Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirildi
24.06.2023-cü il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin təşilatçılığı ilə YAP Qubadlı rayon təşkilatının binasında Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirildi. TədbirdəNarkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Qubadlı rayon Komissiyasının sədri,Qubadlı rayon İcra Hakimiyyəti başçısının müaviniAllahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, idarə, müəssisə və təşkilat rəhbərləri, İcra Hakimiyyətinin məsul işçiləri, icra nümayəndələri və müavinləri, məktəb direktorları iştirak edirdilər.
Əvvəlcə “Narkomaniyaya yox deyək” mövzusunda videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Qubadlı rayon Komissiyasının sədri, Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi HaxverdiyevBMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və Narkotiklərin Qeyri-qanuni Dövriyyəsinə Qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunduğunu, 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin Konvensiyasına qoşulduğunu vurğuladı.
Qeyd olundu ki, Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisədir. Onun vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və praktiki olaraq, heç bir ölçüyə sığmır. Bu, narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyası, müxtəlif cinayətlər törədilməsinə təkan, cəmiyyətin maddi texniki və intellektual potensialının aşağı düşməsi, genefondun pisləşməsi və bir çox digər hallardır. Cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi eyni zamanda terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir.
Çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmovbildirdi ki, ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapmaqla, sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir.
Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə, problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması əsas vəzifələrdən birinə çevrilmişdir. Bu sahədə ölkəmizdə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə sayca dördüncü olan “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir.
Çıxış edən rayon Mərkəzi Xəstəxanasının həkimi Vaqif İsmayılov qeyd etdi ki, Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə profilaktik tədbirlər görmək lazımdır. Çünki sağlamlıq insanın yalnız xəstə olmaması deyil, eyni zamanda onun fiziki, psixi və sosial rifahıdır. İnsan üçün dünyada ən əziz varlıq həyatdır, həyatda ən vacib amil isə sağlamlıqdır. Sağlamlıq dedikdə yalnız fiziki sağlamlıq deyil, həmçinin psixoloji sağlamlıq nəzərdə tutulur. Bunun üçün valideyn və övlad arasında düzgün münasibətlərin qurulması, düzgün qidalanma, iş və asudə vaxtın səmərəli təşkili, idmanla məşğul olmaq və şəxsi gigiyenaya fikir verilməsi kimi əsas məqamlara xüsusi diqqət yetirmək gərəkdir. Narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir.
Sonra çıxış edən rayon Polis idarəsinin əməkdaşı Kənan Ağayev bildirdi ki, əksər vaxtlarda narkotik alverçiləri, məhz məktəbliləri hədəf olaraq seçirlər. Çünki hələ gözləri həyata təzəcə açılan, yaxşı ilə pisi bir-birindən hələ ayırd edə bilməyən yeniyetmə və gənclər, narkotik alverçilərinin toruna asanlıqla düşə bilirlər. Çox təəssüf ki, son vaxtlar məktəblilər arasında narkomaniyaya olan marağın artması narkotik alverçilərinin məktəb həyətlərinə “yol açmaları”na səbəb olur. Məktəb-valideyn əlaqələrinin olmaması, yenicə həyata atılan uşaq və yeniyetmələri kompassız gəmi kimi həyatın burulğanına aparır. Elə bir burulğana ki, oradan qayıdış möcüzəyə bağlıdır, yaxud çox vaxt heç mümkün də deyil.
Çıxış edən rayon Rayon Gənclər və İdman idarəsinin rəisi Natiq Abbasov qeyd etdi ki, Rayon Gənclər və İdman idarəsi mütəmadi olaraq rayon ümumtəhsil məktəbləri ilə birlikdə gənclərin iştirakı ilə “Narkomaniyaya yox deyək” devizi altında tədbirlər keçirir. Tədbirlərdə gənclərlə bu mövzuda maarifləndirmə işləri aparılır, videoçarxlar nümayiş olunur, bukletlər paylanılır.
Bu bəladan qurtulmağın müxtəlif yolları vardır. Ancaq məqsəd bu xəstəliyə, bu bəlaya, “ağ ölümə” yoluxmadan qarşısını almaqdır. Burada cəmiyyət olaraq hər kəsin sosial vəzifəsi vardır. Gənclərimizi, uşaqlarımızı, bu bəladan uzaq tutmaq, onlarla söhbətlər aparmaq, “ağ ölüm”ün fəsadlarından danışmaq və bu qəbildən müəyyən tədbirlər görmək lazımdır. Əksər mütəxəssislər düşünürlər ki, uşaqlarımızı sərbəst buraxmaqla yanaşı, həm də onların asudə vaxtlarının fəaliyyəti istiqamətində müəyyən fakultativ məsləhətlər vermək daha məqsədəmüvafiqdir. Gənclərimiz narkomanlığın necə bir bəla olduğunu dərk edərsə, əlbəttə, bu bəladan uzaq durar və ətrafını da “ağ ölüm”dən qorumağa çalışar.