Beynəlxalq Ailə günü münasibətilə ən uzun ömürlü ailələrə ziyarətimiz davam edir
Ailə milli-mənəvi dəyərlərin təcəssümü, nəsilləri bir-birinə bağlayan müqəddəs bir köpürdür. Qarşılıqlı hörmət, sevgi və sarsılmaz sədaqət kimi ali keyfiyyətləri özündə birləşdirən, bu dəyərləri qoruyaraq gələcək nəsillərə ötürən Azərbaycan ailəsi bu gün dünyada ən yaxşı və unikal ailə modellərindən biri hesab olunur. Məhz bu dəyərlərin təbliği məqsədilə, 15 May Beynəlxalq Ailə Günü münasibətilə uzunömürlü ailələrə edilən ziyarətlər böyük coşqu ilə davam edir.
Bu əlamətdar gün çərçivəsində Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ən uzunömürlü və nümunəvi ailə tablosunu özündə əks etdirən, Qubadlı rayonunun Göyyal kəndindən olan Behbudovlar ailəsi ziyarət olunub.
Ziyarət zamanı ailənin keçdiyi şərəfli ömür yoluna nəzər salınıb. Məlum olub ki, ailə başçısı Behbudov Məmmədxan Ataxan oğlu 1 iyul 1938-ci ildə, onun ömür-gün yoldaşı Behbudova Sitarə Xuduş qızı isə 1 oktyabr 1933-cü ildə Göyyal kəndində dünyaya göz açmışlar. Tam 67 ildir ki, çiyin-çiyinə verərək eyni taleyi paylaşan bu cütlüyün bu gün 6 övladı, 8 nəvəsi və 8 nəticəsi var. Onlar təkcə öz övladlarının deyil, bütöv bir nəslin və kəndin ağsaqqalı, ağbirçəyi, fəxr mənbəyidir.
67 illik birgə ömürlərinə sığışdırdıqları zəngin tarixi böyük həvəs və qürurla danışan "Uzunömürlü ailə"mizin başçıları uğurlu ailə həyatının sirlərini bölüşüblər.
Gənclərə dəyərli məsləhətlərini və tövsiyələrini ünvanlayan ağsaqqal və ağbirçəyimiz ailə möhkəmliyinin düsturunu bu sözlərlə ifadə ediblər:
"Sağlam cəmiyyətin təməli olan möhkəm ailə, yalnız qarşılıqlı sevgi və güzəşt üzərində ucalır. Yeni evlənən gənclərin xırda anlaşılmazlıqlara görə münasibətləri bitirmək yerinə, yaşlı nəslin sınaqlardan keçmiş ailə təcrübəsini nümunə götürmələri, bir-birinə səbirlə yanaşmaları uzunömürlü evliliyin əsas şərtidir."
Səmimiyyət, sevgi və sonsuz ailə istiliyi ilə dolu olan bu cür ocaqları ziyarət etmək, onlarla həmsöhbət olmaq və illərin sınağından çıxmış öyüd-nəsihətlərini dinləmək hər birimiz üçün ruhun mənəvi qidasına çevrildi. Behbudovlar ailəsi öz varlığı ilə sübut edir ki, zaman dəyişsə də, əsl Azərbaycan ailəsinin təməlini təşkil edən sevgi və hörmət prinsipləri əbədidir.






