YAP fəalları ilə görüş
24 iyul 2013-cü il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının fəalları ilə görüş keçirilmişdir. Əvvəlcə rayon rəhbərliyi və qonaqlar ümummilli lider Heydər Əliyevin icra hakimiyyətinin inzibatı binasının foyesindəki büstü önünə gül qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Görüşdə YAP rayon təşkilatının sədri, rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyevin bu ilin oktyabrında keçiriləcək prezident seçkiləri ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələrə dair məruzəsi dinlənilmişdir. Məruzəçi bildirmişdir ki, hazırda rayonda seçicilərin sayı 23 min 776 nəfərdir. Rayon seçiciləri əsasən 27 məntəqədə səs verəcəklər. Məntəqələr Bakı, Sumqayıt, Xırdalan şəhərlərində yerləşir. Partiyanın fəal üzvlərinin iştirakı ilə rayon üzrə seçici siyahıları dəqiqləşdirilərək YAP-ın məlumat bazasına yerləşdirilmişdir. Bu iş müntəzəm xarakterlidir. Rayon təşkilatında seçki qərargahı yaradılmış, dairə seçki komissiyası və seçki məntəqələri üzrə partiyadan olan məşvərətçi hüquqa malik üzvlərin, müşahidəçilərin siyahısı hazırlanmışdır.
Məruzəçi qeyd etmişdir ki, rayonda ictimai-siyasi vəziyyət sabitdir, müxalifət partiyalarının əhali arasında sosial bazası yox dərəcəsindədir. Son vaxtlar mətbuatda və digər informasiya kanallarında adı hallanan "Milli şura" deyilən qurum rayon sakinləri arasında heç bir dəstək qazanmamışdır.
Qeyd edilmişdir ki, məcburi köçkünlərin üzləşdikləri sosial, kommunal və digər problemlər müntəzəm olaraq rayonun icra strukturları tərəfindən öyrənilir və aradan qaldırılır. Son on ildə dövlətin maliyyə dəstəyi hesabına rayonda xeyli işlər görülmüşdür. Təhsilin maddi-texniki bazası, demək olar ki, yenidən qurulmuşdur. Bu müddətdə 10 yeni məktəb binası tikilmiş, 21 məktəb isə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Məktəblərin hamısı müasir avadanlıqla təmin edilmişdir.
Əhaliyə mədəni və tibbi xidmətin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülmüşdür. Sumqayıt şəhərində "28 May" mədəniyyət evi əsaslı təmir edilərək yenidən qurulmuşdur. Qubadlı Mərkəzi Rayon Xəstəxanasının poliklinikası tikilmiş və müasir avadanlıqla təchiz edilmişdir.
Əhalinin mənzil-məişət problemlərinin həllinə xüsusi diqqət yetirilmişdir. Ümumilikdə 100-dən artıq evdə təmir işləri aparılmışdır. Bundan əlavə, 140 ailə yeni mənzillə təmin edilmişdir. Sumqayıtda uzun müddət istifadəsiz qalan "Şəfa" sanatoriyasının yeməkxana binası əsaslı şəkildə yenidən qurulmuş, 500 nəfərlik mərasim evi lazımi avadanlıqla təchiz edilərək məcburi köçkünlərin istifadəsinə verilmişdir. Sanatoriyanın istifadəsiz qalan ikinci mərtəbəsinin təmir edilməsi ilə 54 ailəyə yeni mənzillər verilmişdir.
Rayonda fəaliyyət göstərən idarə və müəssisələrin iş şəraitinin yaxşılaşdırılması məqsədilə də kompleks tədbirlər həyata keçirilmişdir. Rayon icra hakimiyyəti aparatı üçün alınmış bina əsaslı təmir edilərək yenidən qurulmuşdur. İcra hakimiyyətinin köhnə binasında da əsaslı təmir işlərinə başlanılmışdır. Həmin işlər yekunlaşandan sonra bina rayonun digər yerlərində fəaliyyət göstərən idarə və müəssisələrin ixtiyarına veriləcəkdir.
Məskunlaşma yerlərində elektrik, su, kanalizasiya, qaz və digər kommunal problemlərlə bağlı xeyli işlər görülmüşdür. Bütün bunlar əhali tərəfindən yüksək razılıq hissi ilə qarşılanır.
Məlumat verilmişdir ki, hazırda YAP rayon təşkilatı öz sıralarında 3166 nəfər üzvü birləşdirir. Təşkilatda 85 ərazi ilk təşkilatının fəaliyyət göstərdiyini deyən sədr bu siyasi qurumun rayonun ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatındakı fəal rolundan danışmışdır.
Tədbirdə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov və parlamentin deputatı İmamverdi İsmayılov çıxış edərək dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikada əldə edilmiş böyük uğurlardan, həyata keçirilən genişmiqyaslı infrastruktur və sosial layihələrdən söz açmışlar. Vurğulanmışdır ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin kökündə insanların rifahının, güzəranının daha da yaxşılaşdırılması, milli maraqların qorunması dayanır. Ötən 10 ildə insanların həyat səviyyəsinin əsaslı şəkildə dəyişdiyi diqqətə çatdırılaraq qeyd edilmişdir ki, xalqımız bu müsbət dəyişikliyin davamlı olmasını, Azərbaycanın parlaq gələcəyini dövlət başçısı İlham Əliyevin növbəti müddətə də Prezident seçilməsində görür.
Seçki kampaniyasının yüksək səviyyədə keçirilməsində YAP üzvlərinin də üzərinə şərəfli, eyni zamanda, məsuliyyətli vəzifələr düşür. Gərək hər bir partiya üzvü seçkilərin demokratik dəyərlər və normalar əsasında keçirilməsinə öz töhfəsini versin.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi son 10 ildə Azərbaycanda möhtəşəm inkişaf dövrü yaşandığını demişdir. Bildirmişdir ki, bu illər ərzində iqtisadiyyatımız 3 dəfə artmışdır ki, bu, dünya praktikasında nadir hallarda təsadüf olunan artım tempidir. Başçı sosial-iqtisadi inkişaf sahəsində əldə edilən uğurlardan, ölkə rəhbəri tərəfindən dövlətin müdafiə potensialının artırılması və perspektiv imkanlarını nəzərdə tutan irimiqyaslı layihələrin icrası istiqamətində aparılan ardıcıl və məqsədyönlü işlərdən danışmışdır.
Natiq rayon əhalisinin dövlət başçısı tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirilən siyasi və diplomatik səyləri yüksək qiymətləndirdiyini, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Prezidentin prinsipial mövqeyinin xalq tərəfindən birmənalı şəkildə müdafiə edildiyini xüsusi olaraq vurğulamışdır.
Görüşdə rayon ictimaiyyətinin nümayəndələri və YAP rayon təşkilatının fəalları çıxış edərək Qubadlı rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə gedən sosial-iqtisadi inkişafı, aparılan geniş tikinti-quruculuq işlərini və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işləri dövlət başçısının diqqət və qayğısının bariz nümunəsi kimi dəyərləndirmişlər.
Çıxışlarda belə bir inam ifadə olunmuşdur ki, qubadlılar ümummilli lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsinə tərəfdardırlar və heç bir tərəddüd etmədən qarşıdakı prezident seçkilərində Azərbaycanın davamlı inkişafının, tərəqqisinin, insanların rifahının qarantı olan dövlət başçısı İlham Əliyevə səs verəcəklər.