Şriftin ölçüsü :

Saytın rəngi :

Milli mətbuatın yaranmasının 150 illik yibileyi münasibətilə tədbir keçirildi

22 iyul 2025 | 09:39

22 iyul 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında 22 iyul - Milli mətbuatın yaranmasının 150 illik yibileyimünasibətilə tədbir keçirildi.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haxverdiyev, Xoşqədəm Alıyeva, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri,Qubadlı rayon “Bərgüşad” ictimai-siyasiqəzetinin baş redaktoru, Sözün Sehri ədəbi-bədii, ictimai qəzetinin təsisçisi, Prezident təqaüdçüsü, H.B.Zərdabi mükafatçısı, AJB-nin Şərqi Zəngəzur Regional təşkilatının sədri Qafqaz Əvəzoğlu, Sözün Sehri ədəbi-bədii, ictimai qəzetininredaktoru Xan Rəsuloğlu, mətbuat işçiləri, yazarlar, şairlər, jurnalistlər və ictimaiyət nümayəndələriiştirak edirdilər.

 Əvvəlcə tədbir iştirakçıları Rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

22 iyul- Milli Mətbuat Gününə həsr olunmuş videoçarx nümayiş olundu.

Tədbiri giriş sözü ilə açan Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyevtədbir iştirakçılarını Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun adından Milli Mətbuatın yaranmasının 150 illik yubileyi münasibətilə təbrik etdi.

Qeyd etdi ki, XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı. Məhz buna görə də 150 il əvvəl -1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir.“Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamışlar.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva çıxış edərəkqeyd etdi ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması ilə bağlı 25 aprel 2025-ci il tarixində müvafiq Sərəncamın imzalanması ölkəmizdə Azərbaycan mediasınaverilən yüksək dəyərin və jurnalistika sahəsində çalışanlara göstərilən hörmətin açıq təzahürüdür.

Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət–media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur.

Qeyd olundu ki, bu gün yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüf deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnal nəşr olunur,internet qəzetçilik inkişaf edir.Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martında imzaladığı Sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi idi.Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. “Media haqqında” yeni qanun layihəsi hazırlanıb. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA agentliyinin yaradılması ölkəmizdə media sahəsində islahatların daha sürətlə aparılmasına və dərinləşdirilməsinə imkan verəcək.

YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov bildirdi ki,Ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilmişdir. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır.

Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir. Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin etmişdir.

Sözün Sehri ədəbi-bədii, ictimai qəzetinin redaktoru Xan Rəsuloğlu məruzə ilə çıxış edərək bildirdi ki,Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri görkəmli ziyalı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olublar. Milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci illərdə KİV-lər Azərbaycan cəmiyyətinin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol oynayıblar.

O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.

Digər çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Həsənov, Qadınlar şurasının sədri Nuriyyə Hüseynova, təqaüddə olan əməkdar müəllimlər Çingiz Salmanov, Ədalət Əsədov, ziyalı Mahir Sarıyev və şair-publisist Vahid Əlirzayev, yazıçı-publisist EldarXanlaroğlu çıxış edərək qeyd etdilər ki,Azərbaycan milli mətbuatının 150 illik tarixi sadəcə bir peşə sahəsinin inkişaf salnaməsi deyil, həm də xalqımızın maariflənmə, milli özünüdərk və dövlət quruculuğu yolunda keçdiyi böyük tarixi yolun göstəricisidir. 1875-ci ildə “Əkinçi” ilə başlanan bu yol, bu gün müstəqil, güclü Azərbaycanın informasiya mühitində uğurla davam etdirilir.

Bu gün Azərbaycanın milli mətbuatı 150 illik yubileyini dövlət və xalqın birgə bayramına çevirməklə həm tarixi mirasına sahib çıxır, həm də gələcək nəsillərə örnək olacaq bir jurnalistika mədəniyyətini yaşadır. Qarşıda duran vəzifə isə bu ənənəni qorumaq, inkişaf etdirmək və müasir dünyanın çağırışlarına uyğun şəkildə daha da gücləndirməkdir.

Sonda Qubadlı rayon “Bərgüşad” ictimai-siyasi qəzetinin baş redaktoru, Sözün Sehri ədəbi-bədii, ictimai qəzetinin təsisçisi, Prezident təqaüdçüsü, H.B.Zərdabi mükafatçısı, S.Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin təsisçisi və sədri, AJB-nin Şərqi Zəngəzur Regional təşkilatının sədri Qafqaz Əvəzoğlu Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlınskinin təbrikini tədbir iştirakçılarına çatdırdı.

Redaktoru olduğu, “Bərgüşad” ictimai-siyasi qəzetinin yarandığı gündən dövlətə və dövlətçiliyə sadiq olduğunu və bu xidmətlərin gələcəkdə də davam edəcəyini bildirdi.

Mətbuat və Media nümayəndələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.

 

Keçidlər