Qubadlı rayonunda 9 ayın yekunları müzakirə edilmişdi
22 oktyabr 2013-cü il tarixdə Sumqayıtda yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında cari ilin doquz ayında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclas keçirilmişdir.
Rayon ictimaiyyətinin bütün təbəqələrindən nümayəndələrin təmsil olunduqları tədbirdə rayon icra hakimiyyətinin başçısı Malik İsaqov məruzə ilə çıxış etmişdir. Çıxışına 9 oktyabrda keçirilən Prezident seçkilərinin uğurla başa çatması və Prezident İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə təbriklə başlayan başçı oktyabrın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının proqram xarakterli nitqində irəli sürülmüş müddəa və göstərişləri bir daha diqqətə çatdırmışdır. Başçı bildirmişdir ki, Nazirlər Kabinetinin yığıncağı Prezident seçkiləri ərəfəsinə təsadüf etdiyi üçün ölkə başçısı cari ilin 9 ayının yekunları ilə bərabər Azərbaycan Respublikasında son 10 ildə görülən işləri də təhlil edərək göstərmişdir ki, bu illər dinamik iqtisadi və sosial inkişaf, mədəni yüksəliş, beynəlxalq nüfuzun artması cəhətdən hər bir dövlətin arzu etdiyi möhtəşəm irəliləyiş illəri olmuşdur.
2013-cü ilin 9 ayının Azərbaycan üçün uğurlu olduğunu və qarşıda duran bütün vəzifələrin icra edildiyini vurğulayan başçı bu uğurların Qubadlı rayonunun həyatında da öz parlaq ifadəsini tapdığını qeyd edərək demişdir ki, hesabat dövründə rayonda məcburi köçkünlərimizin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Qubadlıdan olan və Bakı şəhərində yataqxanalarda və Quba rayonunun Nügədi kəndi ərazisində məskunlaşan 43 ailə Dövlət Proqramı çərçivəsində Müşviqabad qəsəbəsində inşa edilən yeni şəhərciyə köçürülmüşlər. Ümumilikdə isə rayon üzrə 145 ailə yeni mənzillə təmin olunmuşdur.
Məruzəçi demişdir ki, hazırda rayonun əhalisi 35 min 300 nəfərdir. Əhalimiz respublikanın 42 şəhər və rayonunda məskunlaşmışdır. Onların böyük əksəriyyəti, yəni 22 min 400 nəfəri, yaxud 63 faizi Sumqayıt şəhərində, qalan 12 min 900 nəfəri, yaxud 37 faizi respublikanın müxtəlif şəhər və rayonlarında yaşayırlar.
Başçı qeyd etmişdir ki, Rayon İcra Hakimiyyəti və yerli icra strukturları əhali ilə sıx təmasda işləmiş, onların sosial, kommunal, təhsil və digər problemlərinin öyrənilməsi, üzləşdikləri çətinliklərin aradan qaldırılması istiqamətində iş aparmışlar. Qış mövsümünə hazırlıq məqsədilə əhalinin sıx məskunlaşdığı binalarda dam örtüklərinin təmirinə xüsusi diqqət ayrılmışdır. Köçkünlərimizin daha çox məskunlaşdığı Sumqayıt şəhərində 8 məskunlaşma obyektində 6 min 80 kvadratmetr dam örtükləri yumuşaq dam örtüyü materialı ilə, 2 məskunlaşma obyektində isə 560 kvadratmetr dam örtüyü dəmir şifer materialı ilə təmir edilmişdir. “Şəfa” sanatoriyasında köhnə kulub binasının idman zalına çevrilməsi üçün əsaslı yenidənqurma işləri və Sarıqaya yaşayış massivində Kondisionerlər zavodunun keçmiş istirahət mərkəzinin həyətində məskunlaşan 18 məcburi köçkün ailəsi üçün sanitar qovşaqlar və hamamın tikintisi başa çatdırılmışdır. Eyni zamanda, həmin istirahət mərkəzində məskunlaşan ailələrin təbii qazla təminatı üçün 950 p/metr qaz xətti istifadəyə verilmişdir. “Sumqayıt” mehmanxanasında kanalizasiya xətti yenisi ilə əvəz edilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən 7 ailəyə müxtəlif tikinti materialları ilə də köməklik göstərilmişdir.
M. İsaqov demişdir ki, hesabat dövründə abadlıq təmir işlərinə də xüsusi diqqət yetirilmişdir. Belə ki, Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yerləşən Xıdırlı kənd tam orta məktəbinə gedən yolun 700 metr, Ceyranbatan bağ massivində yerləşən Çardaqlı kənd tam orta məktəbinə gedən yolun 1 km-ə yaxın məsafəsı təmir edilərək asfalt örtük çəkilmişdir. Xələc kənd tam orta məktəbinə gedən yola asfalt örtük, “İnşaatçılar” qəsəbəsindəki 8 saylı yataqxananın həyətində 1000 kvadrat metr sahəyə çınqıl tökülməklə asfalt - beton örtük döşənmişdir. Bundan əlavə, İnşaatçılar qəsəbəsində köçkünlərin məskunlaşdığı əraziyə gedən yola və Aşağı Mollu kənd tam orta məktəbinə gedən yola çınqıl döşənərək təmir işləri aparılmışdır. Məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində aparılan işlər də davam etdirilmiş, Çaytumas məktəb liseyində əlavə korpus inşa edilmiş, burada 6 əlavə sinif otağı və ikinci mərtəbədə akt zalı istifadəyə verilmişdir. Çardaqlı kənd tam orta məktəbində də şagird sıxlığını nəzərə alaraq əlavə 4 sinif otağı tikilmişdir. Hər iki məktəbdə tikilmiş əlavə sinif otaqları istilik sistemi ilə təchiz edilmişdir.
Məruzəçi hesabat dövründə rayonun icra strukturlarının iş şəraitinin daha da yaxşılaşdırılması istıqamətində görülən işlərdən bəhs edərək bildirmişdir ki, bu müddətdə rayon İcra Hakimiyyəti üçün alınmış yeni binada əsaslı təmir və yenidənqurma işləri aparılmış, burada əlavə bir mərtəbə inşa edilərək orada 150 nəfərlik akt zalı və rayon Tarix diyarşünaslıq muzeyi üçün zal inşa edilmişdir. Binanın ətrafındakı ərazidə aparılmış abadlıq və yenidənqurma işləri bu ərazinin görkəmini büsbütün dəyişmiş və insanların daima istirahət etdikləri bir məkana çevrilmişdir. Rayon İcra Hakimiyyətinin əsaslı təmir edilən köhnə binasında son tamamlama işləri görülür. Yaxın vaxtlarda burada rayon Maliyyə və Təhsil şöbələrinin normal fəaliyyətləri üçün əlverişli iş şəraiti yaradılacaqdır.
Məruzəçi hesabat dövründə rayonun idarə, müəssisə və təşkilatları tərəfindən görülən işlərdən bəhs edərək qeyd etmişdir ki, 2013-cü ilin 9 ayında rayon büdcəsinin icrası əsasən proqnoz göstəricilərinə uyğun olmuşdur. Ayrı-ayrı sahələr üzrə büdcəyə daxilolma proqnozları artıqlaması ilə ödənilmişdir. Hazırda rayonda 7 min 749 nəfər pensiyaçı qeydiyyatdadır. Rayon üzrə pensiyaların orta məbləği 158 manat təşkil edir. Çari ilin 9 ayı ərzində 255 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. Rayon üzrə ümumilikdə 302 ailə ünvanlı sosial yardım alır. Həmin ailələrin hər birinə orta hesabla 106 manat aylıq müavinət ödənilir.
Başçı məlumat vermişdir ki, hazırda rayon üzrə əmək ehtiyatlarının 18 min 969 nəfərdir ki, bunlardan da 18 min 700 nəfəri əmək qabiliyyətlidir. Əhalinin iqtisadi fəallıq səviyyəsi 60,2 faiz, məşğulluqsəviyyəsi 93,5 faiz, işsizliyin səviyyəsi 6,5 faizdir. 2003-cü ildən ötən dövr ərzində rayonda 2 min 778 yeni iş yeri yaradılmışdır ki, bunun da 208-i cari ilin doqquz ayına təsadüf edir.
Rayon Təhsil sistemində pedoqoji prosesin keyfiyyətinin yüksəldilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilmişdir. 2012-2013-cü tədris ili 99,09 faizlə yekunlaşmışdır. Mərkəzləşdirilmiş buraxılış imtahanlarının yekununa görə rayon təhsili respublikada öncül təhsil sahəsi kimi fərqlənmişdir. Bu uğur öz təsirini ali məktəblərə qəbul zamanı da göstərmişdir. Belə ki, cari ildə rayon məktəblərini bitirən 339 nəfərdən 286 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 165 nəfəri tələbə adını qazanmışdır. 29 nəfər məzun yüksək balla ali məktəblərə qəbul olmuşdur. 5 nəfər məzun xarici universitetlərdə təhsil alırlar.
Ötən 9 ay ərzində Mərkəzi Xəstəxananın Poliklinika şöbəsində və 2 tibb məntəqəsində əhaliyə göstərilən tibbi xidmətin daha da yaxşılaşması üçün müvafiq işlər görülmüşdür. Poliklinikada və tibb məntəqələrində 19346 ambulator xəstə qəbul edilmişdir. 96 xəstə stasionar, 51 xəstə isə sanator -kurort müəssisələrinə göndərilmişdir. Poliklinikada hazırda 330 xəstə şəkərli diabet diaqnozu ilə qeydiyyatdadır və bütün xəstələr vaxtlı-vaxtında dərman preparatları ilə təmin olunurlar.
2013-cü ilin ötən 9 ayı ərzində Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən bir çox tədbirlər həyata keçirilmiş, görüşlər, toplantılar, konsertlər təşkil edilmişdir ki, bu tədbirlər içərisində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinin təntənə ilə qeyd edilməsi daha yaddaqalan olmuşdur.
Ötən 9 ayda gənclərlə iş və idmanın inkişafı daim diqqət mərkəzində saxlanılmışdır. Cari ildə 6 idmançımızın beynəlxalq yarışlarda iştirakına Rayon İcra Hakimiyyəti tərəfindən köməklik edilmişdir. 3 idmançımız dünya çempionu, 4 idmançımız isə Avropa çempionu adını qazanmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı aztəminatlı ailələrə göstərilən köməkliklərdən bəhs edərək bildirmişdir ki, cari ilin 9 ayında şəhid ailələrinə 12 min 630 kq un, 2 min 526 kq şəkər tozu, 252 kq çay, 2 min 526 litr bitki yağı yardım edilmişdir. Digər kateqoriyalardan olan aztəminatlı ailələrə 11 min 954 manatlıq sənaye malı paylanmışdır. Bundan əlavə yas mərasimlərinin təşkili, müalicə xərclərinin ödənilməsi və digər məsələlərlə bağlı ayrı-ayrı köçkünlərə Rayon İcra Hakimiyyəti tərəfindən 52 min 490 manat yardım göstərilmişdir.
2013-cü ilin 9 ayı ərzində Rayon İcra Hakimiyyətinə 216 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərə qanunun və təlimatın tələblərinə uyğun baxılmışdır. Təhlili göstərir ki, edilmiş müraciətlərin böyük əksəriyyəti kommunal-məişət xarakterlidir.
Demoqrafik vəziyyətdən bəhs edən M. İsaqov bildirmişdir ki, hesabat dövrü ərzində 421 nəfər körpə doğulmuş, 172 nəfər ölüm faktı qeydə alınmışdır. Ölənlərin 1 nəfəri 1 yaşa qədər uşaqdır. 187 nigah bağlanmış, 45 boşanma halı olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqaisədə boşanma halı azalmışdır.
Başçı sonda əminlik hissi ilə bildirmişdir ki, möhtərəm cənab Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çıxışdan irəli gələn vəzifələri özlərinə fəaliyyət proqramı kimi qəbul edən qubadlılar bundan sonra da üzərlərinə düşən öhdəliklərin yerinə yetirilməsinə var qüvvə ilə çalışacaqlar.
Məruzə ətrafında çıxış edənlər təmsil etdikləri sahələr üzrə görülmüş işlər barəsində məlumat vermiş, əldə olunmuş uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından danışmış, təkliflər irəli sürmüşlər. Bildirilmişdir ki, rayon əhalisi bundan sonra da qarşıya qoyulan vəzifələri vaxtında yerinə yetirəcək, ölkənin inkişafı, xalqın rifahı naminə əzmlə çalışacaqlar. Natiqlər Azərbaycanın əldə etdiyi nailiyyətlərdən qürur duyduqlarını bildirərək, məcburi köçkünlərə göstərilən böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Müzakirə edilən məsələ ilə bağlı qərar qəbul edilmişdir.