Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonunda Müəllim Günü münasibətilə keçirilən tədbir haqqında

08 oktyabr 2013 | 15:00

4 oktyabr 2013-cü il tarixdə Qubadlı rayonunda Beynəlxalq Müəllim Günü münasibətilə tədbir keçirildi.
Hafiz Quliyev adına texniki fənlər təmyüllü Çaytumas məktəb-liseyinin yenicə istifadəyə verilmiş akt zalında keçirilən tədbirdə rayon ictimaiyyətinin və təhsil işçilərinin, idarə müəssisə və təşkilatların nümayəndələri iştirak edirdi. Tədbirdə Milli Məclisin üzvü İmamverdi İsmayılov da iştirak edirdi.
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısı cənab Malik İsaqov təhsil işçilərini təbrik etdi.  Azərbaycan dövlətinin təhsilə, təhsil işçilərinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs etdi. Bildirdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın təhsil siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan islahatların nəticəsində ölkəmizdə təhsil sahəsi sürətlə inkişaf etmiş, milli təhsilimizin dünyaya inteqrasiyası sürətlənmişdir. Bu gün Azərbaycanda məktəb tikintisi prioritet sahələrdən biridir. Son 10 il ərzində 2700-ə yaxın məktəb binası tikilmiş, əsaslı təmir edilmişdir. Təhsilə büdcə ayırmalarının həcmi 6 dəfədən çox artmışdır.  Məktəb tikintisi sahəsində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Dövlət başçısı tərəfindən müəllim əməyinin qiymətləndirilməsi, əmək haqlarının artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Başçı rayonda məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında danışaraq bildirdi ki, bu istiqamət rayon icra Hakimiyyətinin daimi diqqət mərkəzində olmuşdur. Bu gün Qubadlıda   fəaliyyəti bərpa edilmiş 32 məktəbdən 10-u yeni tikilmiş, 20-yə qədəri isə yenidən qurulmuş, əsaslı təmir edilmiş binalarda fəaliyyət göstərir. 27 məktəbdə istilik sistemi quraşdırılmışdır. Təkcə 2013-cü ildə 5 məktəbdə əsaslı təmir, tikinti işləri aparılmışdır. Məktəblərin zəruri inventarlarla təchizatı normal səviyyədədir. Müəllim əməyinin qiymətləndirilməsi məsələsi də rayon rəhbərliyinin önəm verdiyi məsələlərdəndir. İndi Qubadlı məktəbində çalışan müəllimlərin 7 nəfəri “Əməkdar müəllim”dir.  6 nəfər “Tərəqqi” medalına layiq görülmüşdür. Bu işlər gələcəkdə də davam etdiriləcəkdir.  Əminik ki, pedaqoji kollektivlərimiz onların qarşısında duran bütün vəzifələri layiqincə yerinə yetirmək əzmindədirlər.
Tədbirdə Rayon Təhsil şöbəsinin müdiri Afət Allahverdiyeva çıxış edərək bildirdi ki, rayonun müəllimləri onlara göstərilən diqqət və qayğı üçün dövlət başçısına minnətdardırlar. Şöbə müdiri Qubadlı rayon icra Hakimiyyəti başçısının təhsilin inkişafına göstərdiyi diqqətin ictimaiyyət tərəfindən razılıqla qarşılandığını qeyd etdi. Vurğuladı ki, bu gün Qubadlı rayon məktəblərində yaradılmış güclü maddi-texniki baza,  informasiya kommunikasiya texnologiyalarından və müasir təlim metodlarından səmərəli istifadə edilməsi özünü təhsildəki uğurlarda göstərir. Hər il yüzlərlə məzunu tələbə adını qazanan Qubadlı rayonunda bu il 165 nəfər ali məktəblərə qəbul olmuşdur. Bu isə imtahanlarda iştirak edənlərin 58 faizni təşkil edir.
Razılıqla vurğulandı ki, bu il tələbə adını qazananların 29 nəfəri imtahanlarda 500-dən yuxarı,  10 nəfəri isə 600 və daha çox bal toplamışdır.
Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan Prezidentinin bütün sahələrdə olduğu kimi təhsil sahəsində də apardığı siyasətin alternativi olmadığını dilə gətirdilər.
Çıxışlarda razılıqla  bildirildi ki, rayon müəllimlərinin əməyinin qiymətləndirilməsi istiqamətində görülən işlər də ürəkaçandır. Dövlətimizin təhsil işçilərinə qarşı bu diqqət və qayğısı sonsuz minnətdarlıqla qarşılanır. Belə bir qəti əminlik ifadə edildi ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad ediləcək, gələcəkdə daha böyük uğurlara imza atılacaqdır.
Tədbirdə bir qrup qabaqcıl təhsil işçisinə Qubadlı rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı təqdim edildi.
Tədbir konsert proqramı ilə davam etdirildi.

Keçidlər