Şriftin ölçüsü :

Saytın rəngi :

“8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir keçirildi.

07 mart 2024 | 17:10
     07 mart 2024-cü il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər 28 May mədəniyyət evində “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, Hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilatlarda çalışan qadınlar, Şəhid anaları, ağbirçək analar, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbirə başlamazdan əvvəl Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil olunmuş sərgiyə baxış keçirildi.
  Tədbirdə məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm xanım Alıyeva qadınları təbrik edərək qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs edərək qeyd etdi ki, milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər.
Azərbaycanda qadın hüquqları dünyanın bir çox ölkələrindən əvvəl dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmiş, 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti müsəlman Şərqində ilk dəfə olaraq qadına seçmək və seçilmək hüququ vermişdir. Müqayisə üçün deyə bilərik ki, bundan 2 il sonra Amerika Birləşmiş Ştatlarında, 26 il sonra Fransada, 53 il sonra isə İsveçrədə qadınlar seçkilərdə iştirak hüququ ala bilmişlər. Sovetlər Birliyi dövründə də Azərbaycan qadınlarının ictimai həyatda fəallığı artmışdır. Bu dövrdə baş verən ictimai-siyasi proseslər, iqtisadiyyatın sürətli inkişafı qadınların maariflənməsinə və ictimai həyata qoşulmasına səbəb olmuşdur. Ötən əsrin 70-ci illərində Ümummilli lider Heydər Əliyev Azərbaycanın rəhbəri seçiləndən sonra qadınların ictimai həyatda yeri və mövqeyi daha da möhkəmlənmişdir. Qadınların təhsil səviyyəsinin yüksəldilməsi, müxtəlif peşələrə yiyələnərək öz istedad və bacarıqlarını göstərə bilmələri həmin dövrün başlıca nailiyyətidir. Bu dövrdə qadınlar Azərbaycanın və Sovetlər Birliyinin ali hakimiyyət orqanlarına deputat seçilir, yüksək vəzifələrə təyin olunurdular.
Azərbaycan qadını zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə hər zaman öz töhfələrini veriblər. Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Müasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmurudur.
Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev İcra Hakimiyyətinin başçısı Malik İsaqovun adından qadınları təbrik edərək qeyd etdi ki, ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli Fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir. Ümummilli Lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı demişdir: “Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayır.
Elə bir sahə yoxdur ki, orada Azərbaycan qadınının səsi eşidilməsin, onun fəaliyyəti şaxələnməsin. "Azərbaycan qadını istər döyüş meydanında, istərsə də ən yüksək beynəlxalq tribunalarda sözünü deməyə qadirdir. Bunun əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər tərəfindən Azərbaycan qadınına olan diqqət və qayğı hər kəsin gözü qarşısında baş vermişdir. Onun qadına verdiyi qiymət, Azərbaycan qadını haqqında ifadə etdiyi səmimi tarixi fikirlər heç bir qadının yaddaşından silinə bilməz. Ümummilli Lider Heydər Əliyev qadınlar haqqında belə bir fikir səsləndirmişdir: "Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, həyat ola bilməz. Azərbaycanda qadınlar da öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə dünya qadınları içərisində özünəməxsus yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik".
Qeyd olundu ki, Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. 
Həmçinin vurğulandı k, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Onların hərtərəfli parlaq fəaliyyətləri, xeyirxahlıq missiyaları, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördükləri işlər əsl örnəkdir. 
Milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firəvan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər. Dövlət quruculuğumuzun bütün istiqamətlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, mədəniyyətimizin inkişaf etdirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər. 
   Bu gün həm də torpaqlarımızın bütövlüyü uğunda şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. 
Biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.
Artıq Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. 
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrından 9 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən Müharibəsində tarixi Zəfərə imza atdı, ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi. 
Həmçinin 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycan Bayrağı işğaldan azad olunmuş bütün ərazilərimizdə qürurla dalğalanır.
  Tədbirdə, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlar təqdim edildi.
Sonda tədbir Regional Mədəniyyət İdarəsi tərəfindən hazırlanmış konsert proqramı ilə davam etdirildi.
Keçidlər