Azərbaycanın Mlli Qəhrəmanı, Şəhid polkovnik Həmidov Şükür Nəriman oğlunun Anım Günü
2023-cü il 22 oktyabr tarixində Bakı şəhərində yerləşən 2-ci Fəxri Xiyabanda, 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı polkovnik Həmidov Şükür Nəriman oğlunun anım tədbiri keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının müavini Allahverdi Haxverdiyev,RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, YAP Qubadlı rayon təşkilatının fəalları, şəhidimizin yaxınları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Ziyarətə gələnlər Şəhidlərimizin məzarları üzərinə əklil və gül dəstələri qoydular. Şəhidlərimizin ruhuna dualar oxundu. Eyni zamanda Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyi və şair Elbrus Qayalı tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısının müavini Allahverdi HaxverdiyevÜmummilli lider Heydər Əliyevin ən layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələri sırasında olduğunu, eyni zamanda da 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsini, ölkəmizin regionda və dünyada mövqelərini daha da möhkəmləndirdiyini diqqətə çatdıraraq, bunu həyata keçirilən uğurlu siyasətin nəticəsi olduğunu vurğulamışdır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər.
30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar.
Digər çıxış edənlər Şəhidlərimiz haqqında öz xatirələrini bölüşdülər. Şəhidlərimizin anım tədbirlərinin keçirilməsinə, Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Şəhidimiz Milli Qəhrəman Şükür Həmidovunyaxınları bütün Şəhidlərin ailə üzvləri adından göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.
Həmidov Şükür Nəriman oğlu 01 aprel 1975-ci ildə Qubadlı rayonunun Armudluq kəndində anadan olmuşdur. Başarat kənd orta məktəbində, sonra Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. 1993-cü ildə Bakı Birləşmiş Ali Hərbi Komandirlər məktəbinə daxil olaraq təhsilini davam etdirmiş və 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək leytenant rütbəsində Naxçıvanda yerləşən hərbi hissələrin birində tağım komandiri kimi fəaliyyətə başlamışdır. Qısa müddət ərzində bölük komandiri, sonra isə tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində irəli çəkilmiş, bir müddətdən sonra N saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin edilmişdir.
2008-ci ildə, Hərbi Akademiyanı bitirdikdən sonra cəbhə bölgəsində yerləşən müxtəlif hərbi hissələrdə tabor komandiri, qərargah rəisi, hərbi hissə komandirinin müavini və korpus komandirinin müavini vəzifələrində xidmət etmişdir.
Şükür Həmidov Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10, 90, 95 və 100 illiyi” yubiley medalları və III, II, I dərəcəli “Qüsursuz xidmətə görə” medalları, eləcə də “Hərbi xidmətdə fərqlənməyə görə” II, I dərəcəli medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Veteranı” medalı, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının 100 illiyi” yubiley medalı ilə təltif edilmişdir.
2016-cı il Aprel döyüşlərində - “Lələ təpə" yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Həmidov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və “Azərbaycan Milli Qəhrəmanının Qızıl ulduz” medalı ilə təltif edilmişdir.
10 may 2016-cı il tarixdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olarkən Şükür Həmidovla görüşmüş və onun əmri ilə polkovnik- leytenant Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilmişdir.
Şükür Həmidov Vətən müharibəsi zamanı 22 oktyabr 2020-ci il tarixdə doğulub böyüdüyü doğma Qubadlı rayonunun azadlığı uğranda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, Bakı şəhər “2-ci Fəxri Xiyaban”da dəfn edilmişdir. Dəfndə Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənov, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və digər hökumət və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Dəfn zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev şəhidin atasına zəng edərək başsağlığı vermiş və bildirmişdir ki, Milli qəhrəmanın adı doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda əbədiləşdiriləcək.
Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik Həmidov Şükür Nəriman oğlu ölümündən sonra “Zəfər” ordeni ilə, 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Ailəli idi, iki övladı var.
Allah rəhmət eləsin!