Həkim , Xeyriyyəçi, Şair mərhum Seyid Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olundu.
Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, 18 fevral 2026-cü il tarixdə, Sumqayıt şəhər 28 May Mədəniyyət evində, Həkim , Xeyriyyəçi, Şair mərhum Seyid Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Millət vəkilləri Tahir Mirkişili, Ceyhun Məmmədov, Hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, RİHB-nın İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, İdarə, müəssisə və təşkilat rəhbərləri, Həkimlər, Yazıçılar, Şairlər, Mir Məhəmməd Mir Sədi oğlunun yaxınları və İctimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları ilk öncə mərhum Mir Məhəmməd Mir Sədi oğlunun və Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov tədbirdə çıxış edərək qeyd etdi ki, İstedadlı həkim, xeyriyyəçi, şair və mənəvi kamilliyi ilə tanınan mərhum Övliya Seyid Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi ilə əlaqədar onu ehtiramla yad etmək, həyat yoluna nəzər salmaq böyük bir mənəvi borcdur. O, ömrünü insanlara şəfa verməyə, sözlə könüllərə işıq salmağa və xeyirxah əməllərlə yadda qalmağa həsr etmiş nadir şəxsiyyətlərdən biri kimi xatırlanır.
Həkim kimi fəaliyyəti onun həyatının ən parlaq səhifələrindən biri olmuşdur. O, tibb sahəsini yalnız peşə kimi deyil, bir xidmət, bir ibadət kimi qəbul edirdi. Onun üçün xəstə yalnız müalicə olunmalı bir insan deyil, qayğıya və ümidə ehtiyacı olan bir can idi. Şəfqəti, səbrli yanaşması və yüksək peşəkarlığı sayəsində yüzlərlə insanın həyatında silinməz iz qoymuş, saysız ailələrə sevinc bəxş etmişdir. İnsanlar onu yalnız həkim kimi deyil, həm də dərd ortağı, məsləhətçi və mənəvi dayaq kimi xatırlayırlar.
Tədbirdə çıxış edən Mir Paşa ağanın oğlu Mir İkram ağa, Millət vəkili Tahir Mirkişili, Təbibin təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Rusiyada iş adamı, diplomat, yazışı, tərcüməçi, Rusiyada 2025-ci ilin ən yaxşı müəllif diplomuna layiq görülmüş Zahid Şahsuvarov, Mir Məhəmməd ağa ilə birgə çalışmış Asif Kalbalıyev, dostu İbrahim həkim, həkim İsmayıl Quliyev, Mir Məhəmməd ağanın oğlu Mir Sədi Mir Məhəmməd Mir Sədi oğlunun həyatından, xidimətlərindən söz açaraq öz xatirələrini bölüşdülər.
Tədbirdə qiraətçilərin, tanınmış musiqiçilərin ifasında şeirlər, muğam parçaları səsləndirildi.
Mir Sədi ağanın sevimli oğlu Mir Məhəmməd Ağa 1946-cı il fevral ayının 18-də Qubadlı rayonunun Mirlər kəndində, Şıx Mir Sədi ağa ocağında dünyaya göz açmışdı. Balaca Miri körpə ikən anasını itirmiş, iki yaşında isə atasını üçüncü dəfə həbs etmişlər. Mir Məhəmməd Ağanı Çərəli kəndindəki yaxın qohumları Şahsuvar baba və Züleyxa nənə müvəqqəti himayəyə götürüb, əzizləyib saxlamışlar. Mir Sədi Ağa həbsdən qayıdandan sonra sevimli oğlunu evinə gətirmiş və onun tərbiyəsi ilə özü məşğul olmuşdur. O vaxt balaca Mirinin səkkiz yaşı var idi. Mir Məhəmməd ağa 1962-ci ildə Dondarlı kənd orta məktəbini bitirmiş, elə həmin ildə Azərbaycan Tibb Institutuna qəbul olmuşdur. 1968-ci ildə institutun müalicə-profilaktika fakultəsini bitirmişdir. Bir müddət Çardaxlı və Xocahan kəndlərindəki tibb müəssisələrinə başçılıq etdikdən sonra Qubadlı rayon Mərkəzi xəstəxanasında həkim kimi fəaliyyətini davam etdirmişdir. Mir Məhəmməd ağa gözəl həkim, kəramətli seyid kimi hamının hörmətini qazanmışdır. Həmişə onun amalı xalqına xidmət etmək, xeyirxah işlər görmək və qurub yaratmaq olmuşdur. Mir Məhəmməd ağa da atası Mir Sədi Ağa kimi həmişə elinə-obasına sadiq qalmış, onların bütün problemlərinin həllində yaxından iştirak etmişdir.
1982- il may ayının 15-i minlərlə insanlar faciəvi bir günün şahidi oldular. Xeyirxah insan, gözəl ailə başçısı, sədaqətli dost və mehriban ata olan Mir Məhəmməd ağa Mir Sədi ağa oğlu çox gənc yaşında avtomobil qəzasına düşərək faciəli şəkildə dünyasını dəyişdi. Qubadlının bütün kəndlərindən, rayondan uzun maşın karvanlarıyla,yağışlı havada insanlar Mirlər kəndinə üz tutdular. Ən dəhşətli hadisə isə dəfn günü idi. Həmin gün sanki yerlə-göy təlatümə gəlmişdi. Sel-su aləmi götürmüşdü. Dəfn vaxtı səmada birdən-birə böyük quş dəstəsi qəbrə şığıyaraq tük ürpədici səslərlə sanki ah-nalə edirmişlər. Mirlər Kəndinin hündür yerindən, bu möcüzəli mənzərəni izliyənlər dəhşətə gəlirlər. O dövr üçün bu cür hadisələr qeyri adi görünsə də bu gün hər şey aydındır. Artıq bizim şüurumuzda oyanış olmuşdur. Təksibolunmaz faktdır ki, dünya təkcə gözlə görünən maddi aləmdən deyil, həmçinin gözlə görünməyən amma varlığı daim hiss olunan aləmin vəhdətindən ibarətdir.
İlahi bir varlığın bizə nəzəri isə şəksizdir.
Bu cür hadisələr Ulu Tanrının varlığını təstiqləyən faktlardı. Mir Məhəmməd ağa cəmi otuz altı il yaşadı. Mir Məhəmməd Ağanın bir-birindən gözəl, ağıllı səkkiz övladı yadigar qaldı.
Övliya Seyid Mir Məhəmməd Mir Sədi oğlu həm də yüksək əxlaqı, təvazökarlığı və insanlara olan hörməti ilə seçilirdi. Onunla ünsiyyətdə olan hər kəs səmimiyyətini, müdrikliyini və daxili nurunu hiss edərdi. O, nəsillərə örnək ola biləcək bir həyat yolu keçmiş, həm peşəsi, həm də şəxsiyyəti ilə cəmiyyətə dəyər qatmışdır.
Bu gün onun 80 illik yubileyini yad edərkən, əslində bir ömrün xatirəsini deyil, bir məktəbi, bir mənəvi irsi xatırlayırıq. Onun həyatı insanlara xidmətin, yaxşılığın və mənəvi zənginliyin ən gözəl nümunələrindən biri kimi yadda qalır. Belə şəxsiyyətlər fiziki olaraq aramızda olmasalar da, əməlləri və xatirələri ilə daim yaşayırlar.
Ruhu şad, xatirəsi əziz və unudulmaz olsun. Onun ömür yolu gələcək nəsillərə daim xeyirxahlıq, mərhəmət və insan sevgisi aşılayan bir nur kimi qalacaq.
Allah rəhmət eləsin, ruhu şad olsun !






