Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci rübün yekunları

19 aprel 2014 | 15:00

Aprelin 18-də Qubadlı Rayon İcra Hakimiyyətində cari ilin birinci rübünün sosial–iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş şura iclası keçirilmişdir.
Rayon ictimaiyyətinin bütün təbəqələrinin nümayəndələrinin təmsil olunduğu tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Malik İsaqov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısının proqram xarakterli nitqinin əsas müddəalarını bir daha diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, ilin birinci rübünün nəticələri bütövlükdə 2014-cü ilin də ölkəmiz üçün uğurlu göstəricilərlə reallaşacağından xəbər verir. Əldə olunan bütün nailiyyətlər ulu öndər Heydər Əliyevin müdrikliklə gələcəyə hesablanmış inkişaf strategiyasının dövlətimizin başçısı İlham Əliyev tərəfindən qətiyyət və yaradıcılıqla həyata keçirilməsinin bəhrəsidir.
Malik İsaqov onu da vurğulamışdır ki, məcburi köçkünlərin mənzil-məişət məsələlərinin yaxşılaşdırılması respublika rəhbərinin daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, 2014-cü ildə 20 min məcburi köçkünün mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur.
Şura iclasında rayon icra hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev cənablarının nitqində irəli sürülən müddəa və göstərişlərlə əlaqədar Qubadlı rayonunun icra strukturlarının, idarə, müəssisə və təşkilatlarının vəzifələri haqqında” məruzəni yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.
Məlumat verilmişdir ki,  2014-cü ilin birinci rübündə əhalinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması işi Qubadlı rayon icra hakimiyyətinin fəaliyyətində əsas istiqamətlərdən biri olmuşdur. Rüb ərzində rayon əhalisinin dislokasiya vəziyyətində ciddi bir dəyişiklik müşahidə edilməmişdir. Yalnız Sumqayıt şəhərində məskunlaşma vəziyyəti ağır olan 3 ailənin “Şəfa” sanatoriyasının binasında təmir edilmiş mənzillərə köçürülməklə onların yaşayış səviyyəsi qismən yaxşılaşdırılmışdır.
Bundan başqa, daha 5 ailəyə mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müxtəlif tikinti materialı ilə, 7 ailəyə isə yenə eyni məqsədlə 2300 manat məbləğində  pul verməklə köməklik göstərilmişdir. Əyin kənd sakini, şəhid atası İxtiyar Qəhrəmanova fərdi mənzilinin tikintisinin tamamlanması üçün 1500 manat maliyyə vəsaiti verilmişdir.
Rüb ərzində aztəminatlı ailələrə köməklik göstərilməsi diqqət mərkəzində saxlanılmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən yas mərasimlərinin keçirilməsi, dərmanların alınması və sair məsələlər üçün məcburi köçkün ailələrinə 15 min manata yaxın pul köməkliyi edilmişdir.  “Novruz” bayramı münasibətilə şəhid ailələrinə müxtəlif ərzaq yardımı  paylanmışdır.
Cari ilin 17-18 mart tarixlərində güclü külək nəticəsində məcburi köçkünlərin məskunlaşdıqları mənzillərə dəyən zərərin aradan qaldırılmasına nail olunmuşdur.
Həmin günlərdə külək Kompressor zavodu ərazisində fəaliyyət göstərən Xələc kənd tam orta məktəbin dam örtüyünün bir hissəsini də sıradan çıxarmışdır. Məktəbə  60 ədəd şifer verilməklə köməklik olunmuşdur.
Bunlardan əlavə rayon İcra Hakimiyyətinin köməyi ilə “Sumqayıt” mehmanxanasında köçkünlərin istifadə etdiyi mərasim evi əsaslı təmir edilmiş,  47-ci məhəllə ərazisindəki mərasim evinə isə istilik sistemi çəkilmişdir. Hazırda “Şəfa” sanatoriyasında ümumi istifadə sahəsinin əsaslı təmiri işləri davam edir.
2014-cü il aprelin 1-nə olan vəziyyətə görə rayonda əmək ehtiyatlarının cəmi 18 min 969 nəfərdir. Onlardan 11 min 500 nəfər iqtisadi fəaldır. İqtisadiyyatla məşğul olanların sayı isə 10 min 748 nəfərdir. 209 nəfər işsiz kimi rəsmi qeydiyyata alınmışdır. Məşğul əhalinin 3 min 154 nəfəri dövlət müəssisələrində, 7 min 594 nəfəri isə qeyri-dövlət müəssisələrində çalışırlar. Əhalinin iqtisadi fəallıq səviyyəsi 60,6 faiz, məşğulluğunun səviyyəsi 93,5 faiz, işsizliyin səviyyəsi isə 6,5 faizdir. Rayon əhalisi arasında işsizliyin aşağı salınması istiqamətində aparılmış işlər davam etdirilmişdir. 2003-cü ildən hazırki dövrədək 2 min 893 yeni iş yeri yaradılmışdır ki, bunun da 71-i 2014-cü ilin birinci rübünə aiddir.
Hesabat dövründə rayonun idarə, müəssisə və təşkilatları öz vəzifələrini yerinə yetirməyə çalışmışlar.
Mərkəzi xəstəxananın poliklinika şöbəsi və fəaliyyəti bərpa edilmiş 2 tibb məntəqəsi tərəfindən 6 min 780 nəfər ambulator müayinədən keçmişdir. Onlardan 46 nəfəri stasionar, 23 nəfəri isə sanator-kurort müalicəsinə göndərilmişdir. Poliklinikada dispanser qeydiyyatında olan 361 şəkərli diabet xəstəsi vaxtlı-vaxtında dərman pereparatları ilə təmin olunurlar.
Qeyd edilmişdir ki, Prezident İlham Əliyev cənablarının tapşırığına əsasən ölkəmizdə əhalinin icbari müayinəsi işi Qubadlı rayonunda da uğurla davam edir. Müayinənin başlandığı tarixdən 01 aprel 2014-cü il tarixə qədər rayon üzrə 18 min 118 nəfər müayinədən keçmişdir.
Rayon Mədəniyyət və Turizm şöbəsi də öz işini müvafiq iş planına uyğun qurmağa  çalışmışdır. Hesabat dövrü ərzində bir çox tədbirlər keçirilmişdir ki, həmin tədbirlər içərisində “20 yanvar” faciəsi ilə əlaqədar hazırlanan “Tariximizin qan yaddaşı” adlı ədəbi-bədii kompozisiya və “Xocalı” soyqrımı ilə əlaqədar hazırlanan tədbirlər daha yadda qalan olmuşdur.
Rayonda “Novruz” bayramı münasibətilə keçirilən şənliklər özünün kütləviliyi və mütəşəkkilliyi ilə seçilmişdir.
Rayonun hüquq mühavizə orqanları da üzərlərinə düşən öhdəliklərin yerinə yetirilməsinə, qanunun aliliyinin qorunmasına çalışmışlar. İlin ilk üç ayı  ərzində rayonda  ciddi bir krimnogen hadisə baş verməmişdir.
Rüb ərzində gənclərin həqiqi hərbi xidmətə çağrılması işi də əvvəlki dövrlərdə olduğu kimi vatlı-vaxtında yerinə yetirilmiş, 20 nəfər hərbi xidmətə göndərilmiş, 277 nəfər gənc ilkin qeydiyyata alınmışdır.
Gənclərə qayğı dövlət siyasətində həmişə başlıca yer tutmuşdur. Azərbaycan gəncliyinin tərkib hissəsi olan Qubadlı gəncləri cari ilin üç ayı ərzində bir sıra uğurlara imza atmışlar. Bu ilin mart ayında Tailandda keçirilən Tay-boks üzrə dünya çempionatında idmançımız Nahid Əsədov birinci yeri qazanaraq ikinci dəfə dünya çempionu adına layiq görülmüşdür. Bundan əlavə birinci rübdə ölkə birinciliyi və Respublika əhəmiyyətli turnirlərdə 14 idmançımız idmanın müxtəlif növləri üzrə çempion olmuşlar.
Hesabat dövrü ərzində vətəndaş müraciətləri diqqətdə saxlanmışdır. Rüb ərzində İcra Hakimiyyətinə  51 ərizə daxil olmuşdur ki, onlardan 40-ı bilavasitə vətəndaşların özlərindən, 11-i isə vətəndaş ərizələrinə əsasən yuxarı orqanlardan daxil olmuşdur. Müraciətlərdən 28-i müsbət həll edilmiş, qalanlarına müvafiq hüquqi izahat verilmişdir.
Rüb ərzində Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olan 67 nəfərin müraciətinə qanun daxilində baxılmışdır.
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən cari ilin üç ayı ərzində keçirilən 8 səyyar qəbul zamanı vətəndaşlardan 34 müraciət olmuşdur ki, onlardan 23-ü operativ qaydada müsbət həll edilmiş, 11 müraciətlə bağlı Mərkəzi İcra Hakimiyyəti qarşısında məsələ qaldırılmışdır.
Qeyd olunmuşdur ki, rayonda 7 siyasi partiyanın yerli şöbələri və 11 ictimai təşkilat fəaliyyət göstərir. Aparıcı partiya Yeni Azərbaycan Partyasının  rayon təşkilatıdır.  Hazırda bu partiyanın üzvlərinin sayı 3 min 286-ya çatmışdır. Sakinlərimiz həmişə olduğu kimi əsası Ümummilli Lider Hedər Əliyev tərəfindən qoyulmuş və bu gün  möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasəti dəstəkləyir və müdafiə edirlər.
Məruzə ətrafında müzakirələrdə çıxış edənlər təmsil etdikləri ayrı-ayrı sahələr üzrə aparılan işlər haqqında məlumat vermişlər. Onlar Azərbaycanın əldə etdiyi nailiyyətlərdən qürur duyduqlarını bildirərək, məcburi köçkünlərə göstərdiyi qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirmişlər.
Rayon icra hakimiyyətinin başçısı Malik İsaqov yığıncağa yekun vuraraq Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qarşıda duran vəzifələrdən bəhs etmişdir. Təhsil müəssisələrində dərs ilinin yekunu ilə bağlı görülməsi vacib olan işlər barədə, həmçinin, məktəb binalarında aparılması nəzərdə tutulan təmir işlərinin həcmini müəyyənləşdirməklə bağlı tapşırıqlar vermişdir. Başçı qeyd etmişdir ki, əhalinin məskunlaşma yerlərində müntəzəm olaraq məcburi köçkünlərin qarşılaşdığı  problemlərin öyrənilməsinə və aradan qaldırılmasına çalışmaq lazımdır. Mövsümi xəstəliklərin yayılma ehtimalını nəzərə alaraq səhiyyə müəssisələri əhali arasında profilaktiki tədbirləri gücləndirməlidir.   Bütün vəzifəli şəxslər, məmurlar vətəndaş müraciətlərinə diqqəti artırmalıdırlar.
Sonda şura iclası müvafiq qərar qəbul etmişdir.

Keçidlər