Beynəlxalq Ahıllar Günü münasibətilə Qubadlı rayonunda keçirilmiş tədbir haqqında məlumat
Hər il olduğu kimi, bu il də bu bayram rayonda təntənə ilə qeyd edildi, ahılların şərəfinə bayram süfrəsi açıldı. Tədbiri giriş nitqi ilə açan Qubadlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Fazil Nərimanov məlumat verdi ki, rayonumuzda yaşlı insanlara, qoca və ahıllara xüsusi diqqət rayon rəhbərliyinin diqqət mərkəzindədir. Bu tədbirin keçirilməsi də məhz bu qayğının təzahürlərindən biridir. Bildirdi ki, BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilmiş, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar ili elan olunmuşdur.
Bu məsələyə Respublikamızda da ciddi diqqət yetirilir. 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır.
1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda "Beynəlxalq Ahıllar Günü" kimi qeyd olunur. Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökümət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir.
Tədbirdə Qubadlı rayon İcra Hakimiyyəti Başçısının müavini Rasim Xalıqverdiyev çıxış edərək tədbir iştirakçısı olan ahılları, onların şəxsində rayonun bütün ahıl sakinlərini İcra Başçısı Malik İsaqovun adından təbrik etdi, onlara xoş arzularını çatdırdı. Qeyd etdi ki, Azərbaycan dövləti, onun başçısı İlham Əliyev cənabları yaşlı insanlara, ahıl vətəndaşlara xüsusi diqqət və qayğı ilə yanaşır. Hər il Ahıllar gününün respublikamızda geniş şəkildə qeyd edilməsi, ahıl vətəndaşların məşğulluğu, onların sosial müdafisəinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bunun parlaq nümunəsidir.
Qubadlı rayonunda ahıl insanlara diqqət isə rayon rəhbərliyinin xüsusi nəzarətindədir. Bu, təsadüfi deyil. Ümumiyyətlə, ahıllar kövrək olur, diqqətə, qayğıya ehtiyac duyurlar. Rayonumuzun ahılları isə daha kövrəkdirlər. Onların ömrünün bu dövrü məcburi köçkünlük dövrünə düşüb. Doğulub boya-başa çatdığı doğma yurdlarından didərgin düşən, illərlə tikib qurduqlarını, qazandıqlarını itirən bu insanlar isti ocaqlarının həsrəti ilə qovrulurlar. Ona görə də indi bu insanlara daha artıq diqqət göstərilməlidir və bu məqam Qubadlı rayon rəhbərliyinin fəaliyyətində həmişə prioritet olub. Vaxtaşırı olaraq yaşlı nəslin nümayəndələri ilə görüşmək, onların problemlərini öyrənməklə yanaşı həm də həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək, nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək rayon icra hakimiyyətinin işdə önəm verdiyi məsələlərdəndir.
Tədbirdə çıxış edən ahıllar onlara göstərilən xüsusi diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyev cənablarına dərin minnətdarlıqlarını bildirdilər. Belə bir qəti inamlarını dilə gətirdilər ki, məhz İlham Əliyev cənablarının başçılığı ilə, onun apardığı siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, doğma yurdlarına qayıdacaqlar.
Çıxış edənlər Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun qayğısını razılıqla qeyd etdilər.
Bayram münasibətilə 50 nəfər ahıla ərzaq bağlamaları verildi.