Bədəlov Nadir Ərşad oğlunun Anım Günü
2023-cü il 31 avqust tarixində Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhərŞəhidIər Xiyabanında 31.08.1993-cü il tarixdə I Qarabağ müharibəsi zamanışəhid olmuş leytenant Bədəlov Nadir Ərşad oğlunun və 5 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları- rayon prokuroru Ağayev Nizami Məsiməli oğlu, rayon Polis şöbəsinin rəisi Paşayev Evaris Sabir oğlu, rayon prokurorluğunun müstəntiqi Vəliyev Əyyub Əli, rayonun xalq hakimi Hüseynov Sərdar Hüseynqulu oğlu, rayon polis rəisinin sürücüsü Nuriyev Xanlar Eldar oğlunun anım günü tədbiri keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Şəhidlərimizin ailə üzvləri, yaxınları, keçmiş hərbiçilər, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Şəhidlərin ruhuna dualar oxunduqdansonra tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. 1993-cü ilin təkcə avqust ayında I Qarabağ müharibəsi zamanı Qubadlı rayonundan 108 nəfər Şəhid olmuşdur. 31 avqust tarixində həmçinin xeyli sayda mülki Şəhid olmuşdur. 100 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür.
Həmin gün 1993-cü il avqustun 31-də uca dağları, şiş qayaları, sərin bulaqları, gözəl meşələri, gur çayları, münbit torpağı olan Zəngəzur mahalının qədim yaşayış məskəni olan yüzlərlə şəhid verən Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu.
Qeyd olundu ki, 44 günlük Vətən müharibəsindən sonra Qubadlı RİH başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab Malik İsaqovun diqqət və qayğısı sayəsində Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Vətən müharibəsi şəhidlərinin eləcə də I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır.
YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov qeyd etdi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
Digər çıxış edənlərMüntəxab ağa Mir Sədizadə, keçmiş komandir Sadiq Paşayev,şair Elburus Qayalı, Dəmirçilər kənd tam orta məktəbin direktoru Şahbaz Muradovqeyd etdilər ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.
Daha sonra Şəhid Nadir Bədəlovun qardaşı Loğman Bədəlovgöstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyi tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.
Nadir Ərşad oğlu Bədəlov 1967-ci il iyunun 18-də, Şərqi Zəngəzur-Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. 1984-cü ildə Dondarlı orta məktəbini, 1991-ci ildə Azərbaycan Politexnik İnstitutunun qara və əlvan metalların tökmə ixtisası üzrə tam kursunu bitirmiş, eyni zamanda zabit rütbəsi almışdır. (O, eyni zamanda 1985-1987-ci illərdə Almaniyada sovet ordusu sıralarında xidmət etmişdir.) Gənc mühəndis-metallurq 1992-ci il yanvar ayından Azərelektroterm Elm İstehsalat Birliyinin Ağır Elektrik Avadanlığı zavodunda əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddətdə özünü intizamlı bir işçi, bilikli, bacarıqlı bir mühəndis, gözəl xasiyyətli bir insan kimi tanıtdı. Qeyrətli oğullarımız kimi Nadir də Vətənin çağırışına səs verdi, könüllü olaraq hərbi komissarlığa müraciət etdi. 1992-ci il avqustun 7-də zavodun mehriban, qədirbilən kollektivi Nadir Bədəlovu cəbhəyə yola saldılar. “N” hərbi hissəsindəki qısamüddətli təlimdən sonra gənc zabiti Ağdərə bölgəsinə göndərdilər. Nadirin başçılıq etdiyi topçular batareyası Ağdərə və Tərtər bölgələrində gedən döyüşlərdə fədakarlıqla vuruşurdu. Nadir Bədəlov bölmə komandiri vəzifəsinə təyin edildi. Artilleriya elminin sirlərinə dərindən bələd olduqları, bu sahədə uğurlu nəticələr qazandıqlarına görə bölmə komandiri, leytenant Nadir Bədəlovun topçular batareyası daha məsul bir bölgəyə - son dərəcə təhlükəli döyüş bölgələrindən hesab edilən Laçın və Qubadlı cəbhələrinə göndərildi. Laçın rayonunun Güləbird, Səfiyan, Aşağı və Yuxarı Fərcan, Suarası kəndləri, Susuzdağ və Qızqəbri yüksəkliklərinin düşməndən təmizlənməsində igid topçuların əvəzsiz xidmətləri olmuşdu. Bu, əfsanəvi qəhrəman Əliyar Əliyevin komandirlik etdiyi taborun Laçın torpaqlarının azad edilməsi uğrunda başladığı müzəffər yürüş dövrünə təsadüf edirdi. 1992-ci ilin payızında xalqımızın igid oğlu Əliyar Əliyevin başçılığı altında gedən uğurlu hücum əməliyyatları bir-birini əvəz etmiş və qısa müddətdə düşmənin 30-dan artıq mövqeyi tutulmuşdur. Gənc leytenant Nadir Bədəlovun komandirlik etdiyi topçular bu böyük qələbələrin qazanılmasına öz layiqli töhfələrini vermişdi. Bütün bunları nəzərə alaraq N.Bədəlov tağım komandiri vəzifəsinə təyin edilmişdir. Ə.Əliyevin vurulması, orduda gedən təxribat qan bahasına qazanılan qələbələr çox çəkmədən itirildi. Başqa döyüşçülər kimi Nadirgil də geri çəkilməyə, Qubadlı torpaqlarının müdafiəsi haqqında düşünməyə məcbur oldular. 1993-cü il avqustun 30-da xüsusi göstəriş əsasında silahlı qüvvələr Qubadlıdan çıxarıldı. 1993-cü il avqustun 31-də genişmiqyaslı hücuma keçdilər. Nadir bir qrup döyüşçü dostu -7 topçu, 1 sürücü Yazı düzündə özlərinə mövqe seçdilər. (özləri də bu döyüşün axırı ölüm olacağını bilə-bilə). Rayonun bir hissəsi -Həkəri çayının hər iki sahilindəki kəndlər güclü hücuma məruz qalmışdılar. Düşmənin müasir, Rusiya istehsalı olan, tankları Yazı düzü istiqamətində geniş miqyaslı hücuma keçdilər. Qeyri-bərabər döyüşdə düşmənin bir neçə tankı və xeyli canlı qüvvəsi məhv edildi.
Bu döyüşdə Nadir və bir necə döyüşçü dostları qəhrəmancasına Şəhid oldular. Nadir Bədəlov Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn olundu.
Qubadlı rayon Dondarlı kənd tam orta məktəbi şəhidimizin adını daşıyır.
Subay idi.
Şəhid Ağayev Nizami Məsiməli oğlu 1955-ci il fevralın 7-də Naxçıvan şəhərində anadan olmuşdur. 1973-1975-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra vətənə qayıtmış, 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1985-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Nizami Ağayev Kəlbəcər rayon prokurorluğunda müstəntiq, baş müstəntiq, prokuror köməkçisi vəzifələrində çalışmışdır. Birinci dərəcəli hüquqşünas idi. 1992-ci ilin sentyabr ayından Qubadlı rayonunda prokuror vəzifəsinə təyin edilmişdir. Ailəli idi, 3 övladı var.
Şəhid Paşayev Evarist Sabir oğlu 1965-cı il fevralın 17-də Tərtər rayonunda anadan olmuşdur. Cəmşid Naxçıvanski adına hərbi məktəbi əla qiymətlərlə, Səmərqənd ali məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə Xabarovski vilayətində başlamışdır. Məlum hadisələrlə bağlı Evaris Paşayev vətənə qayıtmış və işlə təmin olunmaq məqsədilə Daxili İşlər Nazirliyinə müraciət etmişdir. O, əvvəlvə Xaçmaz rayonunda gömrük polisi vəzifəsinə təyin edilmişdir. Az müddət işlədikdən sonra yenidən nazirliyə ərizə yazaraq qaynar nöqtələrə göndərilməsini xahiş etmişdir. E.Paşayevin arzusu nəzərə alınmış və Qubadlı rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Qubadlı rayonunun, xüsusilə rayonun sərhəd kəndlərinin erməni təcavüzündən qorunması, rayonda sabitliyin və əmin-amanlığın bərqərar edilməsi uğrunda səylərini əsirgəməmişdir. Subay idi.
Şəhid Hüseynov Sərdar Hüseynqulu oğlu 1956-cı il iyul ayının 1-də Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olmuşdur. 1973-cü ildə ümumi orta təhsil almışdır. Əmək fəaliyyətinə Zəngilan rayon xalq məhkəməsində dəftərxana katibi vəzifəsi ilə başlamışdır. 1974-1976-cı illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. Vətənə qayıtdıqdan sonra Zəngilan rayon xalq məhkəsində məhkəmə icraçısı, Azərbaycan SSR Ali Məhkəməsində məhkəmə kargüzarı, məhkəmə iclas katibi vəzifələrində çalışmışdır. Sərdar Hüseynov 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini müvəffəqiyyətlə bitirmiş, 1983-cü ildə Azərbaycan SSR Alı məhkəməsində Rəyasət heyəti katibliyi şöbəsinin məsləhətçisi vəsifəsinə irəli çəkilmişdir. Qısa bir zamanda bacarıqlı mütəxəssis kimi Ali məhkəmədə dəymiş ziyanın ödənilməsi üzrə qrupun baş məsləhətçisi təyin olunmuşdur. Sərdar Hüseynov 1992-ci ildə Qubadlı rayon xalq hakimi seçilmişdir. Ailəli idi, 3 övladı var.
Şəhid Vəliyev Əyyub Əli oğlu 1953-cü il mart ayının 8-də Ağdam rayonunda anadan olmuşdur. 1969-cu ildə orta məktəbi bitirdikdən sonra doğma rayonunda əmək fəaliyyətinə başlamışdır. 1973-1975-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. Vətənə qayıtdıqdan sonra əmək fəaliyyətini davam etdirmiş, 1976-cı ildə Azərbaycan Dövlət Universitinin hüquq fakültəsinə daxil olmuş, 1983-cü ildə universiteti müvəffəqiyyətlə bitirərək hüquqşünas ixtisasına yiyələnmişdir. 1983-1992-ci ilə qədər Bakı Zərif Mahud Kombinatında hüquqşünas vəzifəsində çalışmışdır. 1992- ci ilin mart ayından könüllü surətdə Ağdam rayonunda yaradılmış özünümüdafiə tağımına qəbul olunmuşdur. Həmin ilin sentyabr ayına qədər doğma torpaqlar uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ə.Vəliyev 1992-ci ildə Qubadlı rayon prokurorluğunda müstəntiq vəzifəsinə təyin edilmişdir. Ailəli idi, 2 övladı var.
Şəhid Nuriyev Xanlar Eldar oğlu 1966-cı il avqust ayının 2-də Qubadlı şəhərində anadan olmuşdur. 1983-cü ildə Şəhər tam orta məktəbini bitirdikdən sonra sürücülük peşəsinə yiyələnmişdir. 1984-cü ildə Sovet ordu sıralarına çağırılmış və 2 il Almaniyada hərbi xidmətdə olmuşdur. Vətənə qayıtdıqdan sonra tikinti idarəsində sürücü işləmişdir. 1993-cü ildə avqust ayında o, rayon Polis şöbəsi rəisinin xidməti maşınını idarə etməyə başladı. Serjant X.Nuriyev üzərinə düşən tapşırıqların öhdəsindən ləyaqətlə gəlirdi. Ailəli idi, 2 övladı var.
Ağayev Nizami Məsiməli oğlu, Paşayev Evaris Sabir oğlu, Nuriyev Xanlar Eldar oğlu, Vəliyev Əyyub Əli oğlu, Hüseynov Sərdar Hüseynqulu oğlu 31 avqust 1993-cü ildə vəzifə borclarını yerinə yetirərkən Şəhid olmuşlar.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!