Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən Novruz Bayramı təntənəli şəkildə qeyd edildi !
18 mart 2024 | 12:32
18 mart 2024-cü il tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər 28 May Mədəniyyət evinin qarşısında xalqımızın milli-mənəvi dəyərlərini təcəssüm etdirən Novruz Bayramı münasibəti ilə tədbir keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Hüquq-mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-nin məsul işçiləri, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin rəhbərliyi, idarə, müəssisə, təşkilat rəhbərləri və kollektivləri, ümumtəhsil məktəblərinin kollektivləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin işçiləri, Şəhidlərimizin ailə üzvləri, yaxınları, ağsaqqallar, ziyalılar, Vətən müharibəsi iştirakçıları, qazilər, fəal gənclər, idmançılar və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbirdə öncə 28 may mədəniyyət evinin qarşısında Novruz Bayramı münasibətilə təşkil olunmuş əl işlərindən ibarət sərgi nümayiş olundu.
Bayram şənliyində bildirildi ki, Xalqımızın ən qədim və əziz bayramlarından biri olan Novruz yurdumuza qədəm qoyur. Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın yüksək zövqü və bədii təfəkkürü bu xalq bayramının el şənliklərində və rəngarəng əyləncələrində özünü aşkarlayır, onun mənəvi dünyasının təzahürünə, aynasına çevrilir. Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir.
Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində qeyd olunur. UluTanrıya, kainatınni zamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.
Novruz, adət-ənənələrimizi əsrlər boyu yaşadıb bugünlərə gətirdiyi kimi, bu gündə bizi birləşdirir, daha da həmrəyedir. Bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin müqəddəs borcudur. Xalqımız qədim türk məişətini, əxlaqını və bədii zövqünü özündə cəmləşdirən Novruz ayinlərini tarixən yaşadaraq bu günümüzədək gətirib çatdırıb. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin bizlərə qaytarıldığını diqqətə çatdıran rayon rəhbəri bu gün ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xalqımızın mənəvi dəyərlərinin yüksək səviyyədə qorunduğunu bir daha vurğulandı.
28 May Mədəniyyət evinin qarşısında Novruz tonqalı alovlandırıldı. Novruz tonqalını Azərbaycanın Milli Qəhrəmanı, Şəhid Şükür Həmidovun oğlu Nurlan Həmidov alovlandırdı.
Tədbir açıq havada geniş konsert proqramı ilə davam etdirildi. Həmçinin Bayram şənliyi Novruz atributları olan Bahar qız, Kosa və Keçəlin iştirakı ilə şən musiqi nömrələri ilə, rəqslərlə, Kəndirbazın çıxışı ilə davam etdirildi. Novruz Bayramına həsr olunmuş konsert proqramında respublikanın tanınmış müğənniləri və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyi tərəfindən mahnılar ifa olundu, müxtəlif rəqs nömrələri nümayiş etdirildi, şeirlər səsləndirildi.
Eyni zamanda tədbirdə rayondan olan idmançıların müxtəlif idman növləri üzrə nümunəvi çıxışları nümayiş olundu.