Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı şəhid Əliyar Yusif oğlu Əliyevin 65 illik yubiley tədbiri keçirildi

14 dekabr 2022 | 16:49

2022-ci il 14 dekabr tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı iləAzərbaycanın Milli Qəhrəmanı Əliyar Yusif oğlu Əliyevin 65 illik yubileyi münasibəti ilə tədbirlər keçirildi. Milli Qəhrəmanımızın ailə üzvləri, yaxınları və Qubadlı rayon Polis idarəsinin əməkdaşları tərəfindən Əliyar Əliyevin rayonun Qəzyan kəndindəki qəbrüstü abidəsi ziyarət olundu.Bakı şəhər Nərimanov rayonunda və Sumqayıt şəhəri, 42-ci məhəllədəki abidəsi önünə əklil və gül dəstələri qoyuldu.

Tədbir Hafiz Quliyev adına Çaytumas kənd məktəb - liseyində davam etdirildi.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçı Malik İsaqov, hüquq mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidimizin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Yusif oğlu Əliyevin 65 illik yubileyi münasibətilə Qubadlı rayonunda idman yarışları təşkil olunmuşdur. Belə ki,20 oktyabr 2022-ci il tarixdə Qubadlı şəhər 1 saylı tam orta məktəbində rayonun ümumtəhsil məktəblərinin komandaları arasında “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə rayon birinciliyi, 26-27 oktyabr 2022-ci il tarixində Sumqayıt şəhəri, “Spartak” İdman Sağlamlıq Mərkəzinin futbol meydançasında yeniyetmələr arasında futbol üzrə açıq rayon birinciliyi və 11 dekabr 2022-ci il tarixində Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Əliyar Yusif oğlu Əliyevin anadan olmasının 65 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında Yunan-Roma güləşi idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov tərəfindən yarışlarda qalib olmuş komandalar və idmançılar  mükafatlandırıldı.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Əliyar Yusif oğlu Əliyevin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olundu.

Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirdi ki, Birinci Qarabağ müharibəsində düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olmuş, 200 nəfərə yaxın ağır yaralanmış, 300-dən artıq rayon sakini əlil olmuş, 100 nəfərdən çox itgin düşmüşdür. 11 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür.

      Qeyd olundu ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur.

30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu da 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar.

44 günlük Vətən müharibəsindən sonra Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və  Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur.  Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Vətən müharibəsi şəhidlərinin eləcə də I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır.

Digər çıxış edənlər Milli Qəhrəmanın döyüş yoldaşları polkovnik Sadiq Paşayev, baş leytenant Yaqub Vəliyev, müəllim yoldaşı Mübarək Yusifov, yaxın qohumu Feyruz Həziyev,təqaüddə olan polis əməkdaşı SədaqətQuliyev və Azərbaycan Yazıçılar birliyinin Qubadlı regional bölməsinin sədri Namiq Əliyev Milli Qəhrəman Əliyar Əliyevlə bağlı öz xatirələrini bölüşdülər.

Daha sonra çıxış edən Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Milli Qəhrəman Əliyar Əliyevin oğlu Emin Əliyev ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbəri Malik İsaqova minnərdarlığını bildirərək qeyd etdi ki, şəhidlərimizin xatirəsi daim əziz tutulur, həmişə diqqət mərkəzində saxlanılır, dövlətimiz bu gün Milli Qəhrəman və şəhid ailələrinin sosial problemi ilə yaxından maraqlanır, onların həllinə köməklik edir.

TədbirdəSumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyinin kollektivi tərəfindən qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər və muğam parçaları səsləndirildi.

Əliyev Əliyar Yusif oğlu 14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. 1964-cü ildə Qəzyan kənd tam orta məktəbin daxil olub. 1974-cü ildə həmin məktəbi bitirdikdən sonra,  Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd tam orta məktəbində idman müəllimi işləyib. 1980-1982-ci illərdə ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universiteti onu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edir. Əliyar Əliyev bu təklifi qəbul edir və həmin universitetdə iki il müəllim işləyir. Atasının ölümü ilə əlaqədar O, Qəzyan kəndinə qayıdır, Qəsəbə tam orta məktəbində müəllim, “Məhsul” Kənd Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətində rayon şöbəsinin məşqçisi vəzifəsində çalışır. 1985-ci ildən isə Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon Şurasının sədri çeçilib. Əliyar Əliyev respublikanın adlı-sanlı idmançılarından sayılırdı.

Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulur. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır. 1988-ci ilin fevral ayından Ermənistandan azərbaycanlıların deportasiyası başlanan zaman ilk qaçqın dalğası Qubadlıdan keçdi. Elə bu səbəbdən də Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlı rayonunun strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları burada terror-təxribat törətməyə çalışırdılar. Məhz elə o illərdə Qubadlıda xalq hərəkatının başçısı, demokratik qüvvələrin rəhbəri kimi tanınan Əliyar Əliyev könüllülərdən ibarət dəstə təşkil edir. Onun təşkil etdiyi tabor camaat arasında “Pəhləvanlar taboru” kimi də tanınırdı. Çünki könüllülərin əksəriyyəti rəhbərlik etdiyi Könüllü Bədən Tərbiyəsi və Idman Cəmiyyətinin üzvlərindən ibarət idi. Əliyar Əliyev əvvəlcə Taborun kəşfiyyat bölməsinin komandiri, sonra Tabor komandirinin təchizat üzrə müavini təyin edilir. Sonradan isə taborun rəhbərliyi ona həvalə olunur.  Başarat, Susuz dağ, Suarası mövqelərini ələ keçirərkən xüsusilə fərqlənib. 1991-ci ilin may ayında Qubadlı rayonunun Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayında isə rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoymuşdur.

1992-ci ilin avqust ayında cəsur komandir “Şurnuxu” əməliyyatını təşkil etdi. O, yaxşı bilirdi ki, Gorus-Kafan yolunu nəzarətdə saxlamaq üçün Şurnuxu kəndi böyük strateji əhəmiyyət kəsb edirdi. Odur ki, Əliyar Əliyev bu əməliyyatın keçirilməsinə rəhbərlik edərək, öz qəhrəman silahdaşları ilə düşmənin 80-dan çox canlı qüvvəsini və bir neçə texnikasını məhv etdi, 20 nəfər rus və erməni silahlısını canlı olaraq ələ keçirdi . Beləliklə Qubadlı üçün strateji əhəmiyyətə malik olan Gorus-Kafan yolu rayonun işğalına qədər nəzarətimizdə oldu. Ələ keçirilən əsrlər isə Xocalıda girov düşmüş soydaşlarımızla dəyişdirilib.

1992-ci ilin sentiyabrında Laçın rayonu istiqamətində gedən döyüşə rəhbərlik edib. Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının rayonunun 40-a qədər kəndini 4 gün ərzində erməni işğalçılarından azad etdi. Onun son döyüşü Laçın rayonunun 2 km-də olub. 1992-ci il 3 oktyabr tarixində “Tikanlı zəmi” yüksəkliyi uğrunda gedən döyüşdə Tabor komandiri Əliyar Əliyev qəhrəmancasına şəhid olub.

Əliyar Əliyev anadan olduğu Qubadlı rayonunun Qəzyan kəndində torpağa tapşırılıb.

Ailəli idi, üç övladı var.

Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Əliyev Əliyar Yusif oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Həmçinin ölümündən sonra “Qızıl Ulduz” medalı ilə təltif edilmişdir.Qubadlı rayonunda Əliyar Əliyevin abidəsi qoyulmuşdur.Abşeron rayonu, Masazır qəsəbəsində fəaliyyət göstərən Qubadlı rayon Qəzyan kənd tam orta məktəbi də Milli Qəhrəmanımızın adını daşıyır.

Bakı şəhər Nərimanov rayonundakı küçələrdən birinə Əliyar Əliyevin adı verilmişdir. Həmin küçədə Milli Qəhrəmanın büstü qoyulmuşdur. Sumqayıt şəhərində və Binəqədi rayonunda “Əliyar” adlı bulaqlar tikilib istifadəyə verilmişdir. Həmçinin Sumqayıt şəhərində küçələrdən birinə qəhrəmanımızın adı verilmişdir.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər