Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi
Əhalinin müraciətlərinin yerində öyrənilməsi, qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi məqsədilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 4 sentyabr 2026-cı il tarixdə Sumqayıt şəhəri 12-ci mikrorayonda məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində fəaliyyət göstərən Qubadlı rayonunun Əliquluuşağı kənd tam orta məktəbində keçirildi.
Səyyar qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, xidmət sahələrinin rəhbərləri və həmin ərazidə məskunlaşan sakinlərlə yanaşı, rayon təhsil işçiləri də iştirak ediblər.
Görüş zamanı sakinlər tərəfindən qaldırılan sosial-məişət xarakterli və digər məsələlərin bir qismi yerindəcə öz müsbət həllini tapıb, bəzi müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
Digər müraciət edənlər ölkəmizdə həyata keçirilən sosial siyasətdən, dövlət tərəfindən məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər. Sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq onların həlli istiqamətində zəruri tədbirlər müəyyənləşdirildi.
Tədbir iştirakçıları məcburi köçkün həyatı yaşadıqları dövrdə hər zaman onların problemlərinin həllində yaxından köməklik göstərən, həssas münasibəti ilə seçilən Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova dərin təşəkkürlərini çatdırdılar.
Səyyar görüşün sonunda Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qarşıdan gələn yeni tədris ilinin başlanması ilə əlaqədar məktəbin müəllim kollektivi ilə xüsusi görüş keçirib. Cənab başçı təhis işçilərini təbrik edərək onların qayğıları və problemləri ilə yaxından maraqlanıb, gənc nəslin yüksək səviyyədə təlim-tərbiyə alması, təhsilin keyfiyyətinin daha da artırılması istiqamətindəki tövsiyələrini verib. O, ölkə rəhbərliyi tərəfindən təhsil sahəsinə, xüsusilə də regionların və məcburi köçkün rayonlarının məktəblərinə göstərilən dövlət qayğısından danışaraq, bu diqqətin Qubadlı rayonunda da hər zaman prioritet olduğunu vurğulayıb.
Məktəb kollektivi göstərilən daimi diqqət və qayğıya görə minnətdarlıq edərək yeni dərs ilində də uğurla çalışacaqlarını bildiriblər.






