Şriftin ölçüsü :

Saytın rəngi :

“8 Mart Beynəlxalq Qadınlar Günü”

07 mart 2023 | 10:27

“8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Qubadlı rayon Təhsil sektorunun binasında 07 mart 2023-cü il tarixdə tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayonun idarə, müəssisə rəhbərlər, həmin idarə və müəssisələrdə çalışan xanımlariştirak edirdilər.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qadınları təbrik edərək qeyd etdi ki, Azərbaycan qadını  zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər.Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Müasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmurudur.

Ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir. Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı demişdir: “Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayır.
Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

Milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firəvan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər. Dövlət quruculuğumuzun bütün istiqamətlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, mədəniyyətimizin inkişaf etdirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər. Bu gün həm də torpaqlarımızın bütövlüyü uğunda şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Bu il Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.

Qadınlarımız ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Onların hərtərəfli parlaq fəaliyyətləri, xeyirxahlıq missiyaları, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördükləri işlər əsl örnəkdir.

Daha sonra məruzə ilə çıxış edən Qadınlar Şurasının sədri Nuriyyə Hüseynova qadınları bu xoş gün münasibəti ilə təbrik edərək qeyd etdi ki, mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə etmişdir. Eyni zamanda vurğulandı ki, Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınlarımızın müstəsna rolu olmuşdur.

Azərbaycanda qadın hüquqları dünyanın bir çox ölkə­lərindən əvvəl dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmiş, 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti müsəlman Şərqində ilk dəfə olaraq qadına seçmək və seçilmək hüququ vermişdir. Müqayisə üçün deyə bilərik ki, bundan 2 il sonra Amerika Birləşmiş Ştatlarında, 26 il sonra Fransada, 53 il sonra isə İsveçrədə qadınlar seçkilərdə iştirak hüququ ala bilmişlər. Sovetlər Birliyi dövründə də Azərbaycan qadınlarının ictimai həyatda fəallığı artmışdır. Bu dövrdə baş verən ictimai-siyasi proseslər, iqtisadiyyatın sürətli inkişafı qadınların maariflənməsinə və ictimai həyata qoşulmasına səbəb olmuşdur. Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev Azərbaycanın rəhbəri seçiləndən sonra qadınların ictimai həyatda yeri və mövqeyi daha da möhkəmlənmişdir. Qadınların təhsil səviyyəsinin yüksəldilməsi, müxtəlif peşələrə yiyələnərək öz istedad və bacarıqlarını göstərə bilmələri həmin dövrün başlıca nailiyyətidir. Bu dövrdə qadınlar Azərbaycanın və Sovetlər Birliyinin ali hakimiyyət orqanlarına deputat seçilir, yüksək vəzifələrə təyin olunurdular. 

Digər çıxış edənlər Ağsaqqallar Şurasının sədri Əvəz Həsənov, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, şair Elbrus Qayalı və Zilanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Telman Cabbarov qadınları ürəkdən təbrik edərək onlara xoş arzularını bildirdilər. Qeyd olundu ki, elə bir sahə yoxdur ki, orada Azərbaycan qadınının səsi eşidilməsin, onun fəaliyyəti şaxələnməsin. "Azərbaycan qadını istər döyüş meydanında, istərsə də ən yüksək beynəlxalq tribunalarda sözünü deməyə qadirdir. Bunun əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dahi öndər Heydər Əliyev tərəfindən Azərbaycan qadınına olan diqqət və qayğı hər kəsin gözü qarşısında baş vermişdir. Onun qadına verdiyi qiymət, Azərbaycan qadını haqqında ifadə etdiyi səmimi tarixi  fikirlər heç bir qadının yaddaşından silinə bilməz. Ümummilli Lider Heydər Əliyev qadınlar haqqında belə bir fikir səslənmişdir: "Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, həyat ola bilməz. Azərbaycanda qadınlar da öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə dünya qadınları içərisində özünəməxsus yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik".

Sonra RİH-in başçısı tərəfindən rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərman və hədiyyələri təqdim edildi.

Sondaxanımlar cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərdikləri diqqət və qayğıya görə, eyni zamanda Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

Keçidlər