Antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı maarifləndirici tədbir keçirildi
Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 10 İyun 2026-cı il tarixdə Abşeron rayonu St.Sumqayıt ərazisində məcburi köçkünlər üçün salınmış şəhərcikdə fəaliyyət göstərən Qubadlı Rayon Vasili Əliyev adına Mədəniyyət Evinin binasında büdcə təşkilatlarının, o cümlədən tibb və təhsil işçilərinin antikorrupsiya davranış modelinin formalaşdırılması, cəmiyyətdə məlumatlılığın artırılması və tədris tədbirlərinin səmərəliliyinin yüksəldilməsi məqsədilə maarifləndirici tədbir keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti aparatında Hüquq və Kadr sektorunun müdiri Azər Qarayev, Qubadlı Rayon Prokurorluğunun müstəntiqi Ümid Hüseynli, Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər sektoru müdiri Cabir Rzayev, həmçinin mədəniyyət, təhsil və səhiyyə işçiləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Hüquq və Kadr sektorunun müdiri Azər Qarayev bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin neqativ hallara qarşı prinsipial mövqeyi və gördüyü əməli tədbirlər korrupsiyaya qarşı mübarizənin dövlətin əsas prioritetlərindən olduğunu nümayiş etdirir. Ölkədə “ASAN xidmət”in yaradılması dövlətin bu sahədəki qətiyyətinin bariz nümunəsidir. Qubadlı rayonunda da “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” haqqında Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə illik İş Planı hazırlanmışdır. Bu çərçivədə islahatlara mane olan halların aradan qaldırılması, məmur-vətəndaş təmaslarının azaldılması və göstərilən elektron xidmətlərin vahid rəqəmsal İcra Hakimiyyəti portalı üzərindən Elektron Hökumət Portalına inteqrasiyası təmin edilmişdir. Həmçinin İcra Hakimiyyəti başçısının aktlarının uçota alınması, yaşayış sahəsinə ehtiyacı olan şəxslərin elektron qeydiyyatı, vətəndaş müraciətlərinin elektron qəbulunun təkmilləşdirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində mühüm işlər görülmüşdür. Şəffaflığın təmin olunması və fəal maarifləndirmə işlərində inzibati ərazi dairələri üzrə nümayəndələrin və rayon qəzetinin imkanlarından istifadə olunması nəticəsində vətəndaşlar tərəfindən edilən elektron müraciətlərin sayı mütəmadi olaraq artmaqdadır.
Qubadlı Rayon Prokurorluğunun müstəntiqi Ümid Hüseynli çıxışında mövcud antikorrupsiya qanunvericilik bazasından və hüquqpozmaların qarşısının alınması yollarından bəhs edərək, iştirakçıları gələcək nəsillərə rüşvətdən uzaq, qanunun hamı üçün bərabər olduğu, şəffaf və dürüst bir ölkə miras qoymaq naminə ədalətli olmağa çağırdı.
Daha sonra çıxış edən İctimai-siyasi və humanitar məsələlər sektoru müdiri Cabir Rzayev dövlət qurumları tərəfindən Milli Fəaliyyət Planının icrası ilə bağlı illik hesabatların hazırlandığını diqqətə çatdırdı. O qeyd etdi ki, rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən müşavirələrdə dövlət qulluqçularının peşəkarlığı, fərdi məsuliyyətinin artırılması və şəffaflıq standartlarının daima qorunması ilə bağlı rəhbər şəxslərə müvafiq tapşırıqlar verilir. Həmçinin İcra Hakimiyyətinin rəsmi saytı vasitəsilə müraciətlərin elektron qeydiyyatı, müntəzəm təhlili, məlumatların yenilənməsi və kollegial qərarların qəbulu prosedurlarında vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi profilaktik tədbirlərin səmərəsini daha da artırır.
Tədbirdə həmçinin Qubadlı Rayon Mərkəzi Xəstəxanası PHŞ Mahruzlu həkim məntəqəsinin müdiri Vaqif Əliyev, Qubadlı Rayon Mədəniyyət Evinin direktoru Ziba İbrahimova, Hal kənd tam orta məktəbinin direktoru Sərvər Alırzayev, Şəhər 4 saylı tam orta məktəbin direktoru Qənirə Həsənova və Dəmirçilər kənd orta məktəbinin direktoru Şahbaz Muradov çıxış edərək, dövlət başçısının təsdiq etdiyi Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin rəhbərlik etdikləri müəssisələrdə bundan sonra da qətiyyətlə və tam həcmdə yerinə yetirilməsinin təmin ediləcəyini vurğuladılar.






