Bilik Günü
“Heydər Əliyev ili çərçivəsində” Bilik Günü münasibəti ilə Qubadlı rayonunun bütün ümumtəhsil məktəblərində tədbirlər keçirildi. Tədbirlərdə RİH-nin məsul işçiləri, idarə müəssisə rəhbərləri, məktəblərin müəllim və şagird kollektivləri, valideynlər iştirak edirdilər.
Bu səpkidən olan tədbirlərdən biri də 15 sentyabr 2023-cü il tarixdə Qubadlı rayon Süleyman Rəhimov adına Mahruzlu kənd tam orta məktəbində təşkil olunmuşdur. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov,RİH-nin məsul işçiləri, məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak edirdilər. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə giriş sözü ilə çıxış edən Qubadlı rayon Süleyman Rəhimov adına Mahruzlu kənd tam orta məktəbinin direktoru Aynurə Hüseynova əvvəlcə qonaqları salamladı, yeni dərs ili münasibətilə bütün müəllimləri və şagirdləri təbrik etdi və qeyd etdi ki, ümumtəhsil məktəblərində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunur.
Tədbirdə RİH başçısı cənab Malik İsaqov“Bilik Günü” münasibətilə şagirdləri, müəllimləri və valideynləri, xüsusilə də bu il məktəbə ilk dəfə qədəm qoyan birinciləri təbrik etdi,onlara uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzuladı. Qubadlı Rih başçısı Malik İsaqov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini bildirdi. Bu gün də təhsil sahəsi cənab Prezident İlham Əliyevin böyük diqqət və qayğı ilə yanaşdığı sahələrdən biridir. Təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır.
Bildirildi ki, rayonda 32 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onlardan 18-i yeni tikilmiş, 18-iəsaslı təmir olunmuşdur.Bu il rayonumuzun H.Quliyev adına Çaytumas kənd məktəb-liseyi, Qubadlı Şəhər-4 saylı tam orta məktəbi, Q.Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbi, F.Mehdiyev adına Qaralar kənd tam orta məktəbi, İ.Qayıbov adına Saray kənd tam orta məktəbi, B.Məmmədov adına Fərcan kənd tam orta məktəbləri qəbul imtahanlarında 100% nəticə göstərmişlər. Belə ki, Çaytumas məktəb liseyində məktəbi bitirən 39 məzunun hamısı, Qubadlı Şəhər-4 saylı tam orta məktəbində ali məktəblərə sənəd verən 14 məzun, Q.Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbində sənəd verən 12 məzun, F.Mehdiyev adına Qaralar kənd tam orta məktəbində sənəd verən 23 məzun, İ.Qayıbov adına Saray kənd tam orta məktəbində 11 məzun, B.Məmmədov adına Fərcan kənd tam orta məktəbində isə sənəd verən 6 məzunun hamısı tələbə adını qazanmışdır.
Cari ildə 710 məzundan 582 nəfəri sənəd vermiş və onlardan 464 nəfəri ali məktəblərə qəbul olmuşlar. Qəbul imtahanlarında iştirak edən 62 nəfər məzun 500-600 arası, 16 nəfər məzun isə 600-700 arası bal toplamışdır. Bu il rayonumuz üzrə qəbul faizi 79.7% təşkil edir. Rayon üzrə ən yüksək nəticəni isə Əliyar Əliyev adına Qəzyan kənd tam orta məktəbin məzunu Süleymanov Fəhmin Azər oğlu göstərmiş, 665 bal toplayaraq uğur əldə etmişdir.
Butün bunlar cənab Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.
Sonda məktəbin şagirdləri tərəfindən şeirlər səsləndirildi, mahnılar ifa olundu və rəqs nömrələri nümayiş olundu.
“İlk zəng”in səslənməsi ilə yeni dərs ili başlandı.