Böyük vətən müharibəsi veteranları ilə görüş
7 may 2014-cü il tarixində Çaytumas məktəb liseyində Faşizm üzərində qələbənin 69-cu il dönümü münasibətilə Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Malik İsaqov, RİHB aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Qubadlı rayonundan olan Böyük vətən müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbirin əlamətdar bayram-Faşizm üzərində Qələbə günü ərəfəsində keçirildiyini bildirən Malik İsaqov bu bayram münasibətilə təbrik edərək, qeyd etdi ki Böyük Vətən Müharibəsi zamanı Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək onda fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi. 1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak etdilər. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorusiya, Pribaltikarespublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar. Başçı qeyd etdi ki, Qubadlı Rayonu üzrə 3500 nəfər 1941-1945 ci illər Böyük Vətən Mürharibəsində iştirak edib. Onlardan yalnız 1500 nəfər 1945-ci ildə geri qayıtmışdır. Hal- hazırda 18 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı var.
Sonra natiq dövlətimiz tərəfindən müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərildiyini diqqətə çatdırdı. 30 aprel 2014-cü il tarixli “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” bunun bariz nümunəsidir. Bundan əlavə Azərbaycan Respublikası prezidentinin Sərəncamına əsasən 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçıları, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, o cümlədən bu kateqoriyadan olan Qubadlı sakinlərindən 18 nəfər böyük vətən müharibəsi iştirakçısının hər birinə 700(manat), Ailə başçısı BVM-də həlak olmuş dul qadınlardan 119 nəfərin hər birinə 300(manat), arxa cəbhədə fədakar əməyi və orden medalı olanlardan 82 nəfərin hər birinə 300 (manat) , ümumilikdə isə 219 nəfərə -72900 manat məbləğində mükafat verilmişdir.
Sonda 1941-1945-ci illər müharibəsinin bir qrup iştirakçısına Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlar verildi.