Yarım ilin yekunları müzakirə edilmişdir
26 iyul 2013-cü il tarixdə Sumqayıtda yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında cari ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclas keçirilmişdir
Rayon ictimaiyyətinin bütün təbəqələrindən nümayəndələrin təmsil olunduqları tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Malik İsaqov iyulun 18-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının proqram xarakterli nitqində irəli sürülmüş müddəa və göstərişləri bir daha diqqətə çatdırmışdır.
Sonra Qubadlı Rayon İcra Hakimiyyəti başçının müavini Rasim Xalıqverdiyev cari ilin 6 ayında rayonun sosial–iqtisadi inkişafının mənzərəsini rəqəmlər və faktlarla diqqətə çatdırmışdır. Bildirmişdir ki, ilin birinci yarısında ölkənin ayrı-ayrı rayonlarında məskunlaşmış məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, bir sıra tədbirlər həyata keçirilmişdir. Hazırda 35 min 200 nəfər rayon əhalisi respublikanın 42 şəhər və rayonunda məskunlaşmışdır. Onların böyük əksəriyyəti, yəni 63 faizi Sumqayıt şəhərindədir.
Qeyd olunmuşdur ki, əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də rayon icra hakimiyyəti və yerli icra strukturları əhali ilə sıx təmasda işləmiş, onların sosial, kommunal, təhsil və digər problemlərinin öyrənilməsi, üzləşdikləri çətinliklərin aradan qaldırılması istiqamətində iş aparmışlar. Hazırda kənd rayonlarında 930 nəfər məskunlaşmışdır. Pərakəndə yaşayan məcburi köçkünlərin vəziyyəti daim icra hakimiyyətinin diqqət mərkəzindədir. Rayon icra hakimiyyətinin həyata keçirdiyi tədbirlər kompleksində yenə də başlıca yeri məcburi köçkünlərin yığcam məskunlaşdıqları ərazilərdə - yataqxana, pansionat, sanatoriya və digər binalarda kommunal şəraitinin yaxşılaşdırılması tutmuşdur.
Belə ki, H.Z.Tağıyev qəsəbəsində yerləşən beton zavodun inzibati binasının 130 m2, 12-ci mikrorayonda yerləşən 7a və 8a saylı binaların 1630 m2, 18-ci mikrorayonda yerləşən 67 saylı uşaq baxçasının 810 m2 , 11-ci mikrorayonda yerləşən keçmiş mağaza binasının 630 m2 , 15-ci məhəllədəki 85 saylı TPM-in 820 m2 , İnşaatçılar qəsəbəsi 8 saylı TPM-in 1480 m2, 6-cı mikrorayondakı 57 saylı uşaq baxçasının 580 m2 olmaqla 6080 kvadratmetr dam örtüyü yumşaq dam örtüyü materiali ilə təmir edilmişdir. Bundan əlavə “Şəfa” sanatoriyasının 2 mərtəbəli müalicə korpusunun 320 m2 damı azbest şiferdən, 21-ci məhəllədəki İstilik idarəsinin inzibati binasının 240 m2 dam örtüyü isə dəmir şifer vurulmaqla təmir edilmişdir. “Şəfa” sanatoriyasında köhnə kulub binasının idman zalına çevrilməsi üçün əsaslı yenidən qurma işləri artıq tamamlanmaq üzrədir. Sarıqaya yaşayış massivində Kondisionerlər zavodunun keçmiş istirahət mərkəzinin həyətində məskunlaşan 18 məcburi köçkün ailəsi üçün sanitar qovşaqlar və hamamın tikintisinə başlanmışdır və burada işlər başa çatmaq üzrədir. Eyni zamanda həmin sanatoriyada məskunlaşan köçkünlərin təbii qazla təminatı üçün 950 p/metr qaz xəttinin çəkilişinə başlanmışdır.
Məruzədə, həmçinin deyilmişdir ki, rayon icra hakimiyyətinin Sumqayıt şəhərində yerləşən inzibati binası müasir tələblərə cavab vermədiyinə görə bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. Bütün bunlar nəzərə alınaraq şəhərin İnşaatçılar qəsəbəsindəki keçmiş tikinti trestinin binasında əsaslı təmir və yenidən qurma işləri aparılmışdır. Artıq rayon icra hakimiyyəti aparatının fəaliyyəti üçün normal şərait yaradılmışdır. Elə həmin binada əlavə tikilmiş 3-cü mərtəbədə nəfis tərtibatlı 150 nəfərlik akt zalı və rayon tarix-diyarşünaslıq muzeyi üçün zal inşa edilmişdir.
Bildirilmişdir ki, rayon icra hakimiyyətinin yeni binasının həyətində abadlıq və yaşıllaşdırma işləri də başa çatdırılmışdır. Binaya gələn yollara və ətrafına 6000 kvadratmetr asfalt örtük döşənmişdir. Rayon icra hakimiyyətinin köhnə binasının əsaslı təmirinə başlanılmışdır. Burada işlər sürətlə aparılır və yaxın aylarda rayonun bir neçə idarə və təşkilatları üçün həmin binada daha əlverişli iş şəraiti yaradılacaqdır.
Hesabat yığıncağında rayonun təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmətin səviyyəsinin artırılması, əhalinin təbii qaz və elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən də ətraflı danışılmışdır.
Məruzə ətrafında çıxış edənlər təmsil etdikləri sahələr üzrə görülmüş işlər barəsində məlumat vermiş, əldə olunmuş uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından danışmış, maraqlı təkliflər irəli sürmüşlər.
Bildirilmişdir ki, qubadlılar qarşıya qoyulan vəzifələri vaxtında yerinə yetirəcək, ölkənin inkişafı, xalqın rifahı naminə əzmlə çalışacaqlar. Natiqlər Azərbaycanın əldə etdiyi nailiyyətlərdən qürur duyduqlarını bildirərək, məcburi köçkünlərə göstərilən böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
İclasın iştirakçıları Qubadlı rayonunun əhalisi adından ulu öndər Heydər Əliyevin siyasi xəttini böyük məharət və qətiyyətlə davam etdirən, Azərbaycanı sürətli inkişaf yoluna çıxaran, ötən 10 il ərzində onun beynəlxalq nüfuzunu, iqtisadi və hərbi qüdrətini durmadan möhkəmləndirən, ölkəmizi dünyaya mədəni, demokratik bir dövlət kimi tanıdan dövlətimizin başçısı İlham Əliyevin növbəti 5 ildə də Azərbaycana rəhbərlik etmək üçün qarşıdan gələn prezident seçkilərində xalqımız tərəfindən yekdilliklə dəstəklənəcəyinə əmin olduqlarını söyləmişlər.