Azərbaycanın Milli Qəhrəmanı Şəhid Əliyev Vasili Əhməd oğlunun doğum günü
Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə14 yanvar 2023-cü il tarixdə Qara İlyasov adına Qubadlı Şəhər-1 saylı tam orta məktəbdə torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Əliyev Vasili Əhməd oğlunun doğum günü münasibətilə tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Şəhidin polis yoldaşları,ailə üzvləri və yaxınları iştirak edirdilər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə açıq elan olunduqdan sonra, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Qara İlyasov adınaQubadlı Şəhər-1 saylı tam orta məktəbin məzunu olmuş Milli Qəhrəman Əliyev Vasili Əhməd oğlunun adının verildiyi sinif otağının açılışı oldu.Milli Qəhrəman Əliyev Vasili Əhməd oğlunun həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şəhidlərimizdən 12 nəfəri Polis əməkdaşı olmuşdur, onlardan Mirzəyev Kərəm Ərşad oğlu və Əliyev Vasili Əhməd oğlu Azərbaycanın Milli Qəhrəmanıdır. I Qarabağ müharibəsi zamanı 100 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür.
Qeyd olundu ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur.
Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
44 günlük Vətən müharibəsindən sonra Qubadlı RİH başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur. Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Vətən müharibəsi şəhidlərinin eləcə də I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır.
Digər çıxış edənlər-keçmiş Polis işçisi Azim Abbasov, Qubadlı rayon Polis idarəsinin rəis müavini İlham Rəsulov, rayon Bərgüşad qəzetininbaş redaktoru Qafqaz Əvəzoğlu və başqaları Şəhidlərimizlə bağlı öz xatirələrini bölüşdülər və qeyd etdilər ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.
Çıxış edən şəhidimizin həyat yoldaşı Aygün Əliyeva göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.
Sonda Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyivə məktəbin şagirdləri tərəfindən hazırlanmış vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Həmçinin 15 yanvar 2023-cü il tarixində Qubadlı Rayon polis əməkdaşları tərəfindən Əliyev Vasili Əhməd oğlunun Qubadlı rayon ərazisində yeni götürülmüş qəbrüstü abidəsi ziyarət olunacaq.
Əliyev Vasili Əhməd oğlu15 yanvar 1959-cu ildə Qubadlı rayonunda doğulmuşdur. 1976-cı ildə doğma kəndlərində orta təhsilini başa vurmuş, 1977-ci ildə rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdır. Daxili qoşunlarda xidmət V.Əliyevin polis peşəsinə həvəsini daha da gücləndirdi. Ordudan tərxis olunaraq, mühafizə bölməsinə gözətçi, 1980-ci ildə isə rayon DİŞ-ə polis nəfəri kimi işə qəbul olundu. Əla xidmətinə görə DİN tərəfindən "Polis əlaçısı" döş nişanı ilə təltif edilmişdir. 1988-ci ildən başlayaraq V.Əliyev mütəmadi olaraq döyüş meydanlarında əhalinin təhlükəsizliyinin təmin olunmasında xidmət göstərir. 1989-cu ildə Qafan rayonunun Novruzlar kəndi yaxınlığında qurulmuş düşmən toplarının məhv edilməsində Vasilinin də xidmətləri olmuşdur. 1992-ci il 19 oktyabrda Qaraqaya yüksəkliyi uğrunda yenidən döyüş başladı. Qeyri-bərabər döyüşdə qəhrəmanımız xüsusi rəşədat nümayiş etdirdi. Düşmənin xeyli canlı qüvvəsini məhv etdi. Qələbədən ruhlanan döyüşçülər həmin günün səhəri Topağac yüksəkliyini azad etmək məqsədilə hücuma keçdilər. Bu əməliyyat zamanı Vasili Əliyev və onun döyüş yoldaşları mühasirəyə düşdülər. Ölümü düşmən əlinə keçməkdən üstün tutan qəhrəman polis işçiləri mühasirəni yarmağı və son nəfəsədək vuruşmağı qərara aldılar. Qəhrəman polis işçiləri öz fədakarlıqları ilə düşməni sarsıtdılar. Vasili və onun cəsur yoldaşları bu döyüşdə qəhrəmanlıq zirvəsini fəth etdilər. Vasili Əliyev həmin döyüşdə qəhrəmancasına həlak oldu.
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-ci il tarixli 599 saylı Fərmanı ilə Əliyev Vasili Əhməd oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Qubadlı rayonunun Şəhidlər Xiyabanında dəfn edilmişdir. Qubadlı rayon mədəniyyət evi qəhrəmanın adını daşıyır.