ANIM GÜNÜ ƏRƏFƏSİNDƏ ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ GÖRÜŞ TƏŞKİL OLUNDU
"27 Sentyabr – Anım Günü" ilə əlaqədar olaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, şəhid ailələrinə dövlət qayğısının və diqqətinin bir daha ifadə olunması, onların mənəvi dəstəklənməsi məqsədilə silsilə tədbirlər keçirilib.
26 sentyabr 2026-cı il tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin və Milli Qəhrəman Vasili Əliyev adına Qubadlı rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Abşeron rayonu, Stansiya Sumqayıt ərazisində məcburi köçkünlər üçün salınmış şəhərcikdə fəaliyyət göstərən Qubadlı rayon Mədəniyyət evində şəhid ailələri və qazilərlə görüşlər keçirildi.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti aparatında müharibə veteranları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Sənan Həsənov, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Cabir Rzayev, Qubadlı rayon Mədəniyyət evinin direktoru Ziba İbrahimova, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov, Qubadlı özünümüdafiə batalyonunun keçmiş komandiri, müharibə veteranı, ehtiyatda olan mayor Dağbəyi Məhyəddinov, qazilər, şəhidlərimizin ailə üzvləri və məktəblilər iştirak edirdilər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə çıxış edənlər "27 Sentyabr – Anım Günü"nün xalqımızın milli yaddaşında və ictimai həyatında mühüm yer tutduğunu bildirdilər.
Qeyd olundu ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları böyük igidlik, əzmkarlıq və fədakarlıq göstərərək xalqımızın qəhrəmanlıq salnaməsinə yeni şanlı səhifələr yazdılar.
Çıxışlar zamanı şəhidlərimizin Vətən qarşısında xidmətlərindən, onların keçdikləri şərəfli döyüş yolundan, göstərdikləri misilsiz qəhrəmanlıq və fədakarlıq nümunələrindən geniş söz açıldı. Bildirildi ki, şəhidlərimizin müqəddəs xatirəsinin qorunması və gələcək nəsillərə çatdırılması, onların ailə üzvlərinə ehtiram və qayğının göstərilməsi xalqımızın mənəvi dəyərlərindən irəli gələn mühüm vəzifələrdəndir. Eyni zamanda vurğulandı ki, şəhidlərin həyat və mübarizə yolu gənc nəslin milli ruhda, vətənpərvərlik və dövlətçilik dəyərlərinə sadiqlik prinsipləri əsasında yetişdirilməsində mühüm örnəkdir.
Tədbirdə ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından da bəhs olundu. Bildirildi ki, şəhid ailələrinin sosial-məişət məsələlərinin həlli, onların hüquq və mənafelərinin qorunması, eləcə də qazilərə göstərilən diqqət dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlər şəhidlərimizin əziz xatirəsinə və onların ailə üzvlərinə göstərilən yüksək ehtiramın ifadəsi kimi qiymətləndirilir.
Görüşdə məktəblilərin iştirakı xüsusi əhəmiyyət daşıyır. Məktəblilər şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirdi, Vətənə, torpağa və şəhidlərə olan sevgilərini bədii nümunələr vasitəsilə ifadə etdilər. Şagirdlərin ifasında səslənən şeirlər tədbir iştirakçıları tərəfindən maraq və kövrək duyğularla qarşılandı.
Qeyd edildi ki, şəhidlərimizin həyat və döyüş yolunun gənc nəslə daha geniş şəkildə aşılanması, onların Vətənə, dövlətə, milli-mənəvi dəyərlərə və tarixi irsə bağlı ruhda böyüməsi qarşıda duran əsas vəzifələrdən biridir. Şəhidlərin göstərdiyi qəhrəmanlığın gələcək nəsillər üçün örnək olduğu diqqətə çatdırıldı.
Tədbirin sonunda şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova təşəkkürlərini bildiriblər. Şəhid ailələri dövlət qurumları tərəfindən onların daim diqqətdə saxlanılmasının, şəhidlərin xatirəsinə göstərilən ehtiramın və ailələrinə verilən mənəvi dəstəyin onlar üçün böyük əhəmiyyət daşıdığını vurğuladılar.
Görüşdən sonra Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün salınmış şəhərcikdə məskunlaşmış Qubadlı rayonunun Hacılı kənd sakinləri, Birinci Qarabağ müharibəsində şəhid olmuş Mübariz İsgəndərovun və 44 günlük Vətən müharibəsində şəhid olmuş İlkin İsgəndərovun ailələri ziyarət olundu. Ziyarət zamanı şəhidlərimizin ailə üzvləri ilə görüşüldü, onların qayğı və problemləri dinlənildi, şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi. Bildirildi ki, Vətən uğrunda canından keçmiş qəhrəmanların ailələri daim dövlətin və cəmiyyətin diqqətindədir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz və unudulmaz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.






