Ermənistanın hərbi təcavüzü nəticəsində Qubadlı rayonunun işğalının 20-ci ildönümü ilə əlaqədar keçirilən tədbir haqqında
31 avqust 2013- cü il tarixdə Ermənistanın hərbi təcavüzü nəticəsində Qubadlı rayonunun işğalının 20-ci ildönümü ilə əlaqədar olaraq rayon ictimaiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, qonaqların iştirakı ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib xatirə kompleksinə əklil qoydular.
Sonra tədbir 28 May Mədəniyyət evində davam etdirildi.
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov çıxış edərək qeyd etdi ki, bu gün Qubadlının işğalının 20-ci ili tamam olur. Zəngin tarixə malik olan rayonumuzun bütün əmlakı ermənilər tərəfindən talan edilmişdir. 20 ildir ki, Qubadlı əhalisi respublikamızın müxtəlif bölgələrində məcburi köçkün ömrü yaşayır. Əhalimizin mütləq əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıb. Harda məskunlaşmağından asılı oımayaraq rayon əhalisinin problem və çətinlikləri yerli icra strukturlarının diqqətindədir. Bu isə əsası Ulu öndərimiz tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam və inkişaf etdirilən siyasətin yerlərdə layiqincə icrasının təzahürüdür.
Başçı qeyd etdi ki, 20 il ərzində torpaq həsrəti bir an da olsun əhalimizi tərk etməyib. Dövlətimiz və hökümətimiz məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmini sahəsində kompleks tədbirlər həyata keçirmişdir. Bütün bu diqqət və qayğını minnətdarlıqla qarşılayan əhalimiz doğma yurda qayltmaq istəyi ilə yaşayır. Rayon əhalisi hər zaman Azərbaycan dövlətinə sadiqdir və qəti əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qubadlıya qayıdacağımız gün uzaqda deyil.
Başçı daha sonra bildirdi ki, Qubadlının işğalının 20 –ci ildönümü ərəfəsində rayonda bir sıra tədbirlər hazırlanmışdır. Bu sırada film, çap materialları da xüsusi yer tutmuşdur. Rayon İcra hakimiyyətinin sifarişi ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin istehsalı olan “Yol gedir... Qubadlıya” filmi, Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən üç dildə (Azərbaycan, ingilis və rus dillərində) çap olunmuş “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” kitabı, yurd nisgilli insanların qələmə aldığı yazıların toplandığı “20 il Qubadlı həsrəti ilə” kitabı və eyniadlı bülleten bu qəbildəndir.
M. İsaqov qeyd etdi ki, “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” kitabı rayonumuzun tarixində hadisədir. Qubadlının, eləcə də bütöv bölgənin tarixini özündə əks etdirən qiymətli elmi mənbədir. Burada verilmiş xəritələr Azərbaycan torpaqlarının Ermənistana verilməsini sübut edən təkzibedilməz faktlardır. Biz bu tarixi öyrənməli, gənclərimiz sosial şəbəkələrdə burada əks olunmuş tarixi faktları bölüşməlidir.
Milli Məclisin üzvü İmamverdi İsmayılov çıxış edərək 20 il ərzində vətən həsrəti ilə məcburi köçkünlük ömrü yaşayan Qubadlı əhalisinin nümayiş etdiridiyi dözümlülüyün və dövlətə sadiqliyin örnək olduğunu bildirdi. Qeyd etdi ki, bütün çətinliklərə rəğmən bu müddətdə rayon əhalisi Azərbaycanda vüsət almış quruculuq işlərində fəal iştirak etmişlər.
Rayonun işğalının 20 ilinin tamam olduğu ərəfədə görülən işlərdən bəhs edən natiq qeyd etdi ki, təkcə “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” kitabının hazırlanaraq nəşr edilməsi böyük, miqyaslı bir işin görüldüyünü deməyə bəs edər. Bu kitab zaman –zaman itirilmiş ərazilərimizin salnaməsidir. Qiymətli elmi, tarixi bir sənəddir.
Sonda Millət vəkili Ermənistanın təcavüzkar siyasətinə beynəlxalq güclərin yetərincə təzyiq etməməsinin təəssüf doğurduğunu bildirərək Azərbaycan Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə doğma torpaqlarımıza qayıdacağımıza olan sonsuz inamını dilə gətirdi.
Mərasimdə çıxış edən rayon ziyalısı Firdovsi Cəfərxan Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərə xüsusi diqqət və qayğısını minnətdarlıqla qeyd etdi. Qubadlı rayon İcra Hakimiyyəti Başçısının ziyalılarla görüşlərinin, onlarla məsləhətləşmələrinin çox dəyərli bir iş nümunəsi olduğunu, yüksək ictimai rəğbət qazandığını bildirdi. “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” kitabının ziyalılar arasında da çox minnətdarlıqla qarşılandığını xüsusi vurğuladı. Bunun əvəzsiz bir xidmət olduğunu bildirdi.
Sonda respublikanın tanınmış sənətçilərinin iştirakı ilə “Uzun sürməz bu həsrət” adlı ədəbi- bədii kompozisiya nümayiş etdirildi.