Əməkdar müəllim Çingiz Salmanov və Tərəqqi medallı Yeganə İmanovanın 70 illik yubileyi münasibətilə tədbir keçirildi.
Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, 14 may 2026-cı il tarixdə, rayon İcra Hakimiyyətinin inzibati binasında rayonumuzun ictimai-siyasi və mədəni həyatında dərin iz qoyan, ömrünü xalqın maariflənməsinə həsr etmiş iki böyük ziyalımızın — Əməkdar müəllim, yazıçı Çingiz Salmanovun və "Tərəqqi" medallı müəllim Yeganə İmanovanın 70 illik yubileyləri münasibətilə tədbir keçirildi.
Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, RİH-in məsul işçiləri, RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri, Məktəb direktorları, müəllimlər və rayonun tanınmış ziyalıları iştirak edirdilər.
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov müəllimlik peşəsinin şərəfindən, yubilyarların uzun illər boyu göstərdiyi fədakar fəaliyyətdən danışdı. Cənab başçı xüsusi bir məqama toxunaraq bildirdi ki, Qubadlının hər bir dəyərli ziyalısının unudulmaması üçün davamlı işlər aparılmalı, onlar haqqında xüsusilə sosial mediada geniş işıqlandırılmalı və gənc nəslə tanıdılmalıdır.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov yubilyarları təbrik edərək, onlara İcra Hakimiyyətinin Fəxri Fərmanlarını və qiymətli hədiyyələrini təqdim etdi.
Digər çıxış edənlər də yubilyarları ürəkdən təbrik edərək, Qubadlı məktəblərinin bu gün respublika səviyyəsində qazandığı yüksək nəticələrdən qürurla söz açdılar. Natiqlər vurğuladılar ki, Qubadlı təhsilinin bu uğurlu fəaliyyətinin arxasında cənab Malik İsaqovun müəllimlərə olan daimi diqqəti,
qayğısı və təhsilimizə verdiyi böyük dəstək dayanır.
Çıxışçılar bu diqqətə görə rayon rəhbərinə dərin minnətdarlıqlarını ifadə etdilər.
Hər bir millətin gələcəyi onun müəlliminin çiyinləri üzərində yüksəlir. Çingiz müəllim və Yeganə müəllim öz 70 illik ömür yolları ilə bu şərəfli missiyanı layiqincə yerinə yetiriblər.
Yubilyarlarımızı bir daha təbrik edir, onlara can sağlığı və yeni uğurlar arzulayırıq!






