Şriftin ölçüsü :

Saytın rəngi :

Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan tələbə adını qazanmış məzunlarla görüş keçirildi

07 sentyabr 2026 | 16:55

  Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında 7 sentyabr 2026-cı il tarixində ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirildi.

  Görüşdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Şərqi Zəngəzur Regional İdman İdarəsinin rəisi Natiq Abbasov, idarə, müəssisə və təşkilat rəhbərləri, RİH başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, rayon Təhsil sektorunun əməkdaşları, məktəb direktorları, tələbə adını qazanmış məzunlar və valideynlər iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri açıq elan edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov və Şərqi Zəngəzur Regional İdman İdarəsinin rəisi Natiq Abbasov məruzə ilə çıxış etdilər.

Daha sonra Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək tələbə adını qazanan gəncləri təbrik etdi, onlara gələcək həyatlarında uğurlar arzuladı. O qeyd etdi ki, bu gün Azərbaycan Ümummilli Liderin yaratdığı fundamental təməl üzərində ucalır: "Heydər Əliyev yolu Azərbaycan xalqının 30 illik torpaq həsrətinə son qoydu. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev adını tarixə müstəqilliyimizin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdılar".

Prezident İlham Əliyevin dünyaya təqdim etdiyi inkişaf modelinin ölkəmizin dayanıqlı inkişafını təmin etdiyini vurğulayan icra başçısı bildirib ki, uğurlu gələcək üçün bilikli, bacarıqlı və hərtərəfli inkişaf edən gənc nəslin yetişməsində ümumtəhsil məktəblərinin böyük rolu var. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, təhsil hər bir xalqın gələcəyidir. Bu mənada elm və təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir. Ulu Öndərin təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, təhsilin davamlı inkişafına yönələn əsaslı tədbirlər həyata keçirilir. Ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə hər zaman təhsillə bağlı islahatlar aparılıb, müvafiq dövlət proqramları icra olunub. Bu proqramlar məktəblərin maddi-texniki bazasının gücləndirilməsi və zəruri avadanlıqlarla təchiz olunması istiqamətində ciddi addımların atılmasına imkan yaradıb. Qubadlı rayonunda da bu işlər uğurla davam etdirilir.

Cari ildə rayonun bir sıra təhsil müəssisələri qəbul imtahanlarında yüksək nəticələr göstəriblər. Şahbaz Kərimov adına Çərəli kənd tam orta məktəbində 9 şagird məzun adını qazanıb, onlardan 6-sı ali məktəblərə sənəd verərək hər biri tələbə adını qazanıb. Balakişi Hüseynov adına Dəmirçilər kənd tam orta məktəbini bitirən 10 nəfərdən 7-si ali məktəblərə sənəd verib və onların hamısı qəbul olunub. İsmət Qayıbov adına Saray kənd tam orta məktəbində sənəd verən 9 məzunun hər biri, Aslan Atakişiyev adına Muradxanlı kənd tam orta məktəbində isə sənəd verən 20 nəfərin hamısı tələbə adını qazanaraq 100 faizli nəticə göstəriblər.

Ümumilikdə, cari ildə 808 məzundan 638 nəfəri sənəd verib, onlardan 464 nəfəri ali məktəblərə qəbul olunub. Qəbul imtahanlarında iştirak edən məzunlardan 54 nəfəri 500–600 arası, 32 nəfəri isə 600–700 arası bal toplayıb. Bu il rayon üzrə qəbul faizi 73,72% təşkil edib.

Rayon üzrə ən yüksək nəticəni Əliyar Əliyev adına Qəzyan kənd tam orta məktəbinin məzunu Məhərrəmli Aysu Sakit qızı göstərərək 697,5 bal toplayıb. Həmçinin, bu il qürurverici hallardan biri də rayon məzunlarından 8 nəfərin Qarabağ Universitetinə yüksək bal ilə qəbul olmasıdır. Qeyd olunan uğurlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.

Çıxış edən təhsil işçiləri, valideynlər və məzunlar gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Sonda yüksək bal toplamış gənclərə Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olundu və xatirə şəkilləri çəkildi.

Bütün məzunları tələbə adını qazanmaları münasibətilə təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq!

Keçidlər