Ermənistanın hərbi təcavüzü nəticəsində Qubadlı rayonun işğalının 20-ci ildönümü ilə əlaqədar keçirilən tədbir haqqında
Avqustun 30-da Milli Təhlükəsizlik Nazirliyinin mədəniyyət mərkəzində Qubadlı rayonunun erməni hərbi birləşmələri tərəfindən işğalının 20-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların nümayəndələri və Qubadlı ziyalılarının iştirak etdikləri mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Sonra “Yol gedir...Qubadlıya” sənədli filmi nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd etmişdir ki, 1993-cü il avqustun 31-də Qubadlının erməni hərbi birləşmələri tərəfindən işğalı Ermənistanın 1988-ci ildən Azərbaycana qarşı başladığı təcavüzkar müharibənin tərkib hissəsidir. İşğalçı dövlətin hərbi təcavüzü ilə başlanmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin elə ilk günlərindən Qubadlı təcavüzkar Ermənistanın hədəfinə çevrilmişdi. İşğalçılara qarşı döyüşlərdə rayonun müdafiəçiləri böyük şücaət göstərmişlər.
Bu ədalətsiz müharibədə 238 qubadlılı şəhid olmuş, döyüşlərdə xüsusilə fərqlənən 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
M.İsaqov bildirmişdir ki, rayonun sakinləri yurd-yuvalarından didərgin düşərək məcburi köçkün kimi Sumqayıt şəhərində, eləcə də respublikanın 42 şəhər və rayonunda heç bir şəraiti olmayan binalarda məskunlaşmışdılar. Məcburi köçkünlüyün ilk vaxtlarında ciddi problemlərlə üzləşən rayon əhalisinə ümummilli lider Heydər Əliyevin i diqqət və qayğısı bu insanların həyat şəraitinə müsbət təsir göstərmişdir.
Qeyd olunmuşdur ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin qaçqın və məcburi köçkünlərlə bağlı siyasətini yüksək səviyyədə davam etdirir. Dövlətimizin başçısının doqquz il əvvəl təsdiqlədiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində qaçqın və məcburi köçkünlərin həyat şəraiti əsaslı surətdə yaxşılaşdırılmışdır. Ötən illər ərzində qaçqın və məcburi köçkünlərin mənzil-kommunal və sosial problemlərinin həlli ilə bağlı davamlı iş aparılmışdır.
M.İsaqov demişdir ki, köçkünlük illərində əsas məsələlərdən biri rayonun təhsil ənənələrinin qorunub saxlanması olmuşdur. Bu məqsədlə Qubadlı sakinlərinin daha sıx məskunlaşdığı Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunun ərazisində rayon təhsil şəbəkəsinin müasir tələblərə cavab verən maddi bazası yaradılmışdır. Bu illər ərzində 10 yeni məktəb binası inşa olunmuş, 22 məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Hər il məktəblərimizin 120-130 məzunu müxtəlif ali təhsil müəssisələrinə qəbul olunur. Xaricdə təhsil alan, Prezident təqaüdünə layiq görülənlər də az deyildir.
M.İsaqov çıxışını bu sözlərlə yekunlaşdırmışdır: “Ata-baba yurdlarına dönməkdə israrlı olan köçkün soydaşlarımız Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prinsipial mövqeyini birmənalı şəkildə dəstəkləyir və müdafiə edirlər”.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək bildirmişdir ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin ümumi sayı 1 milyon 200 min nəfərdir. Ermənistanın Azərbaycana vurduğu ziyanın həcmi də dəqiqləşdirilmişdir. Beynəlxalq Qiymətləndiricilər Assosiasiyasının araşdırmaları nəticəsində bunun 300 milyard dollardan çox olduğu müəyyənləşdirilmişdir.
Baş nazirin müavini demişdir: İşğal edilmiş rayonların əhalisi ötən iyirmi ildə öz ləyaqətlərini qoruyub saxlamışdır. Bu, asan məsələ deyildir. Çətin və dözülməz həyat şəraitində belə öz ləyaqətini, qürurunu və mənliyini uca tutmaq yalnız Azərbaycan xalqına məxsus xüsusiyyətdir. Təbii ki, belə bir xalqın gələcəyi çox yaxşı olmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev onlar üçün bu gələcəyi təmin etmişdir. Azərbaycan xalqı öz Prezidentinə inanır. Bu gün dövlətimizin başçısı xalqı üçün əlindən gələn hər şeyi edir. Azərbaycanın qaçqın və məcburi köçkünləri üçün yaradılan şəraitin dünyanın heç bir yerində analoqu yoxdur. Bu gün dünyanın bütün münaqişə zonalarında ən yaxşı təmin olunan Azərbaycan qaçqın və məcburi köçkünləridir. Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarı da öz çıxışlarında dəfələrlə bəyan etmişdir. Bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcəkdir.
Ə.Həsənov məlumat vermişdir ki, ilin sonunadək məcburi köçkünlər üçün tikilən qəsəbələrin sayı 82-yə, köçürülən əhalinin sayı isə 180 min nəfərə və 35 min ailəyə çatdırılacaqdır. Bu işlərin 90 faizindən çoxu son 10 il ərzində həyata keçirilmişdir. O, əminliklə vurğulamışdır ki, dövlətimizin başçısı Azərbaycanı bütün dünyanın maraq mərkəzinə çevirə bilibsə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin də həllinə nail olacaqdır.
Baş nazirin müavini çətin vaxtlarda Azərbaycan xalqı ilə birlikdə olduqlarına, köməklərini əsirgəmədiklərinə görə beynəlxalq humanitar təşkilatların nümayəndələrinə minnətdarlığını bildirmişdir.
Tədbirdə ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində qazanılmış uğurlardan da söz açılmışdır. Çıxışlarda belə bir əminlik ifadə olunmuşdur ki, Azərbaycanın güclü, qüdrətli ordusu ölkəmizin ərazi bütövlüyünü təmin etməyə qadirdir və işğalçıları torpaqlarımızdan qovub çıxaracaqdır. Bütün məcburi köçkünlər kimi, Qubadlı sakinləri də doğma yurdlarına qayıdacaqlar.
Anma mərasimi “Uzun sürməz bu həsrət” ədəbi-bədii kompozisiyası ilə başa çatmışdır.
Tədbir iştirakçıları, həmçinin mədəniyyət mərkəzinin foyesində Qubadlı rayonunun işğaldan əvvəlki və sonrakı dövrünü əks etdirən fotostendə də baxmışlar.