Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı Rayon İcra Hakimiyyətində 23 iyun – Dövlət Qulluqçularının Peşə bayramı qeyd olundu

23 iyun 2026 | 16:39

 23 iyun 2026-cı il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında Dövlət Qulluqçularının Peşə bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haxverdiyev, Xoşqədəm Alıyeva, İcra Hakimiyyəti aparatının əməkdaşları və inzibati ərazi dairələri üzrə nümayəndəliklərin dövlət qulluqçuları iştirak edirdilər.

  Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev peşə bayramı münasibətilə bütün dövlət qulluqçularını təbrik etdi, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzuladı. O, dövlət qulluqçularının cəmiyyətin və dövlətin inkişafındakı rolunu xüsusi vurğuladı.

  Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva öz çıxışında tarixi xronologiyaya toxunaraq bildirdi ki, Prezident cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə 23 iyun tarixi Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü elan olunub. Xoşqədəm Alıyeva vurğuladı ki, müasir dövrdə dövlət qulluğu dövlət siyasətinin həyata keçirilməsində, hüquqi dövlət və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində əsas mexanizmdir. Qeyd olundu ki, ölkəmizdə həyata keçirilən uğurlu islahatlar dövlət idarəetmə sisteminin daha səmərəli və çevik olmasına şərait yaradır.

  Daha sonra Rayon İcra Hakimiyyəti aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Azər Qarayev  məruzə ilə öz çıxışında dövlət qulluğu sisteminin hüquqi əsasları, bu sahədə aparılan genişmiqyaslı islahatlar və dövlət qulluqçularının etik davranış qaydalarının əhəmiyyəti barədə ətraflı məlumat verdi. O, dövlət qulluqçularının vətəndaşlara xidmət fəlsəfəsini rəhbər tutaraq, peşəkarlıqla fəaliyyət göstərmələrinin vacibliyini qeyd etdi.

  Tədbirdə digər çıxış edənlər dövlət qulluqçusu adını şərəflə daşımağın məsuliyyətindən və dövlətçiliyimizin inkişafına verdikləri töhfələrdən bəhs etdilər.

  Tədbirin sonunda Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə, işlərində fərqlənən bir qrup dövlət qulluqçusuna peşə bayramı münasibətilə Fəxri Fərmanlar təqdim edildi.

  Sonda bir daha bütün dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edir, onlara can sağlığı və gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

Keçidlər