Şriftin ölçüsü :

Saytın rəngi :

Yurdumuza Bahar gəlir

19 mart 2014 | 16:00

Xalqımızın ən əziz bayramı olan Novruz bayramı, xüsusilə də ilin axır çərşənbəsi Qubadlı rayonunda hər il yüksək səviyyədə, təntənəli surətdə qeyd edilir. Ənənvi olaraq bu bayram ərəfəsində məcburi köçkünlərdən olan aztəminatlı şəhid ailələrinə Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən bayram sovqatları paylanır.
Bu il də ilaxır çərşənbə və Novruz bayramı münasibətilə 18 mart 2014-cü il tarixdə Qubadlılar Sumqayıt şəhərindəki 17-ci mkr.-da yerləşən Olimpiya idman kompleksində bayram şənliyi təşkil etmişdilər. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və Milli Məclisin deputatı İmamverdi İsmayılov, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Bayramsayağı bəzədilmiş Olimpiya idman kompleksində Qubadlı ab-havası hökm sürürdü. Kəndirbaz və kosanın nümayiş etdirdiyi oyunlar iştirakçılara xoş ovqat bəxş edirdi.
Bayram şənliyindən öncə yandırılmış tonqal ətrafında məcburi köçkünlərlə görüşən Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov və Milli Məclisin deputatı İmamverdi İsmayılov onları bayram münasibətilə təbrik etmişlər. Qeyd olundu ki, Qubadlı camaatı ümummilli lider Heydər Əliyevin siyasətinə daim sadiqdirlər və onun layiqli davamcısı Prezident İlham Əliyevi hər zaman dəstəkləyirlər. Belə bir inam ifadə edildi ki, Möhtərəm Prezidentimizin apardığı siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək və belə çərşənbə tonqalları hər kəsin öz yurdunda, öz həyətində alovlanacaq.
Təşkil olunmuş bayram tədbiri xalq oyunları ilə zinətlənirdi. Novruzun atributlarından olan Şah öz “taxtına” çıxdı. Şikayətlər, təkliflər şaha ünvanlandı. Şahın qərarları rəğbətlə qarşılandı.
Rayonda məhşur olan “Ənzəli”, “Dilədöymə” və digər oyunlar maraqla qarşılanırdı.
Şənliyə respublikanın tanınmış incəsənət xadimlərinin ifalarında hazırlanmış konsert proqramı xüsusi rövnəq verirdi. Bayram tonqalı ətrafında xalq rəqsləri ifa edilirdi.
Qubadlıdan olan pəhləvanların ifasında idman oyunları maraq doğururdu.
Daha sonra bayram şənliyi çay sürfəsi ilə davam etdirilmişdir.

Keçidlər