Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan hüquqları, məişət zorakılığı və erkən nikah hallarının qarşısının alınması, insan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi

20 noyabr 2025 | 12:15

Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında 19 noyabr 2025-ci il tarixdə, “İnsan hüquqları, məişət zorakılığı, erkən nikah hallarının qarşısının alınması, insan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici dəyirmi masa keçirildi

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini, Məişət Zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun rəhbəri Xoşqədəm Alıyeva, RİH-nin məsul işçiləri, Uşaq Hüquqlarının müdafiəsi üzrə komissiya və RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak etdilər.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirin məqsədi ölkəmizdə insan hüquqları, məişət zorakılığı, erkən nikah hallarının qarşısının alınması, insan alverinə qarşı mübarizə, bu kimi zorakılıqların səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində cəmiyyəti maarifləndirməkdir.

Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva çıxış edərək məişət zorakılığından, erkən nikahın səbəblərindən, onun yaratdığı fəsadlardan, cəmiyyətin bu mövzularda maarifləndirilməsindən ətraflı danışdı. Bildirdi ki, azyaşlıları erkən nikaha cəlb edən hər kəs, o cümlədən, valideynlər qanunla müvafiq olunmuş qaydada məsuliyyətə cəlb edilməli, yeniyetmə və gənclərimiz təhsil almalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüyərək cəmiyyətdə sağlam fərdə çevrilməlidirlər. Məişət zorakılığının və bu kimi digər halların qarşısının alınması insanların təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir.

Qubadlı Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Azər Qarayev çıxış edərək gənclərin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri, ailədaxili ünsiyyətin və münasibətin əhəmiyyəti, ailədaxili münasibətlərin tənzimlənməsi, zorakılığın növləri, məişət zorakılığından qorunma yolları barədə məruzə ilə ətraflı çıxış etdi. Bildirdi ki, hər bir zorakılıq əməli, o cümlədən, məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Məişət zorakılığı ailədə böyüyən, boya başa çatan uşaqların tərbiyəsinə, psixologiyasına, sağlam düşüncə tərzinin formalaşmasına mənfi təsir göstərir. Bir sözlə insan hüquqlarının pozulması kimi problemin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir.

Digər çıxış edənlər qeyd etdilər ki, ictimai fəal insanlar, ümumilikdə bütün cəmiyyət üzvləri bu cür problemlərlə mübarizədə fəal olmalı, bu halların qarşısının alınmasında yaxından iştirak edərək öz dəstəklərini göstərməklə yanaşı dövlət orqanları ilə birlikdə fəal şəkildə iştirak edərək bu sahədə ictimai nəzarətin formalaşdırılmasına öz töhfələrini verməlidirlər.

Dəyirmi masa ətrafında mövzular barədə ətraflı müzakirələr aparıldı.

 

Keçidlər