Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı, Şəhid polkovnik Həmidov Şükür Nəriman oğlunun anım günü

22 oktyabr 2025 | 09:38

22 oktyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhər II Fəxri Xiyabanda, 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidlik göstərən Azərbaycanın Milli Qəhrəmanı, Vətən Müharibəsi şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Həmidov Şükür Nəriman oğlunun anım günü ilə əlaqədar tədbir keçirildi.

      Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, Qubadlı rayon Prokuroru Emil Kərimov, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Elşad Əbilov, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, Müharibə veteranları, Qazilər, Milli Qəhrəmanımızın adını daşıyan 3 saylı Xanlıq kənd tam orta məktəbinin kollektivi, döyüş yoldaşları, şəhidimizin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.   

     Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə gül dəstələri qoydular. Şəhidimizin ruhuna dualar oxundu.

      Eyni zamanda Milli Qəhrəmanımızın adını daşıyan 3 saylı Xanlıq kənd tam orta məktəbinin şagirdləri tərəfindən qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.

       Tədbirdə çıxış edənMüdafiə Nazirliyinin əməkdaşı polkovnik Elşad Əbilovbildirdi ki, bizim Qələbəmiz tarixi Qələbədir, Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir. Azərbaycan Ordusu döyüşlər zamanı öz dözüm və peşəkarlığını nümayiş etdirdi. Bütün bunlar cənab Prezident İlham Əliyevin uzaqgörən, məqsədyönlü siyasətinin nəticəsidir. Son 30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə gələcək. Lakin 44 günlük müharibədə ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi.

       Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev bildirdi ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmiş, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazandı və tarixi ədaləti bərpa olundu. Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu, ərazi bütövlüyümüz bərpa olundu.

        YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmovqeyd etdi ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qısa zamanda əldə etdiyi nailiyyətlər, peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daima yüksək olması imkan verdi ki biz torpaqlarımızı düşmənlərdən azad edək. Hər bir Azərbaycan vətəndaşı artıq əmindir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası Ali Baş Komandanın güclü siyasəti və iradəsi, ordumuzun əzmi və qətiyyəti, xalqımızın həmrəyliyi sayəsində mümkündür. Müzəffər Azərbaycan ordusunun hər bir uğurlu əməliyyatı, xalqımızın qələbə ruhlu və qətiyyətli millət kimi dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olunmasına səbəb oldu.

     Milli Qəhrəmanımızın adını daşıyan Xanlıq kənd 3 saylı tam orta məktəbin direktoru Xürrəm Həsənov, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlamov, keçmiş batalyon komandiri Dağbəyi Məhyəddinovçıxış edərək qeyd etdilər ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. Eyni zamanda bildirildi ki, 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycan Bayrağı işğaldan azad olunmuş bütün ərazilərimizdə qürurla dalğalanır.

   44 günlük Vətən müharibəsində və antiterror tədbirləri nəticəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

      Milli Qəhrəmanımızın qardaşı  Əsəd Həmidovşəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.

 Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində davam etdirildi.

       Həmidov Şükür Nəriman oğlu 01 aprel 1975-ci ildə Qubadlı rayonunun Armudluq kəndində anadan olmuşdur. Başarat kənd orta məktəbində, sonra Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. 1993-cü ildə Bakı Birləşmiş Ali Hərbi Komandirlər məktəbinə daxil olaraq təhsilini davam etdirmiş və 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək leytenant rütbəsində Naxçıvanda yerləşən hərbi hissələrin birində tağım komandiri kimi fəaliyyətə başlamışdır. Qısa müddət ərzində bölük komandiri, sonra isə tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində irəli çəkilmiş, bir müddətdən sonra N saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin edilmişdir.

2008-ci ildə, Hərbi Akademiyanı bitirdikdən sonra cəbhə bölgəsində yerləşən müxtəlif hərbi hissələrdə tabor komandiri, qərargah rəisi, hərbi hissə komandirinin müavini və korpus komandirinin müavini vəzifələrində xidmət etmişdir.

Şükür Həmidov Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10, 90, 95 və 100 illiyi” yubiley medalları və III, II, I dərəcəli “Qüsursuz xidmətə görə” medalları, eləcə də “Hərbi xidmətdə fərqlənməyə görə” II, I dərəcəli medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Veteranı” medalı, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının 100 illiyi” yubiley medalı ilə təltif edilmişdir.

2016-cı il Aprel döyüşlərində - “Lələ təpə" yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Həmidov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və “Azərbaycan Milli Qəhrəmanının Qızıl ulduz” medalı ilə təltif edilmişdir.

10 may 2016-cı il tarixdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olarkən Şükür Həmidovla görüşmüş və onun əmri ilə polkovnik- leytenant Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilmişdir.

Şükür Həmidov Vətən müharibəsi zamanı 22 oktyabr 2020-ci il tarixdə doğulub böyüdüyü doğma Qubadlı rayonunun azadlığı uğranda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, Bakı şəhər “2-ci Fəxri Xiyaban”da dəfn edilmişdir.

Dəfndə Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənov, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və digər hökumət və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Dəfn zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev şəhidin atasına zəng edərək başsağlığı vermiş və bildirmişdir ki, Milli qəhrəmanın adı doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda əbədiləşdiriləcək.

Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik Həmidov Şükür Nəriman oğlu ölümündən sonra “Zəfər” ordeni ilə, 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə 2021-ci il 4 noyabr tarixində müvafiq Qərar imzalayıb. Qərara əsasən, Qubadlı rayonu Xanlıq kənd 3 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Abşeron rayonunda yerləşir) “Azərbaycanın Milli Qəhrəmanı” Şükür Nəriman oğlu Həmidovun adı verilmişdir.

Ailəli idi, iki övladı var.

Allah rəhmət eləsin!

Keçidlər