“EKOLOGİYA VƏ SAĞLAM HƏYAT” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLDİ.
Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Qubadlı rayonunda keçirilən tədbirlər davam edir. 26 iyul 2024-cü il tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri, 28 may Mədəniyyət evində “Ekologiya və Sağlam həyat” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə Qubadlı RİH-in məsul işçiləri, Sumqayıt şəhər 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı, RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndəliklərininişçiləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, müəllimlər iştirak edirdilər.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva qeyd etdi ki, Ekologiya və ətraf mühitin problemləri bütün dünyanı əhatə edir və qlobal xarakter daşıyır. Bütün ölkələrin olduğu kimi, Azərbaycanın da prioritet məsələlərindən biri ətraf mühiti qorumaq və onun məhvinin qarşısını almaqdır.
Azərbaycan dövləti ətraf mühitin qorunması, məhvinin qarşısının alınması istiqamətində bir çox işlər görüb, qlobal ekoloji problemlərin həllində fəal iştirak etmək üçün beynəlxalq konvensiyalara qoşulub.
Belə ki, Azərbaycan 1993-cü ildə “YUNESKO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiya”, 1998-ci ildə “ Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvenisya”, 1999-cu ildə “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”, 2004-cü ildə “BMT-nin Avropa İqtisadi Komissiyasının Sənaye qəzalarının trassərhəd təsiri haqqında Konvensiya” kimi bir çox belə beynəlxalq ekoloji konvensiyalara qoşulub.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə 2010-cu ilin “Ekologiya İli”,2024-cü ilin isə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.
Ulu Öndər Heydər Əliyevin ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, görülən işlər ekologiya və ətraf mühitin mühafizəsi sahəsində yeni uğurların əldə olunmasına təkan vermişdir. Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr verib.
Daha sonra Sumqayıt şəhər 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Əməkdaşı Rövşən Nəcəfquliyev təbiətin mühafizəsindən, təbiəti korlayan tullantılardan və qarşısının necə alınmasından, gələcəkdə qarşıya qoyulmuş məqsədlər barədə məruzə ilə çıxış edərəkvurğuladı ki, yaşadığımız mühiti qorumaq, ətraf mühitin qayğısına qalmaq hər kəsin borcudur. Ekologiyanın və ətraf mühitin mühafizəsi məsələsi daim ölkəmizin diqqət mərkəzində olmuş, yaranan problemlər hər birimizi narahat etmişdir. Çünki bizim sağlamlığımız bir növ ekologiyamızın vəziyyətindən asılıdır.
Qeyd olundu ki, ətraf mühitin mühafizəsi və ekologiyanın qorunması üçün bütün dünya dövlətləri səfərbər olub və demək olar ki, bütün ölkələrdə BMT-nin Dayanıqlı İnkişaf Konsepsiyasına uyğun olaraq, ətraf mühitin qorunması ilə bağlı xüsusi dövlət proqramları icra edilir. Azərbaycan da bu mənada istisna deyil, dövlət siyasətinin əsas prioritet sahələrindən biri də yaşıllıq ərazilərin çoxaldılması, ekoloji cəhətdən çirklənmiş torpaqların bərpa edilərək yenidən istifadəyə qaytarılması, qoruqların mühafizə sisteminin yaxşılaşdırılması, flora və faunanın təkmilləşdirilməsidir. Mövcud problemlə bağlı bizi ən çox narahat edən məsələ isə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ekoloji vəziyyətdir. Otuz ilə yaxın müddətdə Ermənistan tərəfindən nəzarətdə saxlanılan həmin ərazilərdə hərbi cinayətlərlə yanaşı, ekoloji fəlakətlər də törədilib, meşə massivi, demək olar ki, tamamilə məhv edilib, faydalı qazıntılar istismar olunub, relyefə ciddi ziyan vurulub. Hazırda həmin ərazilərdə yenidən meşə massivinin yaradılması və ətraf mühitin əvvəlki vəziyyətə qaytarılması üçün ciddi tədbirlər həyata keçirilməkdədir”.
Bildirildi ki, Ermənistan, həmçinin, su hövzələrini çirkləndirib, su hövzələrinə çirkli maddələr və tullantılar axıdırlar. Bütün bunlara baxmayaraq, biz ətraf mühitin mühafizəsi ilə bağlı vətəndaşlar arasında maarifləndirmə işini gücləndirməyə çalışmalıyıq. Biz vətəndaşları ümumi istifadə üçün nəzərdə tutulmuş ağacların suvarılmasında aktiv fəaliyyətə və müxtəlif bitkilərin qorunmasına dəstək olmağa çağırırıq. Həmçinin qeyd etmək yerinə düşər ki, dünyada, eləcə də Azərbaycanda içməli su problemi hər zaman var. Şükürlər olsun ki, torpaqların işğaldan azad edilməsi ilə bu problem müəyyən qədər həllini tapıb.
Ümumilikdə, biz vətəndaş olaraq sudan qənaətlə istifadə etməyə çalışmalıyıq, çünki hər il vəziyyət daha da çətinləşir, içməli su problemi artır. Ona görə də sudan təkrar istifadəyə və daha az itkiyə nail olmaq lazımdır. Bu mənada, vətəndaşları təşviq etmək və maarifləndirmək vacibdir. İstənilən halda, ölkədə ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlər ürəkaçandır .
Özümüzün və gələcək nəsillərin sağlam mühitdə yaşaması üçün hər birimiz bu işdə öz məsuliyyətimizi dərk etməli və bu məsələnin ciddiyyətini dərindən anlamalıyıq.
Həmçinin qeyd olundu ki, cari ilin noyabrında ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransında Azərbaycan iqlim dəyişikliklərinə verdiyi töhfələrini əyani şəkildə dünya ictimaiyyətinə çatdıracaq və bütün dünyanı bu qlobal çağırışa həmrəylik göstərilməsində birləşdirəcəkdir.
Sonda Mədəniyyət evlərinin bədii-qiraət dərnəyinin üzvləri təbiətin tərənnümünə həsr olunmuş şeirlər söylədilər.