Beynəlxalq Ailə Günündə Qubadlının uzunömürlü ailələrindən biri olan Babayevlər ailəsi ziyarət olundu
Hər bir millətin mənəvi pasportu, onun milli dəyərlərini zamanın tufanlarından qoruyan ən etibarlı sığınacağı ailədir. Azərbaycan ailəsi isə sadəcə bir birgəyaşayış forması deyil; o, əsrlərin süzgəcindən keçib gələn qarşılıqlı hörmətin, tükənməz sevginin və sarsılmaz sədaqətin canlı məbədidir. Məhz bu xüsusiyyətlərinə görə bizim ailə modelimiz bu gün dünyada ən saf, ən nümunəvi ocaqlardan biri kimi qəbul olunur.
15 May – Beynəlxalq Ailə Günü bu müqəddəs təməli bir daha uca tutmaq üçün gözəl bir vəsilə oldu. Bu əlamətdar gündə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə zamanın sınağına sinə gərmiş, yarım əsrdən çox eyni nəfəsi, eyni sevgini paylaşan bir ocağın qapısı döyüldü. Qubadlı rayonundan olan, ömür yolu hər bir gəncə örnək təşkil edən Babayevlər ailəsi ziyarət olundu.
Ailə başçısı Babayev Mehbalı Saybalı oğlu 1942-ci ildə, onun ömür-gün yoldaşı Babayeva Şərqiyyə Zeynal qızı isə 1948-ci ildə Qubadlı şəhərində dünyaya göz açmışlar. Mehbalı müəllim uzun illər gənc nəslin yetişməsində böyük əmək sərf edən ingilis dili müəllimi olmaqla yanaşı, həm də Azərbaycan mədəniyyətinin ən mühüm və köklü sahələrindən biri olan tar ifaçılığı üzrə Qubadlı şəhər Musiqi məktəbində dərs keçmiş, ruhumuzu bəsləyən melodiyaları nəsillərə ötürmüşdür.
Düz 58 ildir ki, çiyin-çiyinə addımlayan bu cütlüyün bu gün 5 övladı və 12 nəvəsi var. Onların ocağı həm bir mədəniyyət beşiyi, həm də əsl tərbiyə məktəbidir.
58 illik birgə ömrə sığışdırdıqları zəngin tarixi böyük həvəs və qürurla danışan “Uzunömürlü ailə”miz uğurlu ailə həyatının sirlərini bizimlə bölüşdü. Gənclərə öz dəyərli məsləhətlərini ünvanlayan ailə başçıları bildirdilər:
"Gözəl məhəbbətlə qurulan ailənin ömrü də uzun olar. Sevgi olmasa, yaşayış da olmaz. Cavanlar bizim kimi ailələrdən nümunə götürsünlər, dava etməsinlər, ailələrini dağıtmasınlar. Əsas odur ki, yeni ailə quran gənclər bir-birinə güzəştə getməyi bacarsınlar. Əgər bunu bacaracaqlarsa, həmin ailə də uzunömürlü olacaq".
Səmimiyyət, sevgi və hərarətlə dolu olan bu cür ziyalı bir ailə ilə görüşmək, onlarla həmsöhbət olub öyüd-nəsihətlərini dinləmək hər birimiz üçün ruhun mənəvi qidasına çevrildi.
Belə mehriban, sevgi və sayğı dolu bir ailənin isti ocağından, nurlu simalarından uzaqlaşmaq bizim üçün nə qədər çətin olsa da, bu görüşdən geriyə gələcəyə ötürüləcək böyük bir mənəvi irs qaldı.
Babayevlər ailəsinin timsalında bütün Azərbaycan ailələrini Beynəlxalq Ailə Günü münasibətilə təbrik edir, ocaqlarına bərəkət, sevgi və hüzur arzulayırıq. Qoy xalqımızın təməli olan ailələrimiz hər zaman belə sarsılmaz və örnək olsun!
#AiləmizənGüclüDəyərimiz






