Şriftin ölçüsü :

Saytın rəngi :

Anım günü

21 may 2014 | 15:00

Şəhid ailələrinə qayğı həmişə dövlətin diqqət mərkəzindədir. Son illər Respublikamızda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.
Qubadlı rayonu torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə 238 şəhid vermişdir ki, onlardan 8-i Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif olunmuşdur. Şəhidlərin xatirəsinin anılması, şəhid ailələrinə diqqət və qayğı rayon rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdəndir. RİH başçısı cənab Malik İsaqovun tapşırığı ilə şəhid ailələrinin problemləri vaxtaşırı olaraq öyrənilir, həllinə köməklik göstərilir. Əlamətdar bayram günlərində şəhid ailələrinə bayram sovqatları verilir.
20 may 2014-cü il tarixdə RİH-nin təşkilatçılığı ilə Qara İlyasov adına Qubadlı şəhər 1 saylı tam orta məktəbində şəhidin anım mərasimi keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, Qubadlı RİH-nin məsul işçiləri, hüquq mühafizə oraqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, respublikanın digər dövlət orqanlarının nümayəndələri, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri və şəhid ailələri iştirak edirdi.
Tədbir dövlət himninin səsləndilirməsi ilə açıq elan olunduqdan sonra, Azərbaycan dövləti və xalqı uğrunda canından keçmiş bütün şəhidlərin xarirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Kərəm Mirzəyevin keçdiyi şərəfli ömür yolundan bəhs edən  videogörüntü nümayiş etdirildi.
Tədbirdə  nitq söyləyən Qubadlı rayon İcra Hakimiyyəti başçısı cənab Malik İsaqov, qeyd etdi ki, Qubadlının başını uca edən şəhidlərdən biri də, Kərəm Ərşad oğlu Mirzəyevdir. Qarabağ müharibəsi başlayanda könüllü olaraq müharibə meydanına atılan Kərəm şərəfli bir yol keçmiş, ermənilərə qarşı döyüşdə dəfələrlə qələbələr qazanmışdır. Düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsində dəfələrlə şəxsi igidlik göstərmişdir. O, 1960- cı ilin mayın 20- də Qubadlı rayonunun Xanlıq kəndində ziyalı ailəsində dünyaya gəlmişdi. 1977- ci ildə Xanlıq kənd orta məktəbini bitirmiş, bir il rayon yol istehsalat idarəsində fəhlə işləmişdi.
1978- ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olmuş, 1983- cü ildə ali məktəbi bitirib mühəndis ixtisasına yiyələnmişdi. 1983-85- ci illərdə Sovet ordusunda xidmət etmişdi. Hərbi xidmətdən qayıtdıqdan sonra öz ixtisası üzrə müxtəlif vəzifələrdə işləmişdi.
Kərəm Mirzəyev 1990- cı ildə Qubadlı rayon polis şöbəsində işə qəbul olunaraq sahə müvəkkili kimi fəaliyyətə başlamışdı. Polisdəki fəaliyyəti, bacarığı nəzərə alınaraq çox keçmədən ona polis baş leytenantı rütbəsi verilmişdi. Daxili işlər Nazirliyi Kərəm Mirzəyevin bacarığını, peşəkarlığını nəzərə alaraq onu Kalininqrad Ali Hüquq Akademiyasına oxumağa göndərmişdi. Cəsur, mərd, qorxmaz Kərəm Mirzəyev 1992- ci ilin oktyabr ayının 1- də Laçın rayonunun Mazutlu kəndi uğurunda gedən qızğın döyüşdə mərdliklə vuruşaraq şəhid olmuşdu. O, şəhid olsa da qəhrəmanlıq zirvəsinə yüksəlmişdi. Igid qəhrəmanın adının əbədiləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən görülən işlər bəhs edən başçı, qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə göstərdiyi şəxsi igidlik və şücaətinə görə Kərəm Ərşad oğlu Mirzəyevə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdi.
Sonra Kərəm Mirzəyev adına Xanlıq kənd 1 saylı tam orta məktəbin direktoru Akifə Abdullayeva çıxış edərək, qəhrəmanların həyatının gəncliyə nümunə olduğunu vurğuladı. Bu baxımdan qəhrəmanın təhsildəki uğurları da gənc nəslə örnəkdir.  Biz çalışırıq və çalışmalıyıq ki, məktəbimizin uğurları Milli Qəhrəmanımızın adına layiq olsun.
Tədbirdə çıxış edən Zəngilan rayon polis şöbəsi rəisinin müavini M. Məmmədov, Qubadlı rayon Polis İdarəsinin rəisi Nizami Əhmədov, Milli Qəhrəmanın döyüş yoldaşı Qafqaz Əvəzoğlu şəhidin şərəfli döyüş yolundan bəhs edərək bildirdilər ki, Kərəm Mirzəyev polisdə işləyərkən qonşu ermənilər tez- tez rayonun sərhəd kəndlərinə hücumlar edir, əhalinin dincliyini pozurdu. K. Mirzəyev rayonun Novlu, Seytas, Yuxarı və Aşağı Cibikli, Əyin, Əliquluuşağı başqa sərhəd kəndlərində əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis şöbəsi və hərbiçilər tərəfindən keçirilən bütün əməliyyatlarda qəhrəmanlıqla döyüşürdü. O, 1991-ci ilin aprelin 7- də Ermənistanın azərbaycanlılar yaşayan Şurnuxu kəndində, 1992- ci ilin iyunun 18- də Qubadlı rayonunun sərhəd kəndi olan Əliquluuşağı kəndində və sentyabrın 28- də Laçın rayonunun Səfiyan kəndində gedən qızğın döyüşlərdə öndə gedərək əsl qəhrəmanlıq nümunəsi göstərmişdi.
Milli Qəhrəmanın atası Ərşad Mizəyev, oğlu Cahandar Mirzəyev belə tədbirlərin təşkili üçün rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdi. Azərbaycan dövlətinin şəhid ailələrinə göstərdiyi qayğıdan razılığını ifadə etdi.
Anım mərasiminin sonunda məktəb şagirdlərinin ifasında qəhrəmanlıq və vətənpərvərlik hisslərinə həsr olunmuş şeirlər səsləndi.

Keçidlər