Respublika günü münasibəti ilə tədbir
27 may 2013-cü il tarixdə Qubadlı rayonunda Respublika günü münasibəti ilə tədbir keçirildi. Rayon icra hakimiyyətinin məsul işçilərinin, idarə, müəssisə rəhbərlərinin və ictimayyət nümayəndələrinin iştirak etdiyi tədbirdə məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini A.Haqverdiyev qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm yeri vardır. Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə çəmi 23 ay fəaliyyət göstərsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənlərimizin bərpası işində böyük rol oynamışdır.
Tədbirdə çıxış edən digər natiqlər də vurğuladılar ki¸ həmin dövrdə demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində mühim addımlar atılmışdır.
Xüsusi vurğulandı ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti Ümummilli Lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Müstəqil Azərbaycan Respublikasının banisi, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Demokratik Respublikası haqqında söylədiyi fikirlər bu qiymətin təzahürüdür: ”Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, Müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. Biz bu varisçilik prinsipini şərəflə, sədaqətlə yerinə yetiririk və yetirəcəyik ”.
1993-cü ildəki hadisələrə nəzər yetirən çıxışçılar qeyd etdilər ki, əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan Respublikasının taleyi də Azərbaycan Cümhuriyyətinin taleyini təkrarlayacaqdı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı nəticəsində ölkəmiz milli dövlət quruculuğu prosesinin keyfiyyətcə yeni mərhələsinə qədəm qoydu və ən əsası xalqın azadlıq ideyasına olan sonsuz inamı özünə qayıtdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai- siyasi, elmi- mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Ümummilli lider Heydər Əliyevin qətiyyətli səyləri nəticəsində 1994-cü il oktyabr və 1995-ci ilin dövlət çevrilişi cəhdlərinin qarşısı alındı.
Qürur hissi ilə qeyd edildi ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan hazırda prezident İlham Əliyev cənablarının rəhbərliyi altında dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında layiqli yer tutur. Möhtərəm Prezidentin siyasəti və fəaliyyəti ümümxalq dəstəyi qazanmışdır.