Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı, Şəhid polkovnik Həmidov Şükür Nəriman oğlunun doğum günü

01 aprel 2026 | 17:47

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2026-cı il 01 aprel tarixində Bakı şəhərində yerləşən "Hərbi Memorial Məzarlıq"da 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidlik göstərən Vətən Müharibəsinin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycanın Milli Qəhrəmanı Həmidov Şükür Nəriman oğlunun doğum günü ilə əlaqədar tədbir keçirildi. 

  Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Müdafiə Nazirliyinin məsul işçiləri, RİH-in məsul işçiləri, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun döyüş yoldaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, Milli Qəhrəmanımızın adını daşıyan Xanlıq kənd 3-saylı tam orta məktəb kollektivi, Bakı şəhər 239-saylı məktəbin kollektivi, şəhidimizin yaxınları ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər. 

  Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular. Şəhidimizin ruhuna dualar oxundu. 

Eyni zamanda Milli Qəhrəmanımızın adını daşıyan Xanlıq kənd 3-saylı tam orta məktəbin və Bakı şəhər 239- saylı tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.

   Tədbirdə  Müdafiə Nazirliyinin İdarə rəisi polkovnik Elşad Əbilov, Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Milli Qəhrəmanımızın adını daşıyan Xanlıq kənd 3-saylı tam orta məktəbin direktoru Xürrəm Həsənov, Milli Qəhrəmanımızın döyüş yoldaşı, ehtiyatda olan baş-leytenant Pəzərəng Fərzalı, Şəhid baçısı Nazilə xanım, Bakı şəhər 239-saylı tam orta məktəbin direktoru Nisə Fərəcova və digər çıxış edənlər Qəhrəmanımızla bağlı xatirələrini bölüşərək bildirdilər ki, bizim Qələbəmiz tarixi Qələbədir, Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir. Azərbaycan Ordusu döyüşlər zamanı öz dözüm və peşəkarlığını nümayiş etdirdi. Bütün bunlar cənab Prezident İlham Əliyevin uzaqgörən, məqsədyönlü siyasətinin nəticəsidir. Son 30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə gələcək. Lakin 44 günlük müharibədə ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. 

 Qeyd olundu ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmiş, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazandı və tarixi ədaləti bərpa olundu, 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox yaralı öz adlarını tarixə yazdılar. 

     Tədbirin sonunda Şəhid Milli Qəhrəmanımız Şükür Həmidovun qardaşı Əsəd Həmidov çıxış edərək şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.

Azərbaycanın Milli Qəhrəmanı, Şəhid Polkovnik Şükür Həmidovu hörmətlə, qürurla anırıq, Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik !

Keçidlər