“Dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirildi
Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında “Dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak edirdilər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri giriş sözü ilə açan Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva Azərbaycan dilinin keçdiyi tarixi inkişaf prosesinə nəzər salaraq, onun zənginliyindən danışdı.
Həmçinin Ümummilli Lider Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı sahəsində misilsiz tarixi xidmətlərini, Prezident cənab İlham Əliyevin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın mühüm əhəmiyyətini diqqətə çatdırdı. Dilimizin özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsinin hazırda aktual məsələlərdən olduğunu bildirən Xoşqədəm Alıyeva bu istiqamətdə görülən işlər, həyata keçirilən tədbirlər haqqında məlumat verdi.
O, Ulu Öndər Heydər Əliyevin dövlət dilimizin inkişafı istiqamətindəki xidmətlərindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan ardıcıl dövlət siyasətindən bəhs etdi. Qeyd olundu ki, rəsmi kargüzarlıqda, sənədləşmələrdə ədəbi dilin normalarına ciddi əməl olunması vacibdir.
Daha sonra mövzu ilə bağlı geniş məruzə edən "Tərəqqi" medallı, Əməkdar müəllim Ədalət Əsədov dövlət idarəçiliyində dilin funksionallığı və üslub xüsusiyyətlərindən danışdı.
O, rəsmi sənədlərin tərtibi zamanı tez-tez rast gəlinən orfoqrafik, leksik və qrammatik xətaları nümunələrlə izah edərək, ana dilimizin saflığının qorunmasının həm də bir vətəndaşlıq borcu olduğunu qeyd etdi.
Tədbirdə çıxış edənlər yerlərdə vətəndaşların müraciətlərinə baxılması, rəsmi məktublaşmalar və kargüzarlıq işlərinin aparılması zamanı Azərbaycan ədəbi dilinin normalarına riayət olunması sahəsində qarşıya çıxan məsələlərdən danışdılar.
Qeyd olundu ki, bu cür maarifləndirici tədbirlər yerlərdə çalışan əməkdaşların peşəkarlığının və dil mədəniyyətinin yüksəldilməsində mühüm rol oynayır. Çıxışlarda rəqəmsal idarəçilik sistemində və elektron sənəd dövriyyəsində Azərbaycan şriftlərindən düzgün istifadə edilməsinin, terminologiya prinsiplərinə dəqiq əməl olunmasının əhəmiyyəti vurğulandı. Bildirildi ki, rəsmi yazışmalarda dilin aydınlığı və lakonikliyi vətəndaş-məmur münasibətlərinin daha şəffaf və anlaşıqlı qurulmasına xidmət edir.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırıldı, rəsmi sənədləşmədə dil qaydalarının pozulması hallarının qarşısının alınması üçün mütəmadi olaraq bu xarakterli maarifləndirmə işlərinin davam etdirilməsinin zəruriliyi vurğulandı.






