31 mart Azərbaycanlıların Soyqırımı günü
Qubadlı rayonunun idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında Azərbaycanlıların Soyqırımı günü münasibəti ilə müxtəlif səpkili tədbirlər qeyd edilmişdir.
Bu silsilədən olan daha bir tədbir 29 mart 2014-cü il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qubadlı rayonu İsa Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbində keçirilmişdir. Tədbirdə İcra Hakimiyyətinin məsul şəxsləri, rayonunun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı Rayon təşkilatının sədri A.Haqverdiyev açdı. 1918-ci il martda baş verən hadisələr haqqında geniş məlumat verən natiq bildirdi ki, həmin hadisələr əslində bolşeviklərin daşnaklarla birlikdə azərbaycanlılara qarşı həyata keçirdikləri milli qırğın siyasəti idi. 1918-ci ili mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə həyata keçirilən bu qırğın nəticəsində erməni faşistləri on minlərlə azərbaycanlını qətlə yetirmiş, öz torpaqlarından qovmuşlar.
Sonra tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, Aşağı Mollu kənd tam orta məktəbinin tarix müəllimi Nəhayət İsgəndərova, Şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Saleh Cəfərov, Aşağı Mollu kənd tam orta məktəbinin X sinif şagirdi Əlizadə Humay və digərləri 1918-ci ilin mart ayında erməni daşnaklarının törətdikləri soyqırımına, erməni vəhşiliyinə dair məqamlara bir daha diqqət yönəldərək bildirdilər ki, bəlkə də, bizim belə faciələrə dövrü olaraq məruz qalmağımızın başlıca səbəblərindən biri unutqanlığımız, bu istiqamətlərdə məlumatların zamanında öyrənilərək ictimaiyyətə çatdırılması sahəsində işlərimizdəki sistemsizlikdir. Amma Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanmış “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli və “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanları bu sahədə çox dərin və dəyərli elmi mənbə olmaqla həm də hər birimiz üçün aktuallığını heç zaman itirməyən fəaliyyət proqramıdır.
Qeyd olundu ki, bu gün erməni böhtanlarının ifşası, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətlərinə çatdırılması istiqamətində Prezident İlham Əliyev cənabları tərəfindən ardıcıl və prinsipial siyasət həyata keçirilir.
Bu sahədə Heydər Əliyev Fondunun misilsiz xidmətləri vardır.
Çıxışlarda vurğulandı ki, biz mənfur qonşularımızın böhtan və şayələrinə, hər cür həmlələrinə hazır olmaq üçün məhz tariximizin qaranlıq sahələrini öyrənməli və öyrətməliyik.
Sonra anım tədbiri şagirdlərin ifasında ədəbi-bədii kompazisiya ilə davam etdirilir.
Sonda 31 mart soyqırımından bəhs edən film nümayiş etdirilir.