Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun anım günü qeyd olunub

22 oktyabr 2026 | 15:36

 Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, 22 oktyabr 2026-cı il tarixdə Bakı şəhər II Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı, Vətən Müharibəsi şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Şükür Nəriman oğlu Həmidovun anım günü münasibətilə tədbir keçirilib.

  Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Zabil Paşayev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-in məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, müharibə veteranları, qazilər, Milli Qəhrəmanın adını daşıyan Xanlıq kənd 3 nömrəli tam orta məktəbin kollektivi, döyüş yoldaşları, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

  Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Şəhidimizin ziyarətinə gələnlər onun məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

 Eyni zamanda, şair Elbrus Qayalı və Xanlıq kənd 3 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən qəhrəmanlıq və vətənpərvərlik mövzusunda, şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.

  Anım mərasimində çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Zabil Paşayev və digər natiqlər bildiriblər ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, xalqımızın iftixar və qürur mənbəyinə çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri böyük vətənpərvərlik və peşəkarlıq göstərərək düşməni məhv edib, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Qeyd olunub ki, uğurlu əməliyyatlar nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlı rayonu işğaldan azad edilib, 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri ilə isə ölkəmizin suverenliyi tam təmin olunub. Vətən müharibəsi və antiterror əməliyyatları zamanı Qubadlı rayonundan 12 nəfər şəhidlik zirvəsinə ucalıb, 60-dan çox sakin isə qazi adını qazanıb.

  Milli Qəhrəmanın qardaşı Əsəd Həmidov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirib.

  Şükür Nəriman oğlu Həmidov 1 aprel 1975-ci ildə Qubadlı rayonunun Armudluq kəndində anadan olub. O, Başarat kənd orta məktəbində, daha sonra Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 1993-cü ildə Bakı Birləşmiş Ali Hərbi Komandirlər Məktəbinə daxil olaraq təhsilini davam etdirib və 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək leytenant rütbəsində Naxçıvanda yerləşən hərbi hissələrin birində tağım komandiri kimi xidmətə başlayıb.

Qısa müddət ərzində bölük komandiri, tabor komandirinin müavini və motoatıcı taborun qərargah rəisi vəzifələrinə yüksəlib. 2008-ci ildə Hərbi Akademiyanı bitirdikdən sonra cəbhə bölgəsində yerləşən müxtəlif hərbi hissələrdə tabor komandiri, qərargah rəisi, hərbi hissə komandirinin müavini və korpus komandirinin müavini vəzifələrində çalışıb.

2016-cı ilin Aprel döyüşlərində "Lələ təpə" yüksəkliyinin azad edilməsi əməliyyatında göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Həmidova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib və o, "Qızıl Ulduz" medalı ilə təltif edilib. Həmin ilin 10 may tarixində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ona vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub.

Polkovnik Şükür Həmidov 22 oktyabr 2020-ci ildə Vətən müharibəsi çərçivəsində doğulub boya-başa çatdığı Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn edilib. Dəfn mərasimində Müdafiə naziri Zakir Həsənov, Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və digər rəsmi şəxslər iştirak ediblər. Mərasim zamanı Ali Baş Komandan İlham Əliyev şəhidin atasına zəng edərək başsağlığı verib və Milli Qəhrəmanın adının doğma rayonunda əbədiləşdiriləcəyini bildirib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Şükür Həmidov ölümündən sonra "Zəfər" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. Həmçinin xidmət illəri ərzində "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10, 90, 95 və 100 illiyi" yubiley medalları, I, II və III dərəcəli "Qüsursuz xidmətə görə", I və II dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Veteranı" və "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının 100 illiyi" yubiley medallarına layiq görülüb.

Nazirlər Kabinetinin 4 noyabr 2021-ci il tarixli Qərarına əsasən, Qubadlı rayonu Xanlıq kənd 3 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Abşeron rayonunda fəaliyyət göstərir) Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun adı verilib.

Ailəli idi, iki övladı yadigar qalıb.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər