilməsi Ulu Öndərin siyasətində həmişə öncül yerdə dayanmışdır. O, öz xalqının dünya xalqları içərisində ön, qabaqcıl yerdə qərar tutmasının yolunu mədəniyyətin inkişafında görürdü.
Erməni işğalı ilə əlaqədar yurd-yuvalarından didərgin düşən insanlara, torpaqlarımızın təcavüzdən qorunması yolunda şəhid olan döyüşçülərimizin ailələrinə göstərdiyi səmimi, doğma münasibət həm ölkə rəhbəri kimi, həm də yüksək insani keyfiyyətlərə malik böyük şəxsiyyət kimi onun ucalığından, əlçatmazlığından xəbər verir.
Tədbirin əlamətdar bayram-Faşizm üzərində Qələbə günü ərəfəsində keçirildiyini bildirən Malik İsaqov bu bayram münasibətilə təbrik edərək, Heydər Əliyev tərəfindən müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərildiyini diqqətə çatdırdı.
Bu gün cənab Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndərin  ideya və strategiyasının yeni tarixi şəraitə uyğun yaradıcılıqla həyata keçirməsi ölkəmizi çiçəklənən bir diyara çevirmişdir.
Tədbirdə Parisdəki "Azərbaycan evi"nin rəhbəri, əslən Qubadlıdan olan Mirvari Fətəliyeva çıxış etdi. O, Azərbyacanın dünyada tanıdılması istiqamətində ulu öndərin gördüyü işlərin uğurlu nəticələrindən danışdı. Heydər Əliyevin ilik xarici səfərinin Fransaya etməsinin bu ölkədə  xoş xatirə kimi qaldığını vurğuladı. Bugün həmin siyasətin uyğula davam etdirilməsində prezident İlham Əliyevin böyük xidmətlərini qeyd etdi. Azərbaycanın birinci xanımı, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Fransa dövlətinin ali mükafatı” ilə təltif edilməsi  bu münasibətləin bariz nümunəsidir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Sevi Sevdimalıyev çıxışında, Heydər Əliyevlə bağlı təəssüratlarını ümummilli liderə həsr etdiyi poeziya nümumələri ilə  ifadə etdi.
Tədbirdə 1941-1945-ci illər müharibəsinin bir qrup iştirakçısına mükafatlar verildi, Ulu öndərin 90 illik  yubileyinə həsr olunmuş müsabiqə və yarışların qaliblərinə fəxri fərmanlar təqdim edildi.
Tədbir respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə  rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı geniş konsert proqramı ilə yekunlaşdırıldı.

Keçidlər